Sabir Rüstəmxanlıdan İrana sərt etiraz
06 iyul 2011 13:17 (UTC +04:00)

Sabir Rüstəmxanlıdan İrana sərt etiraz

Dünya Azərbaycanlılarının III qurultayının yekunları ilə bağlı keçirilən tədbirdə millət vəkili, Dünya Azərbaycanlıları Konqresinin sədri Sabir Rüstəmxanlı İran hakimiyyətinin azərbaycanlılara qarşı apardığı siyasəti sərt tənqid edib. Lent.az-ın məlumatına görə, S.Rüstəmxanlı İranda azərbaycanlıların hüquqlarının kobud surətdə pozulduğunu, onların ana dilində təhsil almalarına şərait yaradılmadığını bildirib.

O qeyd edib ki, İranda 1943 – 1946-cı illərdə azərbaycanlıların qurduğu hökumətin fəaliyyəti azərbaycanlıların digər xalqlara azadlıqlar bəxş etdiklərini göstərib: “İran adlanan ərazidə azərbaycanlıların tarixən hakimiyyətdə olduqları dövrdə bir farsın da burnu qanamayıb. Lakin Cənubi Azərbaycanda azərbaycanlıların hüquqları pozulur, onlar diskriminasiya, ayrı-seçkilik siyasətinə məruz qalırlar”.

S.Rüstəmxanlı onu da vurğulayıb ki, Azərbaycanın özündə soydaşlarımıza qarşı, xüsusən, Cənubi Azərbaycan və İrandan gələn soydaşlarımıza qarşı bir ögeylik hiss olunur: “Bu gün hətta Ermənistan belə xaricdən gələn ermənilərə pulsuz təhsil almaq üçün şərait yaradıb. Biz isə soydaşlarımıza güzəştli təhsildən danışırıq. Bu güzəştlər hardadır? Cənubi Azərbaycandan bir soydaşımız təhsil almağa və ya miqrant kimi gəlirsə, ona yaxşı baxılmır, heç bir güzəşt edilmir. Miqrant kimi gələnləri dərhal ya İrana göndərirlər, ya da Avropa ölkələrinə ötürürlər. Azərbaycanlı miqrantlar geri qayıtdıqları halda isə İranda onları yaxşı aqibət gözləmir. Biz Cənubi Azərbaycandan gələn soydaşlarımıza Azərbaycanın ali təhsil müəssisələrində, pulsuz, güzəştli oxumalarına şərait yaratmalıyıq. Bu, digər xarici ölkələrdə yaşayan soydaşlarımıza da aiddir”.

Millət vəkili Avropada Azərbaycanın problemini öyrənən Strateji Araşdırmalar İnstitutunun yaradılmasını da zəruri sayıb: “Prezidentimiz dünənki çıxışında bildirdi ki, xarici ölkələrdə mədəniyyət mərkəzləri yaradılır. Mədəniyyət mərkəzləri ilə bağlı Azərbaycan məsələlərini öyrənən araşdırma mərkəzlərinin yaradılması da çox vacibdir. Ümumiyyətlə, bu gün dünya azərbaycanlılarının strateji araşdırma mərkəzinin yaradılması da vacib məsələ kimi qarşıda durur. Bu araşdırma mərkəzi, araşdırma institutu bölgənin, İranın gələcəyini öyrənməlidir. Yəni, 50 ildən sonra bölgəmiz, İran nə vəziyyətdə olacaq? Bizim orada yaşayan 35 milyon soydaşımızın taleyi necə olacaq? Bu cür məsələləri daim gündəlikdə saxlamalı və gələcək problemlərə hazır olmalıyıq”.

Qeyd edək ki, Sabir Rüstəmxanlının çıxışı əsnasında jurnalistlər iclas zalından çıxarılıblar. Toplantıda isə təhsil naziri Misir Mərdanov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, iqtisadi inkişaf naziri Şahin Mustafayev, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov və Diaspora ilə İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və digər hökumət rəsmiləri iştirak ediblər.

Ramiz MİKAYILOĞLU
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 566

Oxşar yazılar