Sərvəti talan edilən, kimliyi aşağılanan Güney Azərbaycan
01 avqust 2011 18:00 (UTC +04:00)

Sərvəti talan edilən, kimliyi aşağılanan Güney Azərbaycan

0
Güney Azərbaycan ərazisinin təbii sərvətlərlə zəngin olduğunu kimsə inkar edə bilməz. Ancaq təəssüflər olsun ki, həmin sərvətin xeyrini yerli əhalidən çox Tehran hakimiyyəti görür. Daha doğrusu, o, yürütdüyü ayrı-seçkilik siyasəti nəticəsində həmin sərvətlərin bərabər bölüşdürülməsi prinsipində bir qayda olaraq, Güney Azərbaycanı unudur.
Bu azmış kimi, Güneyin sərvətlərini talan edən hakimiyyət Azərbaycan türklərinin milli düşüncəsini aşağılayır, tarixini isə saxtalaşdırır.
Bütövlükdə vətənimizin zəngin yeraltı, yerüstü sərvətlərə malik olduğu dostlarımıza da, düşmənlərimizə də yaxşı bəllidir. Güneylə bağlı bir neçə xəbərə diqqətinizi çəkmək istərdik.
Şərqi Azərbaycan əyalətinin sənaye və təbii ehtiyatlar idarəsinin rəisi Müsafiri bildirib ki, Azərbaycanın mədən və iqtisadi ehtiyatları İranın neft ehtiyatlarına bərabərdir. O, əlavə edib ki, bu əyalətin mineralları bir sıra hallarda keyfiyyət baxımından dünyada taysızdır: “Bütün bunlar Şərqi Azərbaycanın böyük iqtisadi potensialının olduğunu göstərir. Sərmayə olacağı təqdirdə biz İranın iqtisadiyyatını tamam dəyişə bilərik”.
Müsafirinin sözlərinə görə, Şərqi Azərbaycan qızıl, gümüş, qurğuşun, dəmir, uran, daş kömür və s. əlvan metallar, minerallarla zəngindir: “Bu var-dövləti görən hər bir mütəxəssis heyrətini gizlədə bilmir”. O, Azərbaycanın məhsuldar, əkinçilik üçün yararlı torpaqlarından da danışaraq, bölənin torpaqlarını “qızıl” adlandırıb.
“İran News”-un məlumatına əsasən, Qərbi Azərbaycan əyaləti Zərşoran qızıl yatağı hasilatı layihəsinin icraçı direktoru Hüseynəli Kevanlu deyib ki, bu yataq, özəlliklə Tikab rayonu önəminə görə İranda qızıl istehsalı üzrə birinci mərkəz olacaq.

İcraçı direktorun sözlərinə görə, həmin rayonun “Ağdərə” adlı kombinatında ildə 1,5-2 ton qızıl istehsal edilir.

H.Kevanlu qeyd edib ki, Zərşoran yatağından 3 ton qızıl, 250 kq gümüş, 500 kq qurğuşun istehsalı planlaşdırılıb. Bu məqsədlə tikiləcək kombinat isə 2012-ci ilin dekabrında istismara verilməlidir.

Belə zəngin bir bölgədə isə hakimiyyət azərbaycanlılara məxsus şirkətləri qapadır. Bu ilin əvvəlində Güney Azərbaycanın Salmas şəhərində dörd istehsal müəssisəsinin bağlanması üzündən onlarca ailə çörəksiz qalıb.

İranın rəsmi informasiya mənbələrinin məlumatına əsasən, Arəş qənd və şirniyyat fabriki, “Məhsa” süd və süd məhsulları müəssisəsi, “Zola” süd zavodu, ət kombinatı qapadılıb, Qələndəri süd məmulatları fabriki, Qab-qaşıq zavodu bağlanmaq üzrədir. Bu iki müəssisənin fəhlələrinin bir hissəsi artıq işdən azad edilib.

Bu sərvətlərin yiyəsi olan Güney Azərbaycanın bölgələrində çeşidli iqtisadi-sosial layihələrin gerçəkləşdirilməsi üçün hakimiyyət iddia edir ki, sərmayə çatışmır.
Bir neçə gün öncə İran neft naziri vəzifəsini icra edən Məhəmməd Əliabadi Ərdəbildə səfərdə olarkən deyib ki, orada tikilən neft-kimya kombinatını istismara verməkdən ötrü güzəştli kreditin verilməsində problem var.

Bu kombinatın tikintisinə 2006-cı ildə başlanılıb. Sonradan onun inşası 5 illiyinə dayandırılıb.

