Türkiyə şirkəti ermənilərə avadanlıq satması barədə xəbərlərə münasibət bildirdi
23 iyun 2011 18:52 (UTC +04:00)

Türkiyə şirkəti ermənilərə avadanlıq satması barədə xəbərlərə münasibət bildirdi

“Biz Ermənistana birbaşa heç nə satmamışıq, sata da bilmərik. Çünki oraya ixrac edəcəyimiz məhsulu xarici ticarətə cavabdeh dövlət nazirliyində qeydiyyatdan keçirməyimiz lazımdır”.

Bu barədə APA-ya adı erməni separatçılarının nəzarəti altında olan Dağlıq Qarabağda yerləşən Xankəndi aeroportuna avadanlıq satmaqda hallanan Türkiyənin «Dəmirçi Makina» şirkətinin Ankaradakı baş ofisindən bildirilib.

«Türkiyənin Ermənistanla diplomatik münasibətləri olmadığına görə, dövlət nazirliyinin bizə bu icazəni verməsi mümkün deyil», - deyə şirkətdən vurğulanıb.

Şirkətdə hesab edirlər ki, həmin avadanlıq Ermənistana üçüncü ölkə vasitəsilə satılıb: “Ola bilsin ki, bizim məhsul satdığımız hansısa ölkə sonradan həmin məhsulu Ermənistana satıb. Analoji hal İranla da baş verib. Məsələn, Dubaya satılmış dəzgah İrana göndərilib. Halbuki faktiki olaraq şirkətimiz ABŞ-ın sanksiyalarına görə İranla birbaşa iş görə bilmir”.

Türkiyə Xarici Ticarət işləri üzrə Dövlət Nazirliyindən də APA-nın Türkiyə bürosuna bildirilib ki, Ermənistanla diplomatik münasibətlər olmadığına görə, bu ölkə ilə birbaşa ticarətdən söhbət gedə bilməz”.

Türkiyə Xarici İşlər Nazirliyindən isə APA-ya bildirilib ki, bu səpkili xəbərlər iki qardaş ölkə arasındakı münasibətlərə zərbə vurmaq məqsədi daşıyır.

Qeyd edək ki, Dağlıq Qarabağın qondarma Mülki Aviasiya İdarəsinin rəisi Dmitri Adbaşyan ötən gün mətbuata açıqlamasında Türkiyənin «Dəmirçi Makina» şirkətindən Xankəndi aeroportu üçün avadanlıq alındığını bildirib. D. Adbaşyan deyib ki, «Dəmirçi Makina» şirkətindən aeroportu hasara almaq üçün metal tor toxuyan dəzgah alıblar. Müxtəlif şirkətlər tərəfindən avadanlıqların təklif olunduğunu deyən separatçıların aviasiya qurumunun rəhbəri «Dəmirçi Makina»nın təklifinin daha səmərəli olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 525

Oxşar yazılar