İbad Hüseynov: “Qarabağa qan udduran ASALA terrorçusunun başını və sağ qolunu kəsdim” - DÖYÜŞ HEKAYƏTİ
16 iyun 2011 13:04 (UTC +04:00)

İbad Hüseynov: “Qarabağa qan udduran ASALA terrorçusunun başını və sağ qolunu kəsdim” - DÖYÜŞ HEKAYƏTİ

“Döyüş tariximiz” rubrikasının budəfəki qonağı “Azərbaycan Bayrağı” ordenli keçmiş döyüşçü İbad Hüseynovdur. ABŞ-da dünyaya göz açan və erməni terror təşkilatı ASALA-nın hərbi qanadını yaradan “Avo” ləqəbli Monte Melkonyanı Qarabağda cəhənnəmə vasil etməklə Ermənistanı və xaricdəki erməni lobbisini yasa boğan bu qəhrəman vətən oğlu Lent.az-a döyüş yolundan, Vətən həsrətindən danışır...

“20 Yanvar hadisələri zamanı hərbi hissədə aclıq aksiyası keçirdik”


Xocavənd rayonunun Muğanlı kəndində dünyaya göz açmışam. 1988-ci ildə sovet ordusunda, Uzaq Şərqdə əsgərlikdə idim. 20 Yanvar hadisələri olan zaman hərbi hissədə aclıq aksiyası keçirdik. 15 azərbaycanlı əsgər aclıq aksiyasında iştirak edirdi. Qonşu hərbi hissədəki əsgərləri də çağırdıq. Bu prosesin başında dururdum. Hərbi hissənin rəhbərliyi aclıq aksiyasını dayandırmağa çalışdılar, bacarmadılar. Ondan sonra bizim əsgərləri müxtəlif hərbi hissələrə göndərdilər. Mənimlə göndərilən dəstə Primorsk diyarına düşdü. Orada da sakit durmadıq, ermənilərlə böyük davamız düşdü. Hərbi komandanlıq gördü ki, xeyri yoxdur, 3 ay əvvəl məni əsgərlikdən buraxdılar. Bu, SSRİ ordusu tarixində olmayıb. 1990-cı ilin payızında gəldim. Mən gələndə artıq müharibə gedirdi.
Əsgərlikdə piyada taborunda idim, avtomat, qumbaraatan və başqa silahlar üzrə hədəfə dəqiq nişan almaqda birinci idim. İdman yarışları ilə bağlı hərbi hissənin lövhəsinə mənim şəklim vurulmuşdu. Mən Azərbaycana gələndə artıq hazır döyüşçü idim.
Muğanlıda böyük qardaşım Eyvazın rəhbərliyi altında özünümüdafiə dəstəsi yaratdıq. Digər qardaşlarım İlyasla Əbülfət o zaman Ukraynada idilər, özlərinə yaxşı güzəran qurmuşdular. Ancaq onlar da o ağır dövrdə Muğanlıya gəldilər. Gətirdikləri pulları özünümüdafiə dəstələri üçün silah-sursat alınmasına sərf etdilər. Mən böyük qardaşlarım ilə birlikdə xüsusi bölük, bölüyün də tərkibində xüsusi tağım yaratdıq. Bu xüsusi tağıma mən rəhbərlik edirdim. Sonra bu tağım kəşfiyyat-diversiya qrupu oldu. Həmin bölük sonralar hərbi hissə oldu.

“Qumbaraatanla birbaşa onun belinə atəş açdım”