Maraqlıdır, Ərdəbildə, Qərbi Azərbaycanda, Şərqi Azərbaycanda və Azərbaycanın başqa əyalətlərində çeşidli sahələrlə bağlı planları gerçəkləşdirməyə sərmayə tapmayan Tehran hakimiyyəti Tacikistanda iri layihələr həyata keçirir.

İslam Respublikasının bu ölkədəki səfiri Ələsgər Şeirdust Düşənbənin valisi Məhəmməsəid Ubaydullayevlə görüşündə bildirib ki, ölkəsinin dövlət və özəl sektoru Tacikistanda ucuz və bütün standartlara cavab verəcək yaşayış binaları tikməyə hazırdır.

Şəhər valisi səfirin təklifini məmnunluqla qəbul edib. Qeyd edək ki, iki ölkə arasında ticarət dövriyyəsi 300 milyon dollara yaxındır.
Güney Azərbaycanın sərvətini talan edən Tehran hakimiyyəti oranın yerli əhalisinin, Azərbaycan türklərinin tarixini saxtalaşdırır, milli haqlar uğrunda mübarizəni sözün əsli mənasında ələ salır.
Bu ayın əvvəlində Təbrizdə açılan sərgi ilə İran rejimi öz üzünü bir daha göstərib.
Şəhərin “Elgölü” parkında yerləşən mədəniyyət sarayında 1945-46-cı illərdə mövcud olmuş Azərbaycan Milli Hökumətinə, eləcə də o dövrə aid tarixi sənədlərdən ibarət sərgi keçirilib. Təbriz bələdiyyəsinin təşkil etdiyi bu tədbirdə Məhəmmədrza şahın Azərbaycana hərbi hücumu, Azərbaycan Milli Hökumətini qan içində boğması, ondan sonrakı illərdə Azərbaycan türklərinə qarşı Tehran hakimiyyəti tərəfindən tutulan divan qələbə kimi təqdim edilib. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin bununla bağlı yaydığı məlumatda bildirilib: “İndiki İran İslam Respublikası hakimiyyətinin öncəki irqçi rejimlərin Azərbaycan türklərinə qarşı törətdiyi cinayətləri gündəmə gətirərək, bunu farsların qələbəsi kimi təbliğ etməsi onların ortaq düşmənlik mövqeyini sərgiləyir”.
İki gün öncə Təbrizdə Xəqani adına parkda açılan İncəsənət festivalında isə hakimiyyət özünün mahiyyətini, azərbaycanlılara münasibətini göstərib. İnqilab Keşikçiləri Qvardiyasının “31 Aşura ordusu”nun (“Ləşkəri-Aşura”) təşəbbüsü ilə keçirilən bu festivalın açılışında qvardiyanın yüksək rütbəli hərbçiləri də iştirak edib.
Tədbirin diqqətçəkən məqamlardan biri “Oyaq Azərbaycanın mədəni-siyasi tarixi” adlı pavilyondur. GünAzTV-nin məlumatına əsasən, Azərbaycanın tanınmış şəxsləri, “Bozqurd” işarəsi, Bütöv Azərbaycan və bu kimi başqa mövzularla bağlı 10-dək karikatura nümayiş etdirilib. Təşkilatçılar bu karikatura və başqa tablolarla Azərbaycan və Azərbaycan Milli Hərəkatını gözdən salıb, lağ etməyə çalışıblar.
Bundan başqa, məscidlərdə, ona bağlı yerlərdə qvardiya, onun əsas kadr bazası bəsicilər Azərbaycan məsələsini müzakirə edib, milli haqların təmin uğrunda mübarizə aparanlara qarşı işlədiləcək üsullardan söz açırlar.
Festival iyulun 28-də başa çatıb. Qvardiyanın təşəbbüsü ilə keçirilən bu tədbir 2006-cı ilin mayında hakimiyyətin rəsmi qəzetlərindən biri, “İran”ın türkləri təhqir edən materialını yada salır. O zaman buna etirazın gücünü görən hakimiyyət əl-ayağa düşdü. Azərbaycan türklərinə, oxucudan üzr istəyirik, yaltaqlanmaqdan belə çəkinmədi. Ali rəhbərdən tutmuş panfarsçıların ideoloqlarınacan hər kəs İranın keçmiş, indiki və gələcək tarixində Azərbaycan türklərinin oynadığı və oynayacağı önəmli roldan danışırdı.
Görünür, Tehran rejimi bu sayaq davranışı ilə Azərbaycan türklərinin əsəblərini yoxlayır. Ancaq əbəs yerə…
Milli haqqı tapdanan, tarixi təhrif olunan, milli varlığı inkar edilən, torpağı və sərvətləri talanan bir millətin bu əməllərin yiyələri ilə bir yerdə, bir dövlətdə yaşaması mümkündürmü?

Sədrəddin Soltan

.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1217

Oxşar yazılar