Müsavat başqanın müavini: “Neynəyək, yerimizi başqasına verək?”
01 iyul 2011 16:55 (UTC +04:00)

Müsavat başqanın müavini: “Neynəyək, yerimizi başqasına verək?”

“Necə olar ki, kifayət qədər üstün resurslara, mövqelərə malik olan AXCP və Müsavat bunlardan imtina etməli, öz üstünlüklərindən geri çəkilərək, başqalarına meydan verməlidir?! Pənah bəy özünün gücündən, bacarığından, ambisiyalarından imtina edə bilərmi?”

Bu sözləri Lent.az-a açıqlamasında Pənah Hüseynin “AXCP və Müsavat təşkilatı islahata hazır deyil” fikirlərinə münasibət bildirən Müsavat başqanının müavini Tofiq Yaqublu deyib.

T.Yaqublu Pənah Hüseynin İctimai Palatanın Koordinasiya Şurasının üzvlüyündən istefa verəndə belə, öz tələblərinin, ideyalarının həyata keçməsinə çalışdığını vurğulayıb: “Biz neynəyək? Çəkilək, başqalarına yer verək, onlar da bizim resurslardan, istifadə edərək, idarəçilik etsinlər komanda qursunlar? Bu, absurd fikirdir”.


AXCP sədrinin müavini Razi Nurullayev isə Lent.az-a açıqlamasında deyib ki, Pənah Hüseynin fikirlərində həqiqət payı da var. Ancaq məsələ burasındadır ki, İP-ə gələn yeni qüvvələr özləri ilə insan resursu gətirmir. Əziyyət çəkən, tədbirlərə, mitinqlərə gələn, həbs olunanlar isə yenə AXCP və Müsavat üzvləridir.


AXCP funksioneri deyib ki, istəyən İP daxilində fraksiya yarada və qurumun qərarlarına təsir göstərə bilər.

Pənah Hüseynin son zamanlarda ard-arda çox təklif irəli sürdüyünü xatırladan AXCP sədrinin müavini deyib ki, təklifi elə vermək lazımdır ki, onu nəzərə alan olsun.

Pənah Hüseynin təkliflərinin demokratik düşərgədə müəyyən canlanma əmələ gətirdiyini söyləyən R.Nurullayev bununla belə, onun təkliflərinin İP və ümumi müxalifət daxilində gərginlik yaratdığını da vurğulayıb.

Xatırladaq ki, Pənah Hüseyn deyib ki, İctimai Palatanın kütləvi xalq hərəkatına çevrilməsi üçün AXCP və Müsavat könüllü şəkildə indiki vəziyyətlərinin onlara verdiyi taktiki üstünlüklərdən, güclərinin, resurslarının verdiyi imtiyazlardan imtina etməyə, müstəqilliklərinin bir hissəsinin, manevr imkanlarının qismən məhdudlaşdırılmasına intellektual, siyasi, təşkilatı və psixoloji cəhətdən hazır olmalıdır.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 566

Oxşar yazılar