Xocavənd rayonunun Qaradağlı kəndi vardı, ermənilərin əhatəsində idi. Bir dəfə “ratsiya” ilə xəbər gəldi ki, ermənilər kəndi alıblar. Biz ermənilərin Martuni adlandırdıqları Xocavənd rayon mərkəzinin yaxınlığına gəldik. Məqsədimiz o idi ki, erməniləri Qaradağlıdan geri çəkilməyə məcbur edək. Nə qədər atəş açdıq, ermənilər geri qayıtmadılar. Dedim, gəlin Martuniyə girək. O vaxt komandir böyük qardaşım idi. Qardaşım dedi, olmaz, uşaqlar həlak olacaqlar. Axırda razılaşdıq. Martuninin girəcəyində ermənilərin bir dəyirmanı vardı. Həmin dəyirmanın ikinci mərtəbəsindən bizə atəş açırdılar. Mən rayon mərkəzi tərəfdən girib, dəyirmanın arxa hissəsində dayandım. Qumbara atıb, içərini partlatdım. Uşaqlar dəyirmana qədər gəldilər. Martunidə erməni silahlılarının yeməkxanası vardı, əvvəldən ora “Xaç Evi” deyirdilər. Xaç Evinə girmək mümkün deyildi, 4 tərəfindən atırdılar. Yenə arxadan keçib, qumbara atdım və Martuniyə girdik. Martuniyə girəndən sonra ermənilər Qaradağlıdan çıxıb, Martuniyə doldular. Biz isə Martunidən çıxdıq. 3 gün sonra eyni şey təkrarlandı, Martuni rayon mərkəzini yarıya qədər aldıq. Bizim qüvvəmiz yox idi, tutandan sonra arxamızca gələn olsaydı, Martunini saxlayardıq. Bizim ağır silahlar yox idi. Həmin vaxt qumbaraatan olsaydı, Martunini alardıq...
Muğanlı kəndinin üstündə bir post vardı, ermənilər yerləşmişdi. Post elə mövqedə idi ki, kəndin içərisində hərəkət etmək olmurdu. Həmin postdakı qüvvələri öyrənməyi qərara aldıq. Cəsarət Sadıqov da bizimlə idi. Postun arxasına keçdik. Uşaqları bir yerdə qoydum, özüm sürünüb səngərə yaxınlaşdım. Gördüm ki, səngərdə 1 erməni var, pulemyotun arxasında dayanıb, hərdən atır. Düşündüm ki, burada tək dayanmaz, arxası var. Uşaqları səngərin bir tərəfindən qoydum. Dedim ki, mən arxaya keçirəm, arxada atışma səsi gəlsə, o dəqiqə bu ermənini vurarsınız. Rövşən adlı oğlan vardı, Rembo deyirdik. Rövşəni özümlə götürüb, postun arxa hissəsinə keçdim. Gördük ki, arxada ermənilərin böyük çadırı var, içəridən səs gəlir. Gecə saat 2-3 olardı. Çadırın hər tərəfi açıqlıq idi, yalnız bir kol vardı. Kolun arxasında dayandıq. Çadırın qapı hissəsi “zamok”la açılıb bağlanırdı. Əlimdə o vaxt qumbaraatan vardı. Birdən çadırın “zamok”u açıldı, bir erməni silahlısı çıxdı. Yerdə uzanmışdılar, əksəriyyəti 35-40 yaşlı erməni silahlıları idi. Qız da vardı. Biz isə 20-25 yaşlı uşaqlar idik. Çadırdan çıxan erməni posta getdi, oradan “ay molla!” çağıraraq bizim kənddəki postdakı uşaqlarımızı söyməyə başladı. Söydü, bir xeyli atəş açdı, geri qayıtdı. Çadıra bir addım qoyanda qumbaraatanla birbaşa onun belinə atəş açdım. Məsafə yarım metr olardı. Mərmi onun belini deşib, çadırda partladı. Çadırdakıların 1 nəfəri istisna ilə, hamısı öldü. Sağ qalan da qışqıra-qışqıra çıxdı. Nəhəngin birisi idi, amma partlayışdan gic kimi idi. Rövşən gəlib çatdı, avtomatı çənəsinə dirəyib, atəş açdı. Xeyli silah vardı, silahları yığdım. Uşaqlar da səngərdəki ermənini vurmuşdular. Ancaq atəş açan zaman məlum ki, 2 nəfərdirlər, o birini də məhv ediblər.
Postda qalmaq fikrimiz yox idi. Sadəcə, göstərdik ki, siz o postda qala bilməzsiniz. Ondan sonra ermənilər o postda dayanmadılar. Silahları götürüb kəndə gəldik. O vaxt silahlarımız çatışmırdı. Muğanlının işğalını sonra qonağınız olacaq döyüş yoldaşlarımız sizə danışar. Bu, mənim üçün çox ağırdır. Ondan sonrakı dövrdə baş verən bir hadisəni danışmaq istəyirəm.

