Müsavat Partiyası Tural Abbaslıya vəkil tutmağa pul tapmır?
22 avqust 2011 15:06 (UTC +04:00)

Müsavat Partiyası Tural Abbaslıya vəkil tutmağa pul tapmır?

0
Lent.az-ın məlumatına görə, Müsavat Partiyasının rəhbərliyi maliyyə problemlərinin olduğu iddiasıyla T. Abbaslını istintaq zamanı müdafiə edən vəkil Anar Qasımlı ilə müqavilə bağlamaqdan imtina edib. Lakin başqa bir məlumata görə, vəkillə müqavilə bağlanmamasının səbəbi onun hakimiyyətin ünvanına tənqidi fikirlər səsləndirməməsidir. Həmçinin, vəkil A. Qasımlının T. Abbaslı və Müsavat Partiyası ilə “pul söhbəti etdiyi” bildirilir.

Bununla bağlı Lent.az-a açıqlama verən Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib ki, A. Qasımlının “hakimiyyətin adamı” olması, hakimiyyəti tənqid etmədiyinə görə onunla müqavilə bağlanmamasına dair səslənən iddialar əsassızdır: “Bizim Anar Qasımlı ilə bağlı müəyyən problemlərimizin yarandığı doğrudur. Ancaq bu, hansısa siyasi motivli bir şey deyil. Sadəcə, bizim Anar Qasımlının vəkil təyin edilməsi üçün dövlətə ödəməli olduğumuz vəsaitlə bağlı problem yaranıb. Ona görə də müqavilə bağlanması ləngiyir”.

G. Aslanlı A. Qasımlının, ümumiyyətlə onunla və Müsavat Partiyasının digər nümayəndələri ilə pul söhbəti etmədiyini və bu barədə deyilənlərin şayiə olduğunu qeyd edib. O, Tural Abbaslının müdafiəsi ilə kimin məşğul olacağının onun anasının ixtiyarında olduğunu da vurğulayıb.

Tural Abbaslının anası Başxanım Abbasova isə Lent.az-a açıqlamasında bildirib ki, onlar artıq A. Qasımlı ilə müqavilə bağlayıblar: “Mən bu gün Anar Qasımlı ilə müqavilə bağladım. İstintaq prosesində olduğu kimi, məhkəmə prosesində də Turalın vəkilliyini o həyata keçirəcək. Anarla bizim aramızda heç vaxt pul söhbəti olmayıb. Anarın Turalla münasibəti dostluq səviyyəsindədir. Anar nəinki bizimlə pul söhbəti edib, hətta öz maşını ilə dəfələrlə təcridxanaya Turalın yanına gedib. Ola bilsin, Müsavat Partiyası ilə onların arasında nəsə yaşanıb, ancaq mən Anardan çox razıyam”.

Vəkil A. Qasımlı da Lent.az-a T. Abbaslı ilə müqavilə bağladığı təsdiqləyib. O deyib ki, kimin nə dediyini əhəmiyyət vermir: “Əsas odur ki, Tural təcridxana rəhbərliyi vasitəsilə mənimlə görüşdü və onu müdafiə eləməyimi istədiyini bildirdi. Mən artıq onun anası ilə bu gün müqavilə bağladım”.

Vəkil Müsavat Partiyası ilə arasında yaşanan maliyyə problemi ilə bağlı isə deyib ki, onun kiminləsə pul məsələsində narazılığının yaranması ilə bağlı deyilənlərə əhəmiyyət vermir: “Artıq müqavilə bağlanıb və dövlətə ödənməli olan rüsumu da mən özüm ödəmişəm. Maliyyə məsələləri kommersiya sirri olduğu üçün bununla bağlı heç nə deməyəcəm”.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 522

Oxşar yazılar