Türkiyədəki səfirimiz Qara dənizin ən böyük liman şəhərində oldu
15 iyul 2011 14:23 (UTC +04:00)

Türkiyədəki səfirimiz Qara dənizin ən böyük liman şəhərində oldu

Azərbaycanın Türkiyədəki səfirliyindən Lent.az-a bildirilib ki, səfər zamanı Samsun Valisi Hüseyin Aksoy, Samsun Bələdiyyəsi Baş Katibi Kənan Şara və Samsun Ticarət və Sənaye Palatasının İdarə Heyətinin Sədri Salih Zeki Murzioğlu ilə görüş keçirilib. Görüşlər zamanı iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf imkanları, iki ölkənin regionları arasında əməkdaşlığın inkişaf etdirilməsi və iş adamları arasında əlaqələrin inkişaf etdirilməsi imkanları müzakirə edilib.


Ardından Samsun Limanı ilə tanış olunub. Qeyd olunan limanın rəhbərliyi səfirə limanla bağlı ətraflı məlumat verib.


Daha sonra Samsunlu iş adamları ilə Samsun Ticarət və Sənaye Palatasında görüş keçirilib. Görüşdə 40-a yaxın sənaye müəssisəsinin nümayəndəsi iştirak edib. Görüş zamanı səfir Faiq Bağırov öz çıxışında iş adamlarına Azərbaycandakı investisiya imkanları və iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsinin yararları barədə əsaslı fikirlər səsləndirib.


Samsunlu iş adamları ilə görüşdə AZPROMO-nun nümayəndəsi Rüfət Məmmədov ölkəmizdəki münbit investisiya mühiti barədə ətraflı təqdimat həyata keçirib.


Görüşdə Türkiyə Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) Türk-Azərbaycan Biznes Şurasının Sədri Cengiz Gül də iki ölkə arasında iqtisadi münasibətlərin inkişaf imkanları barədə təqdimatla çıxış edib.


Samsunlu iş adamlarına ölkəmizlə bağlı təbliğat xarakterli materiallar paylanılıb.
Son olaraq Səfir Faiq Bağırov Samsundakı Azərbaycan diasporunun nümayəndələri ilə görüş keçirib, həmvətənlərimiz ilə diasporumuzun tək çətir altında təşkilatlanmasının zəruriliyinə dair müzakirələr aparıb.

Səfir Faiq Bağırovun regiona səfəri yerli mətbuatda geniş şəkildə işıqlandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 515

Oxşar yazılar