“Avonun məqsədi Ağcabədi rayonunu almaq idi”

Biz ratsiyada tez-tez “Avo” adını eşidirdik. Bizim komandirlərə həmişə hədə-qorxu gəlirdilər ki, siz orada dayanmayın, Kür çayından o tərəfdə dayanın, Avo gəlib sizi öldürəcək. Milli Təhlükəsizlik Nazirliyinin Qarabağ üzrə şöbəsinin bir rəhbəri vardı. İndi də yüksək vəzifədə çalışır. O, 1993-cü ilin iyununda hərbi hissənin komandirin yanına gəldi. Deyib ki, Martuniyə Avo adlı komandir gəlib, məqsədi Ağcabədini alıb, Kür çayı sahilində post qurmaqdır, bunun qarşısı alınmalıdır. Plan belə idi ki, arxada hadisə törədilməklə Ağcabədiyə hücumun qarşısı alınsın. Məni hərbi hissəyə çağırdılar. Dedilər ki, ermənilərin arxasına keçməlisən. Bizim kəşfiyyat-diversiya qrupunun uşaqlarına dedim ki, hərəniz bir plan hazırlayın, erməninin arxasına keçəcəyik, qayıtmaq şansımız yoxdur. Özüm plan hazırladım. Dedim, bizə 12 nəfər lazımdır, ölümə gedirik, kim istəyir, irəli çıxsın. 12 nəfər irəli çıxdı. Sahib Şirinov da onların arasında idi. Təlimi elə keçirdim ki, uşaqlar döyüşə getdiyimizi deyəndə sevinirdilər. Təlimin dayanmasına sevinirdilər. Gecə ilə gündüzün yerini dəyişmişdim, gecə təlim-məşq olur, gündüz yatışırdıq.
İyunun 10-da axşam saat 8-də hava qaraldı, piyada hərəkətə başladıq. Mən yolları tanıyırdım, çaydan keçib ermənilərin 15 kilometr arxalarına çatdıq. Martuninin girəcəyində mövqelərimizi qurduq. Orada ermənilərin gizli bazalarının olduğu yeri öyrəndik. Bir gün keçdi, hər dəqiqə müşahidə aparırdıq. Həmişə izləyirdik ki, komandirləri Avo hansı maşınla gedib, hansı maşınla gəlir. Muğanlı kəndində gəlib dayandıq, kənd işğal altında idi. Gördük ki, UAZ gəlir. UAZ gəldi, çayda qaldı, batdı, çayı keçə bilmədi. Avo düşdü, piyada gəlməyə başladı. Arxasınca gələn əsgərlərə əli ilə göstəriş verdi. Avo tək gəlməyə başladı. Muğanlı kəndində, mənim təhsil aldığım məktəbin yanında bununla qabaqlaşdıq. Uşaqların ikisi yanımda idi. Cüssəli bir şəxs idi, əlində də avtomat vardı. Ancaq Avonun ağlına gəlməzdi ki, günorta saat 2-də Muğanlıda, cəbhə xəttindən 15 kilometr uzaqda Azərbaycan əsgərləri olar. Qabaqlaşdıq. Ona rusca ”Silahını at!” deyənə qədər bilmədi ki, azərbaycanlıyıq. Elə bildi ki, məzələnirik. Rusca qışqıranda şübhələndi. Məndə avtomat hazır vəziyyətdə idi, amma Avoda avtomat aşağı vəziyyətdə idi. Bizimlə danışa-danışa bir də gördüm ki, avtomat hazır vəziyyətdədir. Qoruyucunu endirərək atəş açmağa cəhd göstərən anda mən atəş açdım. Güllə qarnından dəydi, avtomat əlində qabağa düşdü. Pişik kimi qaçıb, avtomatı götürməyə çalışdı. Qaçıb təpiklə sifətinə vurdum, arxası üstə düşdü. Avo bizim Qaradağlı kəndində 50 azərbaycanlının başını kəsib. ASALA-nın hərbi qanadını yaradan, azərbaycanlıların başını kəsən o qatilin düşünən başını və azərbaycanlıların başını kəsən sağ qolunu kəsdim. Biz 3 nəfərdən başqa, digər uşaqlar gizlənmişdilər.

