ADP İdarə Heyətinin növbəti toplantısı keçirildi
11 iyul 2011 16:06 (UTC +04:00)

ADP İdarə Heyətinin növbəti toplantısı keçirildi

Partiyadan Lent.az-a daxil olan məlumata görə, toplantıda ölkə həyatı ilə bağlı baş verən ictimai-siyasi hadisələr və partiyanın cari həyatına aid məsələlər əsas müzakirə olunub.

İdarə Heyəti Qarabağ münaqişəsinin nizamlanmasına dair iyunun 24-də Rusiyanın vasitəçiliyi ilə Kazanda keçirilmiş danışıqların fiaskoya uğramasından sonra yenidən Rusiya prezidenti Medvedevin tərəflərə xarici işlər naziri Sergey Lavrov vasitəsi ilə rəsmi olaraq təqdim etdiyi yeni təklifləri və bu təkliflərin ictimaiyyətə açıqlanmaması məsələsini müzakirə edib.


İdarə Heyəti ötən həftə Azərbaycan-İran sərhədində silahlı insident zamanı bir Azərbaycan zabitinin qətlə yetirilməsi məsələsinə də toxunub. Toplantı iştirakçıları hökuməti bu silahlı insidentlə bağlı İran tərəfinə nota verməyə, bu hadisənin obyektiv şəkildə araşdırılması, qətlə yetirilən Azərbaycan zabitinin ailəsinə kompensasiya verilməsi istiqamətində tədbirlər görməyə çağırıb. İdarə Heyəti həmçinin bu silahlı insidentin Dünya Azərbaycanlılarının Qurultayı ərəfəsində baş verməsini təsadüfi saymayıb, bu hadisənin arxasında qaranlıq mətləblərin, o cümlədən qurultaya edilən qəsdin dura biləcəyini də istisna etməyib.

İdarə Heyəti Azərbaycan təyyarəsinin Əfqanıstanda qəzaya uğraması məsələsini də müzakirə edib.

Sonda partiyanın cari həyatına aid bir sıra məsələlərlə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 515

Oxşar yazılar