Azərbaycanın Türkiyə ilə viza rejimini ləğv etməməsinin səbəbləri açıqlandı- YENİLƏNİB
20 iyul 2011 12:55 (UTC +04:00)

Azərbaycanın Türkiyə ilə viza rejimini ləğv etməməsinin səbəbləri açıqlandı- YENİLƏNİB

“Biz Türkiyə ilə viza rejiminin ləğvində problem görmürük, amma İran buna kəskin etiraz edərək, ona münasibətdə də eyni addımı atılmasını istədi, əks halda Azərbaycanın Naxçıvanla quru əlaqəsini kəsəcəyinə dair xəbərdarlıqla çıxış etdi”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Türkiyənin “Today’s Zaman” qəzetinə müsahibəsində deyib.


Ə. Həsənov bildirib ki, Azərbaycan viza rejimini həm Türkiyə, həm də İrana münasibətdə eyni vaxtda qaldırmalıdır: “Amma hazırkı mərhələdə Azərbaycan hökümətinin hər iki dövlətlə viza rejimini eyni vaxtda ləğv etməyə hazır olduğunu düşünmürəm”.


Ə. Həsənov bildirib ki, əsas narahatlıq İran sərhədi və buradan yarana biləcək müxtəlif fəsadlarla bağlıdır. Onu sözlərinə görə, İrandan Azərbaycan vasitəsilə Avropaya 300 tona qədər narkotik vasitə qaçaqmal yolu ilə daşınır və bunun yalnız 5-10 tonunu ələ keçirmək mümkün olur. Nəticədə azərbaycanlı gənclər arasında narkomaniya yayılır.


Azərbaycan rəsmisi habelə deyib ki, İran kimi böyük dövlətlə münasibətdə vizasız rejim siyasəti yürütmək hazırkı mərhələdə Azərbaycanın milli maraqlarına uyğun deyil: “İranda siyasi qeyri-sabitlik bizim tərəfə qaçqın axınına təkan verə bilər. Biz isə kiçik ölkəyik və milli təhlükəsizliyimiz barədə yaxşıca düşünməliyik”.


Ə. Həsənov APA-ya açıqlamasında isə İran tərəfdən hər-hansı hədə ilə bağlı müsahibədə əks olunmuş fikirlərin jurnalistin onun sözlərini yanlış anlaması nəticəsində meydana çıxdığını deyib: “Türkiyəli jurnalistlərlə söhbət zamanı onlar viza məsələsini qaldırarkən mən söylədim ki, Azərbaycanla viza rejimini həm Türkiyə, həm İran ləğv edib. Biz də qarşılıqlı şəkildə viza rejimini ləğv etmək üçün hər iki dövlətə eyni vaxtda təxminən oxşar münasibət bəsləməliyik. Buna isə Azərbaycanın texniki cəhətdən hazır olması lazımdır. İran-Azərbaycan, Türkiyə-Azərbaycan sərhədi, Naxçıvandakı keçid məntəqələri isə texniki cəhətdən vətəndaşların kütləvi şəkildə vizasız rejimdə keçidinə hələlik hazır deyil. Sərhəd məntəqələrində vətəndaşların yoxlanma sistemi də buna hazır deyil. Bilirsiniz ki, uzun müddət BMT və digər beynəlxalq qurumlar İran ərazisi vasitəsilə Əfqanıstandan narkotik vasitələrin Azərbaycandan keçməklə Rusiya və digər ölkələrə daşınması haqqında xəbərdarlıqlar edir. Nəzarətsiz Dağlıq Qarabağ ərazisindən İran vasitəsilə narkotik vasitələrin daşınması məsələsi də var. Ona görə də Azərbaycan həm təhlükəsizlik, həm miqrasiya proseslərinin tənzimlənməsi, həm də təhlükəsizliyi ilə bağlı bu tipli məsələlərin təmin olunması anlamında hazırda iki böyük dövlətlə - İran və Türkiyə ilə münasibətdə viza rejimini aradan qaldırmağa hazır deyil. Burada hər-hansı hədə söhbəti jurnalistin yanlış anlaması nəticəsində yazdığı qeydlərdir. Bütövlükdə söhbət ondan gedir ki, Azərbaycan özünün sərhəd-keçid, miqrasiya, təhlükəsizlik məsələləri ilə bağlı texniki cəhətdən hər iki dövlətlə eyni zamanda viza rejimini aradan qaldırmağa hazır deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 589

Oxşar yazılar