Ramil Usubov avropalı qonaqlarla görüşüb
22 iyun 2011 10:26 (UTC +04:00)

Ramil Usubov avropalı qonaqlarla görüşüb

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyunun 21-də Avropa Birliyi-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 11-ci iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Avropa Parlamentinin nümayəndə heyətini qəbul edib. DİN-in mətbuat xidmətdən Lent.az-a verilən məlumata görə, qonaqları səmimi salamlayan nazir qeyd edib ki, Avropa ailəsinə inteqrasiyanı, ictimai həyatın müxtəlif sahələrində Avropa standartlarına uyğunluğun təmin edilməsini özünün prioritet istiqamətlərindən biri elan etmiş Azərbaycan insan hüquqları sahəsində ümumavropa dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirib, ictimai münasibətləri, o cümlədən daxili işlər orqanlarının fəaliyyətini tənzimləyən, demokratik prinsiplərə söykənən, insan və vətəndaş hüquq və azadlıqlarının təmininin önə çəkildiyi yeni qanunlar qəbul edib. Bu sahədə bir sıra inkişaf etmiş dövlətlərin, beynəlxalq təşkilatların mütəxəssislərinin böyük rolu olduğu, yeni qanunların icrasının mühüm əhəmiyyət kəsb etdiyi nəzərə çatdırıb.

Nazir bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin daha da genişlənməsini, demokratiyanın möhkəmlənməsində və bazar iqtisadiyyatına keçidin başa çatdırılmasında ölkəmizin səylərinin müdafiə olunmasını, cəmiyyət həyatının bütün sahələrində, o cümlədən hüquq-mühafizə sahəsində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutan Milli Tədbirlər Planı hazırlanıb. “Avropa Birliyi-Azərbaycan Fəaliyyət Planı”na və qeyd olunan Milli Tədbirlər Planına uyğun olaraq Daxili İşlər Nazirliyi üzərinə qoyulmuş bir sıra vəzifələrin öhdəsindən uğurla gəlib və bu istiqamətdə tədbirlər bu gün də davam etdirilməkdədir. Həmin tədbirlərə misal olaraq seçkilərin ATƏT-in öhdəliklərinə və digər beynəlxalq standartlara uyğun keçirilməsi, seçki proseslərinə polis əməkdaşlarının müdaxiləsinin qarşısının alınması, mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, insan alverinə və terrorizmə qarşı mübarizədə səylərin gücləndirilməsi, işgəncə, digər pis rəftar və korrupsiyanın qarşısının alınması və aradan qaldırılması məqsədilə polisdə islahatların aparılması məsələlərini göstərmək olar.

Azərbaycanın Avropa strukturlarına uğurla inteqrasiya etdiyini xatırladan Ramil Usubov Daxili İşlər Nazirliyinin digər hüquq-mühafizə orqanları ilə birlikdə respublikada təhlükəsizliyin, insan hüquq və azadlıqlarının təmin edilməsi, ictimai asayişin qorunması, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizənin daha da səmərəli aparılması məqsədilə BMT, ATƏT, Avropa Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı, həmçinin Avropa İttifaqına üzv olan dövlətlərin müvafiq qurumları arasında ikitərəfli əməkdaşlığın inkişaf etdiyini və həmin əlaqələrin daha da dərinləşdirilməsi üçün müvafiq sənədlərin imzalandığını diqqətə çatdırıb.

Ramil Usubov bildirib ki, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi üçün son 10 ildə DİO-nun mindən çox əməkdaşı BMT, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların xətti ilə müxtəlif ölkələrdə, o cümlədən ABŞ-da, Almaniya, Avstriya, Fransa, Macarıstan və s. Avropa dövlətlərində, Türkiyə, Çin və Misir Ərəb Respublikasında təşkil olunmuş çoxsaylı forum, müşavirə, treninq, seminar və təlimlərdə iştirak etmişlər və şəxsi heyət əldə edilmiş təcrübənin praktiki fəaliyyətdə tətbiqi istiqamətində işləri bu gün də davam etdirir.

Xidməti fəaliyyətdə insan hüquq və azadlıqlarının qorunmasının prioritet istiqamətlərdən biri olduğunu xatırladan daxili işlər naziri onu da bildirib ki, orqan və hissələrdə qanunçuluğun vəziyyəti mütəmadi olaraq təhlil edilir, ümumiləşdirilir, hüquqazidd hərəkətlərə, polisin adına ləkə gətirən əməkdaşlara qarşı DİO-da xidmətdən xaric edilməyə, hətta cinayət məsuliyyətinə cəlb olunmağadək prinsipial ölçülər götürülür. Təkcə son 3 ildə və bu ilin birinci rübündə vətəndaşlarla kobud rəftar etdiklərinə, onların hüquq və azadlıqlarını pozduqlarına görə 773 əməkdaş cəzalandırılıb. Onlardan 12-si cinayət məsuliyyətinə cəlb olunmuş, 50 nəfər DİO-dan xaric edilib, 68 nəfər tutduğu vəzifədən azad olunub.

Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin diqqət mərkəzində olduğu vurğulanıb.

Avropa Parlamentinin Çexiya Respublikasından olan deputatı Milan Tsabrnox səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirib, başçılıq etdiyi nümayəndə heyətinin üzvlərini təqdim edib və Avropa Birliyi və Parlamentinin Azərbaycanla ikitərəfli əlaqələrin inkişafına böyük önəm verdiyini və əməkdaşlığın daha da genişlənməsində səylərini əsirgəməyəcəklərini vurğulayıb.

Bolqarıstan Respublikasından olan deputat Slavi Binev ölkəmizdə dəfələrlə olduğunu xatırladıb, Azərbaycanda özünü çox rahat və təhlükəsiz hiss etdiyini xüsusi qeyd edib.

Səmimi və işgüzarlıq şəraitində keçən görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub, daxili işlər naziri qonaqları maraqlandıran sualları cavablandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 447

Oxşar yazılar