ADP sədri: “6 partiyanın yaradacağı birlik müxalifətin vahid güc mərkəzi ola bilməz”
12 iyul 2011 13:24 (UTC +04:00)

ADP sədri: “6 partiyanın yaradacağı birlik müxalifətin vahid güc mərkəzi ola bilməz”

“Mən Vətəndaş Hərəkatı Forumun 6 partiyanın iştirakı ilə keçirdiyi “Zirvə görüşü” ideyasının əleyhinə olmamışam və bununla bağlı mənfi fikir səsləndirməmişəm. Sadəcə, o zaman Qurban Məmmədovun “biz onları bir yerə yığıb birləşdirəcəyik” ifadəsinə öz münasibətimi bildirmişəm”.


Bunu Lent.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. O, müxalifətin “Zirvə görüşü” ilə bağlı əvvəlcədən mənfi fikirdə olduğu, lakin sonradan bu görüşdə iştirak etməklə fikrini dəyişdiyi ilə əlaqədar deyilənlərə münasibət bildirib.


Partiya sədri deyib ki, Qurban Məmmədovun həmin ifadəsinin siyasi etika baxımından düzgün olmadığı qənaətindədir: “Ancaq mən 6 partiyanın bir araya gəlib, müəyyən məsləhətləşmələr aparmasında heç bir problem görməmişəm”.


Bununla belə, S. Cəlaloğlu bəyan edib ki, bütün hallarda AXCP və Müsavatın iştirakı olmadan müxalifətin vahid güc mərkəzinin yaradılması mümkün deyil: “Həmçinin, AXCP və Müsavatın ikisinin iştirakı ilə yaranan birlik də cəmiyyətə güc mərkəzi kimi təqdim oluna bilməz. Bir halda ki, AXCP və Müsavatın yaratdığı birliyin müxalifətin vahid güc mərkəzi olduğunu qəbul etmirik, o halda, bizim də bir neçə partiya ilə yaratdığımız birliyi müxalifətin vahid güc mərkəzi adlandırmağa mənəvi haqqımız yoxdur”.


ADP sədri yaranan yeni birliyin və ya birliklərin heç birinin müxalifətin vahid güc mərkəzi olmayacağını söyləyib. O bildirib ki, necə ki, İctimai Palata vahid güc mərkəzi deyil, 6 partiyanın yaradacağı birlik də müxalifətin vahid güc mərkəzi ola bilməz.

Xatırladaq ki, S. Cəlaloğlu ötən ay APA-ya müsahibəsində bildirmişdi ki, Vətəndaş Hərəkatı Forumunun nümayəndəsi kimi Qurban Məmmədovun təşəbbüsü çox gülməli, qeyri-ciddi, siyasi baxımdan qeyri-etik hərəkətdir: “Yəni beynəlxalq təşkilatların təşəbbüsü ilə birləşməyən müxalifət hansısa Qurban Məmmədovun sözü ilə birləşə bilərmi? Əlbəttə yox. Lalə Şövkətin, Sərdar Cəlaloğlunun və digər partiya liderlərinin ideya və təşəbbüsü ilə müxalifətin birliyi alınmadısa, necə düşünürsünüz, Qurban Məmmədovun təklifi ilə birlik alınar?”

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 534

Oxşar yazılar