“Elə bil ki, zəlzələ olmuşdu”

Atəş açılsa da, kənddə azərbaycanlı olması ermənilərin ağlına gələ bilməzdi. Çünki o yerlərdə ermənilər də tez-tez ov etmək üçün atəş açırdılar. Avonun cibindəki sənədlərin hamısını götürdük. Axşam saat 6 olardı, birdən Avonu gəzməyə başladılar. Avonu elə gəzməyə başladılar ki, elə bil, zəlzələ olmuşdu. Ermənilər kəndə doldular. Bütün Martuni onu gəzirdi. Sadəcə, tanıdığım cığırlarla ermənilərin özləri olduğu tərəfə çıxdıq, öz mövqelərimiz tərəfə hərəkət etsəydik, çıxa bilməzdik. Ermənilərin yüksəklikdəki bir postunun yaxınlığında dayandıq. Bəxtimizdən axşam düşürdü. Onu da deyim ki. Avonun meyitini gizlətmişdik. Gizlətməsək, oradan çıxa bilməzdik. Onu öldürüb, cəsədini kolluqda gizlədəndə gördüm ki, yol qandır. Tez ağacla qanın üstünü örtdüm, meyitini də böyürtkən bağınla gizlədim. Ermənilər özləri də internet saytlarında yazırlar ki, Avonun meyitini 3 gün sonra tapıblar. Gecə saat 4-ə qədər onu gəzdilər.
Saat 4-də ermənilər axtarışı dayandırdılar. Xocavənd ərazisindən girmişdik, çıxanda Ağdam rayonunun Mərzili kəndi yaxınlığından çıxdıq. Bu əməliyyat 3 gün çəkdi. Biz hərbi hissəyə gələndə artıq bilirdilər ki, ermənilərin Avo adlı komandirləri ölüb. Bununla da ermənilərin Ağcabədiyə hücumu dayandı. O istiqamətdə bir hücum oldu, o hücumu da Azərbaycan hərbi qüvvələri həyata keçirdi. Bizim gətirdiyimiz məlumatlar, ermənilərin hərbi bazalarının, sursatlarının yeri ilə bağlı informasiyalar daha vacib idi. O koordinatlar əsasında həmin hərbi bazalar, sursatlar artilleriyamız tərəfindən məhv edildi. Ermənilər internet saytlarında da yazıb ki, Avonun ölümü ilə planları dayanıb.

“Səngəri tək aldım”

...Kirş dağında hücuma keçmişdik, mən uşaqlardan 5 metr qabaqda idim. Birdən gördüm ki, partlayış oldu, uşaqlar məni çağırır. Uşaqların hamısı yaralanmışdı. Mən onların yanına qayıtsam, hamımızı qıracaqdılar, mən də onların yanında qalacaqdım. Erməni səngərinə 50 metr qalmışdı. Üzərimdəki qumbaraları qaça-qaça çıxarıb atdım. Ermənilər 1-ci səngərdən çıxdılar, səngərə girdim. Ermənilər səngərdən qaçanda ikisi özlərinin basdırdıqları minaya düşdülər. Dağın üzərində böyük səngər idi, gecə saat 4-dən saat 8-ə qədər səngərdə oturdum. Kənddən uşaqlar gəldi, yaralı uşaqlarımızı çıxardılar. Çox uşaqlarımız yaralanmışdı. Ağdaşdan olan uşaqlarımızın birinin böyrəyi partlamışdı, biri bizim kənddən idi, Səyyad adlı polis idi, şəhid oldu.
1993-cü ildə Ağcabədi rayonunda olduğumuz zaman baş verən bir hadisəni də danışmaq istəyirəm. Kəşfiyyat-diversiya qrupu kimi həftədə 3-4 dəfə ermənilərin arxasına keçib, vəziyyəti öyrənib gəlirdik. Axırıncı dəfə kəşfiyyata gedib qayıdanda gördüm ki, erməni ilə üzbəüz yaxşı bir mövqe var. Amma bizim mövqe 10 kilometr kənarda idi. Ermənilərin orada qəbiristanlıq deyilən postu vardı, o postla üzbəüz ən yaxşı mövqe idi. Ermənilərlə arada hava məsafəsi ilə 200-300 metr olardı. Mən orada uşaqları dayandırdım, dedim ki, səngər qazın, qayıtmayacağıq. Ratsiya ilə xəbər verdim ki, biz burada qalacağıq, səngər qazırıq. Hərbi hissənin komandanlığı dedi ki, yox, geri qayıdın. Səngəri qazdıq, uşaqları orada qoyub, öz qərargahımıza qayıtdım. Qərargahımız “İydəlik” deyilən məşhur bir yerdə yerləşirdi. Yemək-içmək, qab-qacaq götürdüm, dedim ki, geri qayıtmayacam. Komandir dedi ki, yox, orada dayanmaq olmaz. O mövqedən çıxmaq istəmirdim. Lap yuxarı komandanlıq səviyyəsində oradan çıxmağımızı tələb etdilər. Bizim təcili yardım maşını vardı, o mövqeyə gəldim, könülsüz uşaqlara dedim ki, çıxmaq lazımdır, maşına minin. Uşaqlar sevincək maşına minəndə acığım tutdu, onların sevinməsinə hirsləndim. Dedim ki, düşün, mən maşında, siz arxamca piyada gedəcəksiniz. Ermənilərin hansı mövqedə yerləşmələri ilə bağlı məlumatları özündə əks etdirən xəritə vardı, hamısını öyrənmişdik. O xəritəni komandanlığa verməli idim. Uşaqları düşürdüm, sürücü ilə mən oturdum. Yaxşı ki, uşaqları düşürdüm. Yolda maşın minaya düşdü. 4 dəfə gedib-gəldiyimiz yol idi, ermənilər sonradan mina basdırıbmış. Tank minası idi. Sürücü həlak olmuşdu. Mən 24 gün özümdə olmadım, reanimasiyada qalmışam. Sonra mən çəliklə hərbi hissəyə qayıtdım, çəliklə güclə gəzirdim. 1997-ci ilə kimi hərbi hissədə qaldım. Nə qədər çalışırdılar, hərbi hissədən çıxara bilmirdilər. Korpusun komandiri deyirdi ki, get, deyirdim yox, gərək müharibənin sonunu görəm.

