“Ermənistanın “ipi” başqalarının əlindədir”
15 avqust 2011 17:42 (UTC +04:00)

“Ermənistanın “ipi” başqalarının əlindədir”

0
“Ermənistan vassal dövlətdir, onun “ipi” başqalarının əlindədir. “İpi” hansı tərəfə çəkirlərsə, o, həmin tərəfə yönəlir. Yəni, Ermənistan hakimiyyətinə kənardakı hamiləri nə deyirsə, o da baş verəcək”.

Lent.az-ın Yeni Azərbaycan Partiyasının saytına istinadən xəbərinə görə, bunu partiyanın İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, Ermənistanın bərbad vəziyyəti onun psixologiyasına, mənəviyyatına da təsir edib. Millət vəkilinin fikrincə, Dağlıq Qarabağ probleminin həlli üçün işğalçı dövlətə onun hamilərinin güclü təzyiqi olmalıdır: “Erməni mətbuatında belə fikirlər səslənir ki, Ermənistan Rusiya prezidenti Dmitri Medvedevin təklifini qəbul etməsin. İndi sual olunur ki, ermənilərin Rusiyanın siyasəti qarşısında dayanmağa gücü varmı? Siz Rusiyanın irəli sürdüyü prinsiplərdən kənarda dura bilərsinizmi? Buna heç cəsarətiniz çatmaz. Ermənilər yalnız bu hay-küyü mətbuatda deyə bilərlər. Bütün bunlar onu göstərir ki, Ermənistanın yalnız iqtisadiyyatı yox, mənəviyyatı, psixologiyası, dünyaya baxışı bərbad vəziyyətdədir”.

Ermənistanın daxili vəziyyətinin danışıqlar prosesinə təsirinə gəlincə, M.Qurbanlı qeyd edib ki, Qarabağ məsələsi erməni siyasətinin barometri rolunu oynayır. Yəni bu ölkədə Qarabağ siyasəti ölüm-dirim məsələsi vəziyyətindədir. Onun fikrincə, bu, erməni psixologiyası ilə bağlıdır: “Ermənistanda Qarabağ məsələsi ilə bağlı kompromisdən danışanlar bəzi qüvvələr tərəfindən az qala erməni xalqının düşməni elan olunur. Ermənistan Azərbaycanın 17,2 min kvadrat kilometrini işğal edib. Bu ərazinin yalnız 4,5 min kvadrat kilometri keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxildir. Orada əhalinin sayı da çox olmayıb. İşğal olunmuş digər ərazilərdə isə erməni yaşayış məntəqələri olmayıb. O da məlumdur ki, Qarabağa ermənilər çar Rusiyasının siyasəti nəticəsində köçürülüb.

Danışıqlar prosesində Azərbaycanın mövqeyi belədir ki, işğal olunmuş 7 rayon azad olunduqdan sonra Dağlıq Qarabağın statusu məsələsinə baxıla bilər. Ermənilər isə bunu qəbul etmir. Bu, erməniliyin ən çirkin formasıdır. Bu insanlar sülhə gedən yolda belə müəyyən maneələr axtarmaqdadır. Ona görə də, erməni millətçiliyinin təbliğatı o səviyyədə aparılıb ki, hansısa məsələ müzakirə olunub ortaya çıxanda qarşı tərəfdən müqavimət, hay-küy, etirazlar görürük”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 798

Oxşar yazılar