BMT nümayəndəsi: “Azərbaycan hökuməti bu sahədə dünya birincisidir”
19 may 2011 17:20 (UTC +04:00)

BMT nümayəndəsi: “Azərbaycan hökuməti bu sahədə dünya birincisidir”

Lent.az-ın məlumatına görə, bunu BMT-nin Qaçqınlar üzrə ali komissarı Antonio Quterreş Azərbaycana səfərinin yekunu olaraq bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O, Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərlə bağlı gördüyü işlərlə yaxından tanışlıqdan məmnunluğunu ifadə edərək, bu yöndəki fəaliyyəti təqdir etdiyini söyləyib. Azərbaycan hökumətinin bu sahədə gördüyü işlər, qaçqın və məcburi köçkünlərin sosial durumunun yaxşılaşdırılması sahəsinə qoyulan maliyyə vəsaiti sahəsində dünyada birinci olduğunu bəyan edən BMT rəsmisi dünyanın bu faktı etiraf etməli olduğunu vurğulayıb.

Azərbaycan hökuməti bu sahəyə yetəri qədər diqqət ayırdığı üçün BMT-nin Azərbaycanda olan qaçqın və köçkünlərə yardımı dayandırdığını söyləyən A. Quterreş, bununla belə, Ermənistanda yaşayan qaçqınlarla bağlı ciddi problemlərin olduğunu və bu səbəbdən də beynəlxalq aləmə həmin qaçqınlara yardım edilməsi ilə bağlı müraciət etdiklərini qeyd edib.

Azərbaycandan Ermənistana köçən qaçqınlara yardım etmək üçün Ermənistan dövlətinin maddi imkanlarının olmadığını bəyan edən BMT rəsmisi Azərbaycanda bu sahədə problem olmadığını bildirib: “Azərbaycan hökuməti BMT-nin bu ölkəyə ayırdığı yardımları kölgədə qoyaraq, qaçın və köçkünlərlə bağlı çox böyük işlər görür. Mənə bildirdilər ki, Bakıda yaşayan məcburi köçkünlərin də yeni qəsəbələrə köçürülməsi ilə bağlı maliyyə vəsaiti ayrılıb. Lakin Ermənistan dövlət büdcəsi qaçqınlarla bağlı proqramları həyata keçirməyə imkan vermir. Biz dövlətlərin büdcələrinə müdaxilə edə bilmərik”.

Dağlıq Qarabağ münaqişəsinin siyasi yönümü ilə maraqlanmadıqlarını deyən ali komissar vəzifələrinin ancaq humanitar dəstəyə ehtiyacı olan qaçqın və köçkünlərin problemləri ilə maraqlanmaq və onların həllinə nail olmaq olduğunu qeyd edib: “Humanitar problemlərinin həllinin də siyasətdən keçdiyini bilirik. Ancaq biz, Qarabağ probleminin siyasi tərəfi ilə bağlı şərh vermirik. Mənim vəzifəmin əsas prinsiplərindən biri də siyasi məsələlərə qarışmamaqdır”.

Antonio Quterreşlə birlikdə mətbuat konfransında iştirak edən Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin rəhbəri Əli Həsənov da öz növbəsində ali komissarın Azərbaycana səfərinin əhəmiyyətindən bəhs edərək, onun bu səfərinin Qarabağ probleminin bir daha dünya ictimaiyyətinin diqqətinə səbəb olacağını bəyanlayıb: “Cənab Quterreş obyektiv bir adam kimi beynəlxalq aləmdə Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması istiqamətində gördüyü işləri danışacaq. Hökumətin bu sahədə gördüyü işlərlə ali komissar özü şəxsən tanış oldu, bir sıra yerlərdə məcburi köçkünlərlə görüşüb, onların durumu ilə maraqlandı”.

Əli Həsənov onu da qeyd etdi ki, A.Quterreş bu gün Dövlət Miqrasiya Xidmətində də görüş keçirərək, Azərbaycanda yaşayan miqrantların problemləri və onların həlli məsələləri ilə də maraqlanıb.

Qeyd edək ki, Antonio Quterreşin Azərbaycana səfəri bu gün başa çatır.

Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 694

Oxşar yazılar