Eldar İbrahimov: “Azərbaycan İranla əlaqələrə böyük önəm verir”
01 iyul 2011 15:03 (UTC +04:00)

Eldar İbrahimov: “Azərbaycan İranla əlaqələrə böyük önəm verir”

“Azərbaycan İranı dost ölkə hesab edir və qonşu dövlət olaraq bir çox istiqamətlərdə geniş qarşılıqlı münasibətlər mövcuddur. Əli Laricaninin ölkəmizə səfəri Azərbaycan-İran parlamentlərarası əlaqələrinin yüksələn xətlə inkişafının göstəricisidir”.

Lent.az-ın xəbərinə görə, bu sözləri Milli Məclisin üzvü, Azərbaycan–İran parlamentlərarası əlaqələr üzrə işçi qrupu rəhbərinin müavini Eldar İbrahimov Yeni Azərbaycan Partiyasının saytına deyib.

O bildirib ki, keçirilən görüşlər Azərbaycan – İran parlamentlərarası əlaqələrin inkişafından xəbər verir. Onun sözlərinə görə, bu cür səfərlər parlamentlərin qanunvericilik işlərində təcrübə mübadiləsi aparılması baxımından da vacibdir.
“Bildiyiniz kimi 2010-cu ilin fevral ayında Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti İranda səfərdə oldu. Bu səfər zamanı İranda bir sıra vacib görüşlər keçirildi. Daha sonra İran – Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Seyid Kazım Musəvinin rəhbərlik etdiyi nümayəndə heyəti ötən ilin aprel ayında Bakıya səfər etdi. Yəni, son iki ildə Azərbaycan və İran parlamentləri arasında əlaqələrin möhkəmləndirilməsi, inkişafı istiqamətində ciddi addımlar atılıb. Şübhəsiz ki, bu əlaqələr hər iki dövlətin münasibətlərinin inkişafına töhfələr verir. Ümumilikdə, Azərbaycan İranla əlaqələrə böyük önəm verir, çünki bu dövlət yaxın qonşumuzdur, orada 35 milyon azərbaycanlı yaşayır. Bu və digər amillər iki ölkə arasında münasibətlərin inkişafında ciddi rol oynayır” - deyə, E.İbrahimov vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 454

Oxşar yazılar