Azərbaycandan Sərkisyanın bəyanatına kəskin etiraz
27 iyul 2011 11:16 (UTC +04:00)

Azərbaycandan Sərkisyanın bəyanatına kəskin etiraz

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan prezidentinin son bəyanatlarına BMT səviyyəsində kəskin etirazını bildirib. Bu barədə APA-nın ABŞ-dakı müxbirinə BMT-nin mətbuat mərkəzindən məlumat veriblər. Azərbaycanın BMT-də müvəqqəti işlər vəkili Tofiq Musayev BMT baş katibinə məktubunda diqqəti Ermənistan prezidenti Serj Sərkisyanın iyunun 22-də Avropa Şurası Parlament Assembleyasında, habelə Ukraynaya rəsmi səfəri zamanı və iyulun 9-da Gənc Zabitlərin İlk Ordu Konfransında çıxışlarına yönəldib. Məktubda deyilir ki, bu bəyanatlar Ermənistanın Azərbaycana qarşı başladığı müharibənin kökündə duran səbəbləri, müharibənin gedişini və nəticələrini hay-küylə təhrif etməyin ən utanmaz nümunəsidir.


“Xüsusilə qeyd etmək lazımdır ki, qeyd olunan bəyanatlar iyunun 24-də Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya prezidentinin ev sahibliyi ilə Kazanda keçirdikləri görüşün əsaslarına qarşı yönəlib. Bu görüşdə tərəflər həll yolunu tapmaq üçün danışıqları davam etdirəcəklərini bildiriblər. Amma Ermənistan prezidentinin Kazan görüşü ərəfəsində və danışıqlardan dərhal sonra verdiyi qəfil emosional bəyanatlar göstərir ki, İrəvan rəsmiləri hələ də illüziyaların fəlakətli təsiri altındadırlar”.


Məktubda bildirilir ki, Azərbaycan erməni tərəfinin təxribatçı əməllərinə və bəyanatlarına kəskin etirazını bildirir və təcavüzkarın həyasız davranışını törətdiyi cinayətlərə görə cəzasız qalmasının təzahürü kimi qiymətləndirir. Azərbaycan hesab edir ki, Ermənistan rəhbərliyinin nümayişkaranə ritorikası münaqişənin həlli prosesinə inamsızlıq yaratmaq, beynəlxalq ictimaiyyəti çaşdırmaq və Ermənistan əhalisinin diqqətini ölkənin daxili problemlərindən yayındırmaq məqsədi güdür.


Cənab Musayev həmçinin BMT-nin diqqətini iyunda atəşkəsin Ermənistan Silahlı Qüvvələri tərəfindən pozulmasına yönəldib. Bu dövrdə Ermənistan Silahlı Qüvvələri atəşkəsi 55 dəfə pozublar, onlar həm Ermənistan ərazisindən, həm də işğal etdikləri Azərbaycan ərazilərindən atəş açıblar. Nəticədə Azərbaycanın bir mülki vətəndaşı öldürülüb, Azərbaycan silahlı qüvvələrinin bir əsgəri ciddi yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 513

Oxşar yazılar