Hidayət Orucov: “Gürcüstan Müsəlmanları İdarəsinin yaradılmasından ciddi narahatıq”
18 may 2011 16:30 (UTC +04:00)

Hidayət Orucov: “Gürcüstan Müsəlmanları İdarəsinin yaradılmasından ciddi narahatıq”

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Gürcüstan Patriarxının xüsusi nümayəndəsi, Gürcü Pravoslav Kilsəsinin Xornabuci və Hereti Yeparxiyasının yepiskopu Arkadi Xaçidzeni və Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidzeni qəbul edib. Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə din sahəsində ikitərəfli əlaqələr, Azərbaycandakı gürcü pravoslav məbədlərinin mövcud vəziyyəti və onlara məxsus dini icmaların fəaliyyəti müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanda digər konfessiyalar kimi, gürcü pravoslav dini icmalarına da fəaliyyət göstərmələri üçün hər cür şərait yaradıldığını deyən Hidayət Orucov bu sahədə heç bir problemin olmadığını bildirib. Hidayət Orucov qeyd edib ki, Dövlət Komitəsi Qax rayonunda iki gürcü pravoslav dini icmasını dövlət qeydiyyatına alıb və onlar hazırda sərbəst fəaliyyət göstərirlər. Onun sözlərinə görə, Azərbaycanda yaşayan gürcülərdən fərqli olaraq, Gürcüstanda yaşayan soydaşlarımızın din sahəsində ciddi problemləri var: “Təəssüf ki, bu problemlərin bir qismi hələ də qalmaqdadır. Üstəlik, bu yaxınlarda Gürcüstan Müsəlmanları İdarəsi adlı yeni qurumun yaradılması soydaşlarımızın ciddi narazılığına səbəb olub. Bu, bizim üçün çox gözlənilməz hadisədir və ciddi narahatlığımız var. Gürcüstanla Azərbaycan həmişə mehriban qonşu ölkələr, xalqlarımız isə dost və qardaş olublar. Buna görə də belə hadisələr təəssüf doğurur. Çox istərdim ki, bu məsələ ilə bağlı narahatlığımızı Patriarx II İlya həzrətlərinə çatdırasınız”.

Hidayət Orucov Azərbaycanda qeyri-islam təmayüllü din icmalara xaricdəki mərkəzlərinə tabe olmaq hüququ verildiyini bildirib. Həmin dini icmalarda xaricdəki mərkəzləri tərəfindən təyin olunmuş ruhanilər fəaliyyət göstərirlər: “Bu məsələdə heç bir icmaya məhdudiyyət qoyulmayıb. Hətta, mənsublarının sayı çox az olan dini icmaların da bu qaydada fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılıb”.

Dövlət Komitəsinin sədri Gürcüstanda azərbaycanlılar yaşayan kəndlərdə xaçların qoyulmasından və bunun soydaşlarımızın narazılığına səbəb olmasından da danışıb. O xatırladıb ki, bu məsələni 2009-cu ildə Gürcüstana rəsmi səfəri zamanı Patriarx II İlya, Gürcüstanın yüksək səviyyəli rəsmiləri və Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadze ilə müzakirə edib: “Ancaq problemin həlli ilə bağlı vədlər verilsə də, təəssüf ki, bu istiqamətdə hələ də ciddi addımlar atılmayıb”.

Görüşdə digər məsələlər də müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 454

Oxşar yazılar