...İndi bizim qazdığım səngərdə hərbçilərimiz dayanıblar, orada post qoyulub. Komandanlıq sonra qərar verib ki, məhz postun orada qurulması lazımdır.

Ramiz Mikayıloğlu

P.S. İbad Hüseynovun cəhənnəmə vasil etdiyi “Avo” ləqəbli Monte Melkonyan ABŞ-da dünyaya göz açıb. Professional terrorçu kimi ad çıxarıb. Terror təşkilatı ASALA-ya daxil olub, sonradan onun hərbi qanadını yaradıb. Məşhur terrorçu Karlos Şakaldan dərs alıb. Dünyanın bir çox bölgəsində, o cümlədən Livanda, Yunanıstanda, İtaliyada törədilən terror aktlarında yaxından iştirak edib. Terror hədəfinə çevirdiyi şəxslər sırasında türk mənşəlilər xüsusi yer alıb. 1985-ci ildə Parisdə qanunsuz silah və narkotik saxladığına görə 6 il müddətinə həbs cəzasına məhkum olunub. Lakin erməni lobbisinin və digər himayədarlarının təsiri ilə vaxtından əvvəl həbsdən azad olunaraq Cənubi Yəmənə göndərilib. Daha sonra Qarabağ döyüşlərinə qatılan Melkonyanın əli yüzlərlə günahsız azərbaycanlının qanına bulaşıb. Qaradağlı faciəsinin əsas müəlliflərindən biri məhz Melkonyandır. Bu kəndin ələ keçirilməsi zamanı əsir götürülən xeyli sayda günahsız azərbaycanlının qətlə yetirilməsində, o cümlədən başlarının kəsilməsində, üzərlərinə benzin tökülərək yandırılmasında, müxtəlif bədən əzalarının kəsilməsində bilavasitə iştirak edib. Xocalı soyqırımında qadınları, körpələri, qocaları, günahsız insanları ən ağlasığmaz vəhşiliklə qətlə yetirən ermənilər arasında yenə də xüsusilə fərqlənən məhz Melkonyan olub. Ermənistanda mifikləşdirilən Melkonyanla düşmən dövlətin keçmiş və indiki prezidenti, o vaxtlar isə Qarabağda separatizmin başında dayanan Robert Köçəryan və Serj Sərkisyan da birmənalı hesablaşıb. Erməni işğalı və vəhşiliyinin əsas ideoloqlarından olan Zori Balayan isə bu beynəlxalq terrorçunun şərəfinə möhtəşəm təriflər yağdırıb, ona həsr olunmuş şeirlər və publisistik məqalələr yazıb. Bu amansız qatili erməni mətbuatı “ən böyük erməni” kimi fanatikcəsinə mədh ediblər. Düşmən ölkə qəhrəman saydığı terrorçunun xatirəsinə 3 gün rəsmi matəm saxlayıb, mənfur lobbi isə bütün dünya boyu ermənilər üçün bir ay yas elan edib. Avonun dəfnində Ermənistanın o vaxtkı prezidenti Levon Ter-Petrosyan, dünya erməni lobbisinin bütün rəhbərləri şəxsən iştirak edib...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5144

Oxşar yazılar