ABŞ Dövlət Departamentinin rəsmisi Tərtərdə olub
22 iyun 2011 18:27 (UTC +04:00)

ABŞ Dövlət Departamentinin rəsmisi Tərtərdə olub

İyunun 22-də ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosunun rəsmisi Katrin Boynton Tərtər şəhərinə səfər edib. Səfərin əsas məqsədi ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Tərtər rayonunda həyata keçirdiyi layihələrin icrası vəziyyəti ilə tanış olmaq olub.

K.Boynton əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətində icra başçısı Ceyhun Cəfərovla görüşüb. Görüşdə C.Cəfərov rayonda son zamanlar görülən abadlıq və quruculuq işləri barədə qonaqlara ətraflı məlumat verib. O, eyni zamanda, BAMF-ın Tərtər rayonunda həyata keçirdiyi layihələrdən söz açıb.

Sonra qonaqlar ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə BAMF-ın həyata keçirdiyi “Azərbaycanın Tərtər regionunda mina qurbanları və müharibədən zərər çəkən insanlar üçün Peşə Təlimi Mərkəzinin (PTM) yaradılması”, “Kooperativ təsərrüfat yaratmaqla Tərtər Regional Peşə Təlimi Mərkəzinin genişləndirilməsi” və “Əlavə binaların tikilməsi yolu ilə Tərtər Regional Peşə Təlimi Mərkəzinin təkmilləşdirilməsi” layihələrinin icrası vəziyyəti ilə tanış olublar.

Onlar BAMF-ın həyata keçirdiyi “Azərbaycanın Tərtər regionunda mina qurbanları və müharibədən zərər çəkən insanlar üçün Peşə Təlimi Mərkəzinin (PTM) yaradılması” layihəsi çərçivəsində inşa edilən Tərtər Regional Peşə Təlimi Mərkəzinin konfrans zalında keçirilən toplantıda olublar. BAMF-ın sədri Umud Rəhimoğlu həm sözü gedən layihələr, həmçinin Fondun regionda humanitar missiyası barədə ətraflı məlumat verib.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov BAMF-ın həyata keçirdiyi layihələrin regionların sosial-iqtisadi inkişafı barədə dövlət proqramında nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsində əhəmiyyətindən danışıb. O, Tərtər regional Peşə Təlimi Mərkəzinin gənclərin peşə bacarıqlarının artırılmasında rolunu yüksək qiymətləndirib. Tədbirdə ABŞ səfirliyinin siyasi işlər üzrə müşaviri Ceyms Smit, FİNCA-nın Azərbaycanda ölkə üzrə direktoru Maniş Sane, BAMF-ın sədri U.Rəhimoğlunun məsləhətçisi akademik Urxan Ələkbərov, Amerikanın Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurasının (İREX) regional layihə koordinatoru Ülviyyə Məmmədova, ANAMA-nın nümayəndəsi Tural Məmmədzadə çıxış edərək sözü gedən layihələrin əhəmiyyəti barədə danışıblar.

BAMF-ın proqramların inkişafı və beynəlxalq əlaqələr departamentinin rəhbəri Nik Nvolisa Fondun strategiyası və gələcəkdə görəcəyi işlər barədə söz açıb.

Qeyd edək ki, PTM-də 2010-cu ildə 64 nəfərə 4 istiqamətdə - xalçaçılıq, kompüter bacarıqlarının inkişaf etdirilməsi, çörəkbişirmə və tingçilik peşələri üzrə təlimlər keçilib. Toplantıda təlimləri uğurla başa vuran şəxslərə sertifikatlar verilib. İlk sertifikatı Tərtər RİH-nin başçısı C.Cəfərov təqdim edib.

Sonra qonaqlar “Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası”, BAMF-ın İcma Mina Aksiyası Komandası və Bank Olmayan “Avrasiya Kredit” MMC-nin ofislərinə baş çəkib, onların fəaliyyəti ilə yaxından tanış olublar. PTM çərçivəsində xalçaçılıq təlimi üzrə təlim alan müdavimlərin əl işləri ilə tanışlıq onlarda böyük maraq doğurub. Amerikalı xanımlara müdavimlərin əl işlərindən ibarət olan və üzərində ABŞ Dövlət Departamentinin loqosu, Azərbaycanın milli xalçaçılıq məktəbinin, o cümlədən Qarabağ xalçaçılıq məktəbinin nümunələri olan kiçik xalçalar hədiyyə edilib.

K.Boynton və digərləri ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə yradılmış Kooperativ Təsərrüfatda olublar.

Qeyd edək ki, hazırda PTM-də BAMF və Amerikanın Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurasının (İREX) Azərbaycan Nümayəndəliyi tərəfindən “İcma Məlumat Mərkəzi” adlı birgə layihənin icrasına başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1427

Oxşar yazılar