“Ordu və media əlaqələri: Reallıqlar və perspektivlər”
25 iyul 2011 17:03 (UTC +04:00)

“Ordu və media əlaqələri: Reallıqlar və perspektivlər”

Bu gün Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin təşkilatçılığı ilə “Ordu və media əlaqələri: Reallıqlar və perspektivlər” adlı dəyirmi masa keçirilib.

Lent.az-ın verdiyi məlumata görə, dəyirmi masada Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli, Ehtiyatda Olan Zabitlər Konfederasiyasının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev, Əsgər Anaları Şurasının sədri Leyla Gərayzadə, digər QHT nümayəndələri, o cümlədən hərbi ekspertlər, media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli deyib ki, Azərbaycan dövlətinin apardığı məqsədyönlü və uğurlu siyasət nəticəsində ölkəmizin büdcəsi, xüsusilə də hərbi büdcə sürətlə artıb: “Bu, Ordumuzun hərbi qüdrətinin göstəricisidir. Artıq bütün dünya başa düşür ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan hərbçisini gücündən asılıdır. Biz torpaqlarımızı hansı yolla olursa-olsun geri qaytarmaq iqtidarındayıq. Ali Baş Komandan, Prezident İlham Əliyev dəflərlə qeyd edib ki, biz ordumuzun güclənməsini istəyirik. Sevindirici haldır ki, bu gün Azərbaycan güclü orduya malikdir və biz bu yaxınlarda keçirilən hərbi parad zamanı bunun bir daha şahidi olduq”.

Vətənpərvərliyin təbliği istiqamətində medianın xüsusi rola malik olduğunu vurğulayan Emin Həsənli ordumuzun gücünün təbliği əvəzinə böhtan xarakterli yazıların cəmiyyətə təqdim olunmasından da təəssüflənib: “Azərbaycanı istəməyən qüvvələr Ordumuzun, ölkəmizin zəif olmasını göstərmək istəyirlər. Azərbaycan Ordusunun imicinə xələl gətirəcək yazılar yazan hər kəs unutmamalıdır ki, atəşkəsi hər gün pozan düşməni yalnız və yalnız güclü ordu susdurmağa qadirdir. Bu kimi yazılar isə orduda ruh düşkünlüyü yarada bilər. Dünyanın ən güclü ordusunda belə nöqsan ola bilər. Bu, qaçılmazdır, çünki ordu cəmiyyətin bir hissəsidir”.

Torpaqlarının 20 faizi işğalı altında olan bir ölkənin mətbuatının da bu kimi mövzulara həssas yanaşmasını vacib sayan Emin Həsənli ordu, ölkə haqqında yanlış iddialar səsləndirməyin düzgün olmadığını dedi: “Orduda millətçilik məsələsini qabartmaq, maddi problemlərin olduğunu iddia etmək vətəndaşlığa ziddir. Bu gün Azərbaycan iqtisadiyyatı hərbi hissələri, hərbi məktəbləri təmir etdirməyə, tibb məntəqələri, kazarmalar, zabitlər üçün mənzillər tikməyə bəs edəcək qədər güclüdür. Ona görə də ordudan yazan media nümayəndələrinə müraciət edərək deyirəm ki, bu mövzuda həssas olsunlar. Çünki ordu hamımızı qoruyur. Ordu haqqında hər hansı fikir səsləndirərkən daha diqqətli olmaq lazımdır. Məlumatı dəqiqləşdirmədən bu cür iddialar ortaya atmaq düzgün deyil. Biz bir vətəndaş kimi dövlətin sirlərini, hərbi sirləri qorumalıyıq”.

Ehtiyatda Olan Zabitlər Konfederasiyasının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev çıxışında son dövrlərdə mediada işıqlandırılan milli azlıqların orduda fərqləndirilməsi məsələsinə toxundu: “Azərbaycan ordusunun etnik azlıqların əlində olması fikrini oxuyarkən insan məyus olur. Bu kimi yazıların cəmiyyətə təqdim olunması ordumuzu gözdən salmağa yönəlib. Bu kimim yazılar hərbi nizamnaməyə, qanunvericiliyə ziddir. Müdafiə Sənayesi Nazirliyini istehsal etdiyi məhsulların keyfiyyətsiz olduğunu iddia edən media nümayəndələri var. Axı, bütün bunları düşmən də oxuyur”.

Dadaş Rzayev Azərbaycanın qüdrətli dövlətə çevrildiyi, Dağlıq Qarabağ münaqişəsinin həllinin yaxın olduğu bir vaxtda ordumuz haqqında qərəzli fikirlər səsləndirməyin hərbçilərin narazılığına səbəb olduğunu dilə gətirib: “Əgər hər hansı etnik azlığın nümayəndəsi xidmətində nümunəvidirsə, o niyə də irəli çəkilməsin? Bacarıq hər zaman qiymətləndirilməlidir”.

Əsgər Anaları Şurasının sədri Leyla Gərayzadə bildirib ki, Azərbaycanın bütün sahələrdə, xüsusilə ordu quruculuğu istiqamətində qazandığı uğurları, sürətli və davamlı inkişafı hər kəs görür: “Keçirilən hərbi parad Azərbaycan Ordusunun qüdrətini, onun nəyə qadir olduğunu bir daha nümayiş etdirdi. Biz tez-tez hərbi hissələrdə oluruq və bu inkişafın şəxsən şahidi oluruq. Böhtanı özünə silah seçənlər kim olduqlarını fikirləşməlidirlər”.

Tədbirdə çıxış edən Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədr müavini, ehtiyatda olan general-mayor, Məmmədhüseyn Sarıyev, ehtiyatda olan polkovnik Həsən Əmirov, Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin sədri Növrəstə Yusifova, Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun sədri Sərraf Oruc və başqaları mövzu ətrafında fikirlərini səsləndiriblər. Tədbirdə Ordu və Media münasibətlərinin müasir vəziyyətinə dair, eyni zamanda hərbi sahədə aparılan dövlət siyasətinin və Silahlı Qüvvələrin təbliği, orduya vətəndaş münasibətinin formalaşdırılmasında medianın rolunun reallıqları və perspektivdə olan məsələlər haqqında məsələlər müzakirə olunub.

Sonda tədbir iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə və KİV nümayəndələrinə müraciət ünvanlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 637

Oxşar yazılar