Komitə sədri: “Həmişə “döyüş hazırlığı” vəziyyətindəyik”
28 iyun 2011 14:04 (UTC +04:00)

Komitə sədri: “Həmişə “döyüş hazırlığı” vəziyyətindəyik”

Hazırda Azərbaycan diasporu erməni lobbisinin Azərbaycanın maraqlarına zidd fəaliyyətini zərərsizləşdirmək iqtidarındadır. Lent.az-ın verdiyi məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bunu Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində söyləyib.


Nazim İbrahimovun sözlərinə görə, bu, ona görə baş verməyib ki, erməni lobbisi zəifləyib. Erməni lobbisi böyük tarixə, hakimiyyət və qanunverici strukturlarla sıx əlaqələrə malikdir və öz düşmənçiliyini davam etdirir: “Bu, ona görə baş verib ki, dünyadakı Azərbaycan diasporu artıq 20 il, 10 il və hətta 5 il bundan əvvəlki diaspor deyil. Yaxşı təşkilatlanmış, əlaqəli şəkildə fəaliyyət göstərən, mövcud olduğu ölkələrin ictimai-siyasi həyatında fəal iştirak edən, hökumətdə və seçkili orqanlarda təmsil olunmağa başlayan, rəsmi strukturlarla əlaqələr yaratmış Azərbaycan diasporu hazırda erməni lobbisinin fəaliyyətinin bütün istiqamətləri üzrə ona tutarlı cavab verməyə qadirdir. Artıq erməni lobbisi əvvəlki kimi hər istədiyinə nail ola bilmir.
Bizim səylərimiz sayəsində Azərbaycan diasporu bir neçə dəfə erməni lobbisinin dünya ictimaiyyətində Azərbaycan haqqında mənfi rəy yaratmaq cəhdinin qarşısını almağa müvəffəq olub. Sözsüz ki, ermənilərin Azərbaycan əleyhinə təbliğatı daima aparılır. Ona görə də biz həmişə “döyüş hazırlığı” vəziyyətindəyik. Azərbaycan dövlətinin apardığı xarici siyasət kursu sayəsində Azərbaycan dövlətinin maraqları ilə dünyanın aparıcı dövlətlərinin maraqları bir sıra məqamlarda üst-üstə düşür və ermənilərin bu cəhdləri iflasa uğrayır. Məsələn, erməni lobbisinin bir vaxtlar Bakı-Tbilisi-Qars və yaxud bir neçə ay əvvəl Azərbaycanın süni peykini buraxmağı əngəlləmək üçün erməni lobbisinin göstərdiyi cəhdlərinin iflasa uğramasını göstərmək olar”.


Azərbaycan lobbisi məsələsinə gəlincə, Dövlət Komitəsinin sədri qeyd edib ki, lobbinin formalaşdırılması kifayət qədər mürəkkəb sosial-psixoloji və siyasi prosesdir. Lobbi konkret maraqların müdafiəsi üzrə güc mərkəzidir və burada diaspor təşkilatları və dövlət aparatı qarşılıqlı əlaqəli şəkildə fəaliyyət göstərməlidir: “Hazırda bir sıra dünya xalqları lobbi formalaşdırılması təcrübəsinə malikdir və Azərbaycan öz maraqlarından çıxış edərək onlardan istifadə etməlidir. Bütün bunlar bizim üçün təzədir. Deyə bilərəm ki, bu istiqamətdə müəyyən irəliləyiş əldə olunub. Konkret faktları açıqlamaq düzgün olmazdı. Bununla belə, mən deyə bilərəm ki, Azərbaycan lobbisi ifadəsi artıq utopiya deyil, tezliklə biz hamımız güclü Azərbaycan lobbisinin şahidi olacağıq”.


Nazim İbrahimov iyulun 5-də Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının III Qurultayından da danışıb. Onun sözlərinə görə, qurultayda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, xarici ölkələrdə yaşayan azərbaycanlı elm adamları, ictimai və mədəniyyət xadimləri, iş adamları iştirak edəcəklər. Bundan başqa, milliyyətcə azərbaycanlı olmayan Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə daim dəstək verən tanınmış alim və ziyalılar, dövlət rəsmiləri, siyasi partiyaların təmsilçiləri, parlament üzvlərinin də Qurultaya qonaq qismində dəvət olunublar. Diasporla İş üzrə Dövlət Komitəsində Dünya azərbaycanlılarının III qurultayının təşkili ilə bağlı Tədbirlər planı hazırlanıb və İşçi qrup yaradılıb. Artıq qurultaya dəvət olunan nümayəndə və qonaqların siyahısı dəqiqləşdirilib. Dünya Azərbaycanlılarının III Qurultayına 1272 nümayəndə seçilib. Qurultayda dünyanın 42 ölkəsindən 595 nümayəndə və 205 qonaq iştirak edir. Ən çox nümayəndə və qonaqlarla təmsil olunan ölkələr sırasında Rusiya Federasiyası 153, Türkiyə 94, Ukrayna 45, Almaniya 45, Gürcüstan 40, ABŞ 24, İsveç Krallığı 22, Niderland Krallığı 21 nəfərlə təmsil olunub. Qurultayın digər nümayəndələri Azərbaycan dövlət və hökumət orqanlarından, siyasi partiya və ictimai qurumlarından, mədəniyyət və incəsənət xadimləri arasından seçilmiş nümayəndələr təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 502

Oxşar yazılar