Əli Həsənov partiyaların dövlət büdcəsindən maliyyələşməsindən danışdı
13 iyun 2011 12:55 (UTC +04:00)

Əli Həsənov partiyaların dövlət büdcəsindən maliyyələşməsindən danışdı

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Ə. Həsənov bildirib ki, “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişikliklər artıq hazırlanıb: “Bu layihədə partiyaların yenidən dövlət qeydiyyatına alınması məsələsi nəzərdə tutulmur. Dövlətdən maliyyələşməsi üçün siyasi partiyalar bu və ya digər meyarlara uyğun gəlməlidirlər. İlkin olaraq, bizim təklif etdiyimiz modeldə parlament seçkilərində toplanan səslərin miqdarı əsas götürüləcək. Bunun üçün hər bir partiyanın topladığı səslər sayılmalı, ümumiləşdirilməli və ona müvafiq maliyyə açılmalıdır”.

Ə. Həsənov qeyd edib ki, bununla bağlı dünya ölkələrində müvafiq təcrübələr var və bu məsələdə beynəlxalq təcrübə nəzərə alınacaq.

“Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişikliklərin uzun müddətdir Azərbaycanda müzakirə olunduğunu deyən Ə. Həsənov bildirib ki, indiyədək müxtəlif siyasi partiyalar tərəfindən 1992-ci ildə qəbul edilmiş qanunun müasir reallıqlara cavab vermədiyinə dair fikirlər səsləndirilib.

«Ən azından bu qanundan sonra Azərbaycanın Konstitusiyası qəbul edilib, siyasi sistemin əsasları müəyyən olunub. Ortada bu sistemin əsasları ilə 1992-ci ildə deklarativ şəkildə qəbul olunmuş qanunun bir-birinə uyğun gəlməməsi fikirləri də var», - deyə Prezident Administrasiyasının rəsmisi vurğulayıb.

Ə. Həsənovun sözlərinə görə, bu yaxınlarda parlamentdə təmsil olunan bir qrup partiya rəhbəri prezidentə müraciət edib. Müraciətdə «Siyasi partiyalar haqqında» qanuna yenidən baxılması, partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi, partiya institutunun əsasları ilə bağlı müasir yeniliklərin nəzərə alınması kimi məsələlər əksini tapıb. Bu təşəbbüs dövlət başçısı tərəfindən dəyərləndirilib, müvafiq layihə və standartlar hazırlanıb: «Hazırda layihə Avropa Şurasının Venesiya Komissiyasına göndərilib. Venesiya Komissiyasının rəyi nəzərə alınmaqla, düşünürəm ki, yay tətilindən sonra biz bu dəyişikliklərin siyasi partiyaların iştirakı ilə ictimai müzakirəsini keçirəcəyik. Sonra layihə parlamentə təqdim olunacaq. Azərbaycan hakimiyyətinin mövqeyi ondan ibarətdir ki, «Siyasi partiyalar haqqında» qanun müasir tələblərə cavab verməlidir».
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 485

Oxşar yazılar