Ali Baş Komandan: “Azərbaycan Ordusu çox yüksək səviyyədədir”
26 iyun 2011 12:20 (UTC +04:00)

Ali Baş Komandan: “Azərbaycan Ordusu çox yüksək səviyyədədir”

APA-nın məlumatına görə, bu sözləri 26 İyun – Silahlı Qüvvələr günü münasibətilə keçirilən hərbi paradda çıxışında Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev deyib. İ. Əliyev bildirib ki, ordunun peşəkarlığı və döyüş qabiliyyəti artıb: “Silahlı Qüvvələrdə ruh yüksəkliyi var. Bu bizi çox sevindirir. Azərbaycanda ordu quruculuğu bundan sonra da davam etdiriləcək. Ordunun maddi-texniki bazasının gücləndirilməsi, hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi məsələləri həllini tapıb. Hərbçilərin sosial-məişət problemi həll olunub, əmək haqları qaldırılıb”.

Ötən gün Müdafiə Nazirliyi əməkdaşlarının məvaciblərinin artırıldığını deyən prezident orduda xidmət edən gənclərdə böyük ruh yüksəkliyinin olduğunu vurğulayıb.

Dövlət başçısı atəşkəs dövründə itkilər verildiyini deyib: “Biz bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik, onların qanı yerdə qalmayacaq.

Prezident ordunun maddi-texniki bazanın gücləndirilməsi sahəsində də böyük işlər görüldüyün deyib: “Bu paradda onun kiçik hissəsi nümayiş etdirilir. Silah və texnikaların alınması davam etdiriləcək. Müasir təyyarələr, döyüş və hərbi nəqliyyat helikopterləri, artilleriya qurğuları, rabitə vasitələri alırıq. Ordumuzun hərbi gücü artır. Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi sənaye qurulub. Azərbaycan Ordusu daxildə istehsal olunan silah və sursatlarla, texnikalarla təmin olunur. Azərbaycanda istehsal olunan hərbi texnika yüksək səviyyədədir. Ordunun potensialını gücləndirmək üçün Azərbaycan dövləti əlindən gələni edir. 2003-cü ildə hərbi xərclər 160 milyon dollar idisə, indi dəfələrlə artıb. Xərclərimiz Ermənistanın büdcəsindən 50 faiz artıqdır. Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib, birinci mərhələsi başa çatıb. Müharibə şəraitində yaşayan ölkə ilk növbədə ordu quruculuğuna diqqət yetirməlidir. Bu gün dövlət büdcəsində hərbi təyinatlı xərclər birinci yerdədir. İstənilən şəraitdə ordumuz daim yüksək hazırlıq nümayiş etdirməlidir. Ordunun maddi-texniki bazasının gücləndirilməsi üçün bütün imkanlardan istifadə edəcəyik. Azərbaycan torpaqları işğal olunub, etnik təmizləmə aparılıb. Bir milyondan artıq insan öz torpağından qaçqın düşüb. Son zamanlar verilən yeni bəyanatlar, beynəlxalq təşkilatlar tərəfindən verilən qərarlar, qəbul edilən qətnamələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Biz çalışırıq ki, məsələ tezliklə həllini tapsın, Azərbaycanın ərazi bütövlüyü təmin olunsun. Biz bu sahədə diplomatik səyləri davam etdirəcəyik».

Prezident bildirib ki, son 7 ildə Azərbaycanın hərbi xərcləri isə 20 dəfə artıb: «Bizim mövqeyimiz regional məsələlərdə bir çox hallarda həlledici rol oynayır. Qitədə olan təsirimiz artmaqdadır. Bizim siyasətimiz xoşniyyətlidir. Biz sülh və qonşularla xoş münasibətlər qurmaqla yaşamaq istəyirik. Bütün ölkələrlə qarşılıqlı hörmət əsasında münasibətləri qurur və bu, gündən-günə möhkəmlənir. Biz istədiyimizə həmişə nail olmuşuq və yenə də nail olacağıq. Builki hərbi parad müstəqilliyimizin 20 illiyinə həsr olunub. Azərbaycan güclü dövlətdir və güclü ordusu var. Bir daha hamısını ordu günü münasibətilə təbrik edirəm. Yaşasın Azərbaycan, yaşasın Azərbaycan Silahlı Qüvvələri!”
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 632

Oxşar yazılar