Barrozo: “Azərbaycan bu il beynəlxalq birliyin diqqət mərkəzində olacaq”
22 iyun 2011 19:36 (UTC +04:00)

Barrozo: “Azərbaycan bu il beynəlxalq birliyin diqqət mərkəzində olacaq”

“Ümidvaram ki, Azərbaycanla viza rejiminin sadələşdirilməsi və readmissiya barədə danışıqlara bu il başlaya biləcəyik”.

APA-nın məlumatına görə, bu fikirləri Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo deyib.

Joze Manuel Barrozo Azərbaycan prezidenti ilə görüşün məhsuldar keçdiyini bildirib: “Bu, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin səviyyəsini əks etdirir. Bu gün biz münasibətlərinin bir neçə istiqaməti, o cümlədən bir il əvvəl başlamış assosiativ sazişlə bağlı danışıqların yekunlarını müzakirə etdik. Hesab edirəm ki, danışıqlar prosesini sürətləndirə və sazişin imzalanması istiqamətində irəliləyə bilərik”.

Azərbaycan və Avropa Komissiyası prezidentlərinin görüşündə “Cənub” qaz dəhlizi layihəsi də müzakirə olunub. Barrozo bildirib ki, bu layihənin reallaşması Avropa İttifaqı və Azərbaycan üçün strateji əhəmiyyət daşıyır: “Bu layihə Xəzər hövzəsindən daşımalarda bizə alternativ marşrut əldə etməyə imkan verəcək. Bu gün işi davam etdirmək və bu dəhliz ideyasını reallığa çevirmək barədə razılığa gəldik”.

Joze Manuel Barrozo Azərbaycan təmsilçilərinin “Eurovision” müsabiqəsində qələbə qazanması faktını da dəyərləndirib: “Azərbaycan bu il beynəlxalq birliyin diqqət mərkəzində olacaq, əminəm ki, siz bu vaxtdan ölkənizin Avropa dəyərlərinə nə qədər bağlı olduğunu nümayiş etdirmək üçün istifadə edəcəksiniz”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 491

Oxşar yazılar