Azərbaycanlı qəhrəmanın Ukraynadakı abidəsinin açılışı olacaq
23 iyun 2011 16:04 (UTC +04:00)

Azərbaycanlı qəhrəmanın Ukraynadakı abidəsinin açılışı olacaq

İyunun 24-də Ukraynanın Dnepropetrovsk vilayətindəki Tsariçansk rayonunun inzibati mərkəzində Sovet İttifaqı qəhrəmanı Fariz Səfərovun abidəsinin açılış mərasimi keçiriləcək. Lent.az-ın məlumatına görə, bu barədə Krım Azərbaycanlıları Dərnəyinin sədri Rəhim Hümbətov açıqlama verib.

Hümbətov deyib ki, təntənəli mərasimdə iştirak məqsədilə Dnepropetrovska Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətli gələcək. Eyni zamanda, Ukraynanın digər regionlarında, o cümlədən, Krımdakı Azərbaycan diasporunun çoxsaylı nümayəndələri açılışa qatılacaqlar.

Qəhrəmana abidənin ucaldılmasının təşəbbüskarı Dnepropetrovsk şəhər şurasının deputatı, biznesmen Fəxrəddin Muxtarov olub. Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayəti təşkilatının sədri Qüdrət Hacıyevin sözlərinə görə, F.Muxtarov abidənin ucaldılması üçün bütün xərcləri öz üzərinə götürüb. Bu səbəbdən, Azərbaycan diasporu ona səmimi minnətdarlıq edir.

Səfərov Fariz Məcid oğlu 78-ci atıcı polk qvardiyasının pulemyot bölməsinin komandiri, baş serjant olub. O, 20 iyun 1920-ci ildə Ağdam rayonunun Nehrəxəlil kəndində doğulub. Orta təhsillidir. Rusdilli müəllimlərin hazırlığı üzrə Bakıda təşkil olunan kursu bitirib. Məktəbdə pedaqoq işləyib.

Səfərov 26 sentyabr 1943-cü ildə ön xətt bölməsinin tərkibində olarkən, gecə vaxtı Dnepropetrovsk şəhərinin Solonyanski rayonunun Voyskovoe kəndinə girib. O, rəqibin çoxsaylı hücumlarını dəf edərək, canlı qüvvəsinə ciddi zərbə vurub. O, öz hərəkətləri ilə atıcı bölmələrin sudakı maneələrini dəf edib. 19 mart 1944-cü ildə Fariz Səfərova Sovet İttifaqı Qəhrəmanı, Lenin ordeni və “Qızıl Ulduz” medalı verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 495

Oxşar yazılar