Qəhrəmanlar unudulmur - Mili Qəhrəmanlar Nadir Əliyev, Aqil Məmmədov və Fəxrəddin Musayev
30 iyul 2011 10:00 (UTC +04:00)

Qəhrəmanlar unudulmur - Mili Qəhrəmanlar Nadir Əliyev, Aqil Məmmədov və Fəxrəddin Musayev

Qarabağ Azadlıq Təşkilatı və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmuş Milli Qəhrəmanların cəmiyyətə bir daha təqdim olunması üçün təşəbbüs irəli sürüb.

Lent.az da bu təşəbbüsə qoşulur və Milli Qəhrəmanların doğum günlərində onlar haqqında məlumatları dərc edir.

30 iyul Mili Qəhrəmanlar Nadir Əliyev, Aqil Məmmədov və Fəxrəddin Musayevin doğum günüdür.


Nadir Alış oğlu Əliyev 1962-ci il iyulun 30-da Ağdam rayonu Əliağalı kəndində anadan olub. O, Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat müvəkkili kimi 1991-ci ildə öz arzusu ilə döyüş bölgəsinə göndərilib, Dağlıq Qarabağ və ətraf rayonlarda cəsur döyüşçü, əməliyyatçı və komandir kimi tanınıb, 1993-cü ilin iyulunda Ağdam uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Suraxanı rayonundakı 282 saylı orta məktəb onun adını daşıyır, yaşadığı binaya xatirə lövhəsi vurulub.







Aqil Səməd oğlu Məmmədov 1969-cu il iyulun 30-da Qubadlı şəhərində anadan olub. O, 1988-ci ildən Qubadlının müdafiəsində iştirak edib, “Qaranquş” kəşfiyyat dəstəsinin ələkeçməz döyüşçüsü kimi tanınıb, dəfələrlə düşmənin arxasına keçərək hərbi əsir və “dil” gətirib, dəfələrlə erməni zabitlərini ələ keçirib azərbaycanlı girovları geri qaytarmaq üçün dəyişib, 1992-ci il avqustun 7-də Laçın rayonu Susuzdağ yüksəkliyinə hücum zamanı qəhrəmanlıqla həlak olub.
Qubadlı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Təhsil aldığı və hazırda Sumqayıtda yerləşən orta məktəb onun adını daşıyır. Qubadlıda və Gəncədə adına küçələr var.







Fəxrəddin Musa oğlu Musayev 1957-ci il iyulun 30-da Türkmənistanın Bayraməli şəhərində anadan olub, sonradan Bakıya köçüb. O, Azərbaycan hərbi hava qüvvələrində xidmət edib, dəfələrlə döyüş bölgələrinə uçuşlar edib, ermənilərin canlı qüvvəsi və texnikasını məhv etməklə ad qazanıb, 1992-ci il aprelin 11-də Füzuli rayonu ərazisində düşmənə raket zərbələri endirərkən faciəli surətdə həlak olub.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Qusar şəhərində küçələrin biri onun adını daşıyır, yaşadığı binaya xatirə lövhəsi vurulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1479

Oxşar yazılar