Gürcü ekspert: “Azərbaycan müharibədə Gürcüstanın dəstəyinə ümid edə bilər”
30 iyun 2011 17:04 (UTC +04:00)

Gürcü ekspert: “Azərbaycan müharibədə Gürcüstanın dəstəyinə ümid edə bilər”

“Müharibə başlayacağı təqdirdə Azərbaycan Türkiyə və Gürcüstanın dəstəyinə ümid bəsləyə bilər. Şimali Qafqazdan da yardım gəlməsi istisna edilmir”. Bunu SalamNews-a müsahibəsində gürcü hərbi ekspert, Gürcüstanın Quru Qoşunlar Qərargahının və Hərbi Akademiyanın keçmiş rəisi Georgi Tavdqiridze bildirib. O deyib: “Aydındır ki, Azərbaycanın hərbi potensialı Ermənistanın imkanlarını üstələyir. Lakin bir məqama mütləq diqqət yetirmək lazımdır. Bu müharibə Azərbaycanla Ermənistan arasında olmayacaq, o, daha qlobal xarakter daşıyacaq”.

- Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla nizamlanması nə dərəcədə realdır?

- Əlbəttə, Azərbaycan və Ermənistanın silahlı qüvvələrini müqayisə etməyin mənası yoxdur. Lakin müharibə başlasa, Ermənistan Rusiya hərbi bazaların resurslarından istifadə edə bilər. Zənnimcə, həm Azərbaycan, həm də Gürcüstan üçün əsas məqsəd Rusiyanın Cənubi Qafqazda nüfuzunun azaldılması olmalıdır. Bu, region ölkələri və dünyanın aparıcı dövlətləri ilə çox həssas əməkdaşlıq tələb edir. Əks halda, biz Qafqazda sonsuz qanlı qarşıdurmanın şahidi olacağıq. Daha aqressiv siyasətdən də istifadə etmək mümkündür. Lakin nəzərə almaq lazımdır ki, bu gün Ermənistan müstəqil xarici siyasət yürütmür və tamamilə Rusiyadan asılıdır. Amma Ermənistanda Rusiyadan asılı olmayan qüvvələr hakimiyyətə gələrsə, onlarla razılıq əldə edərək, Qarabağı sülh yolu ilə qaytarmaq mümkündür. Düşünmürəm ki, Ermənistan ona məxsus olmayan torpaqlara görə gələcəyini sual altına alsın. Heç bir dövlət qonşuları ilə normal münasibətlər qurmadan inkişaf edə bilməz. Buna görə də Azərbaycan və Gürcüstan üçün Rusiyanın Qafqazdakı mövcudluğunu zəiflətmək vacibdir.

- Azərbaycanın güclü ordusu var. Qarabağı qaytarmaq üçün bu kifayətdirmi?

- Bu az deyil. Hərçənd, Azərbaycanın yaxın illərdə ABŞ-dan heç bir dəstək almayacağını düşünürəm. ABŞ regionda müharibəyə yol verməməyə çalışacaq, başlayacağı təqdirdə isə onu tez dayandırmağa çalışacaq. Qafqazdakı vəziyyət Azərbaycanın azad hərəkət etmək imkanı qazanacağını deməyə imkan vermir. Öz problemləri ilə məşğul olan Türkiyə də bu hadisələrə hazır deyil. O, regionda sözünü deməyə hazırlaşır, amma bir və ya iki ildən sonra yox. Buna görə də hesab edirəm ki, Azərbaycan tərəfi indi hərbi əməliyyatlara başlamaqla ehtiyatsızlıq edər. Lakin hərbi potensialı artırmaq lazımdır, çünki siyasi vəziyyət hər an dəyişə bilər. Azərbaycana başqa çıxış yolu qoymasalar, o, hərbi əməliyyatlara əl ataraq Qarabağı güclə qaytarmağa məcbur olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 483

Oxşar yazılar