“Azərbaycan dövləti diaspor sahəsində böyük işlər görüb”
05 iyul 2011 14:11 (UTC +04:00)

“Azərbaycan dövləti diaspor sahəsində böyük işlər görüb”

“Azərbaycan dövləti diaspor sahəsində böyük işlər görüb”. APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən Dünya Azərbaycanlılarının III Qurultayında çıxışında deyib.


Prezident bildirib ki, 5 il əvvəl 336 Azərbaycan diaspor təşkilatı olduğu halda, bu gün onları sayı 416-ya çatıb: “Diaspor təşkilatları keyfiyyət baxımından da güclənib və öz sözlərini deməyə başlayıb”.

Dövlət başçısı çıxışında diaspor təşkilatlarına tövsiyələrini də çatdırıb: “Fəaliyyət göstərdikləri ölkələrdə bütün Azərbaycana icmaları və diplomatik nümayəndəliklər bir olmalıdırlar. Bəzən elə hallar olur ki, ziddiyyətlər ortaya çıxır. Buna son qoyulmalıdır. Diaspor təşkilatlarının birliyi təmin olunmalıdır. Səfirliklərlə diaspor təşkilatları arasında əməkdaşlıq daha da güclü olmalıdır. Bəzən bu münasibətlər məni narahat edir. Hərə bir küncə çəkilməməlidir ki, sonra biz işə qarışaq. Diaspor təşkilatları və səfirlik bir yumruq kimi, komanda şəklidə işləməlidir”.


Prezident onu da deyib ki, Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti erməni lobbisinin çirkin kampaniyasına tutarlı cavablar verir.


Dövlət başçısı “Azərbaycan diplomatiyası hücum diplomatiyası olmalıdır”, söyləyib. O qeyd edib ki, bunun üçün bütün metodlardan, o cümlədən internetdən səmərəli istifadə edilməlidir: “Bəzən Azərbaycan mətbuatının azad olmadığı barədə fikir formalaşdırılır. Necə ola bilər ki, 50 faiz internet istifadəçisi olan ölkədə mətbuat azad olmasın? Mən göstəriş vermişəm Azərbaycan xalqının tarixini, mədəniyyətini əks etdirən saytlar yaradılmalıdır”.


Azərbaycan prezidenti deyib ki, Azərbaycan diasporu xarici ölkələrin daxili siyasətinin faktoruna çevrilməli, dövlət və hökumət qurumlarında, qanunverici orqanlarında təmsil olunmalıdır.

Prezident İ. Əliyev xaricdəki iş adamlarına da müraciət də edib: “Ətrafınızdakı azərbaycanlılara da kömək edin, şirkətlərinizdə daha çox azərbaycanlıları işə götürün. Azərbaycan dövlət şirkətlərinin xaricdəki layihələrində daha çox azərbaycanlılar işlə təmin edilməli, o ölkələrdə azərbaycanlılara məxsus şirkətlər podratçı və digər formalarda bu layihələrə cəlb olunmalıdır”.


Azərbaycan prezidenti çıxışını “Dünyada yaşayan azərbaycanlıların bir vətəni var - o da Azərbaycandır! Dünyada yaşayan azərbaycanlıların arxasında Azərbaycan dövləti dayanır”, sözləri ilə bitirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 472

Oxşar yazılar