BAXCP-dən Pənah Hüseynə sərt ifadələr
19 may 2011 13:15 (UTC +04:00)

BAXCP-dən Pənah Hüseynə sərt ifadələr

Müxalifətçilərin “Yessentuki davası” davam edir. BAXCP sədri Qüdrət Həsənquliyevin gəncləri razılaşdırılmamış etiraz aksiyasına çağıran İctimai Palatanın Koordinasiya Şurasının üzvlərinin onların həbsdə olduqları vaxtda Yessentuki kurort şəhərində istirahət etmələri barədə ittihamı qarşı tərəfi qıcıqlandırıb.

Bu ittihama əvvəlcə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu cavab verib və o, Yessentukiyə istirahətə deyil, müalicəyə gəldiklərini bildirib.

Q. Həsənquluyev isə buna cavabında “Rauf bəyin səhhətində problem varsa, Allahdan ona şəfa diləyirəm. Yessentukiyə böyük məmnuniyyətlə gedərdim. Rauf bəy öz qəzetində mənim hər çıxışımdan sonra onu sifarişlə etdiyimi yazır. Həccə getsə də, Allahdan qorxmur. Mən isə kiçik bir həqiqəti demişəm. Sözün doğrusu, mən çıxışımda Rauf Arifoğlunu yox, böyük qələbələrdən danışan, İctimai Palatanın "beyni" və "lokomotivi" Pənah bəyi nəzərdə tutmuşdum. Ona da şəfa diləyirəm, İctimai Palatanın Yessentukidə olan digər üzvlərinə də...” deyib.

O bildirib ki, onlar Yessentukiyə gedəndən sonra da gənclərdən həbs edilənlər olub: “Gənclər razılaşdırılmamış mitinqə onların qərarı ilə çıxmışdılar. İndi gənclər həbsxanada, onlar isə kurortdadır. Heç olmasa istintaqın bitməsini gözləmək olardı. Öz əməllərində nöqsan görməyib, mənə qarğış edirlərsə, bunu onların vicdanına buraxıram. Açıqlamamda hər hansı çirkinlik və təhqir görmürəm. Fikirlərimdə hər kəsi, xüsusilə də gəncləri düşündürməli olan və hər kəsə bəlli kiçik bir fakt yer alıb. Uşaqlar həbsdədir, onlar isə kurortda. İctimai Palatanın başında duranlar başqalarını aksiyaya çağırıb özləri çıxmırlar, başqa qadınları mitinqlərə dəvət etdikləri halda, öz qadınlarını aksiyalara buraxmırlar. Sonra da istəyirlər ki, heç kim bu barədə danışmasın. Özləri də söz azadlığı tələb edirlər. Tənqidlərimə nifrətlə yox, soyuq başla yanaşsalar, onlara çox böyük faydası olar”.

Bu açıqlama Pənah Hüseynin sərt təpkisi ilə qarşılanıb. P. Hüseyn Q. Həsənquliyevi hökumətdən sifariş almaqda ittiham edib, onun ünvanına təhqiramiz ifadələr işlədib, siyasi fəaliyyətini və şəxsi həyatını təftiş edib: “Q. Həsənquliyevin siyasi bioqrafiyasında nə isə orijinal, yaradıcı bir şey yoxdur. Bu yaxınlarda İctimai Palatanın Yol Xəritəsinin guya onun rəhbərlik etdiyi partiyanın sənədlərindən mənimsənilməsi iddiasının necə biabırçı şəkildə boşa çıxdığını hamı gördü. Amma etiraf etmək lazımdır ki, Azərbaycanın siyasi leksikonuna “donqili” sözünü o gətirib. Burda qeydsiz – şərtsiz müəllifdir. Onun yaradıcılığını inkişaf etdirərək deyə bilərik ki, “donqili” şirkətlər olduğu kimi, “donqili” siyasətçilər, “donqili” deputatlar və “donqili” adamlar da olur. Bunlardan ən tipik nümunəsi Qüdrət Həsənquliyevin özüdür. “Donqili” olmayan ailə, qadın söhbəti etməz. Gözəl Bayramova, Vəfa Cümşüdlü və yüzlərlə bizim qadın siyasi liderlər meydanlara öz ürəkləri, iradələri, cəsarətləri ilə çıxıb. Onların siyasətçi böyüklüyünə cinsi kişi olan min siyasətçi “müxalifətçi” sığar. Ümumiyyətlə isə Q. Həsənquliyevin qadınlardan danışmağa mənəvi haqqı və dili olmasın gərək”.

Bu gün isə BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib ki, Pənah Hüseyn BAXCP sədrinin əsaslandırılmış və əxlaq çərçivəsində ifadə olunmuş fikirlərinə əxlaqsız münasibət açıqlayıb: “Azərbaycan xalqı Qüdrət Həsənquliyevin də, Pənah Hüseynin də açıqlamalarını gördü. Pənah Hüseyn öz açıqlamasıyla sübuta yetirdi ki, o nəinki siyasətçi deyil, hətta küçə gədəsi və nakişidir. Pənah Hüseyn öz açıqlaması ilə həm də kimin tərəfindən hürdürüldüyünü də nümayiş etdirdi”.

Qeyd edək ki, hazırda İctimai Palatanın Koordinasiya Şurasının üzvləri Rauf Arifoğlu, Pənah Hüseyn və İkram İsrafil Yessentuki kurort şəhərində müalicə alırlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 565

Oxşar yazılar