Gülağa Aslanlı: “Müsavat Partiyası təkbaşına mitinq keçirməyi düşünmür”
30 aprel 2011 11:32 (UTC +04:00)

Gülağa Aslanlı: “Müsavat Partiyası təkbaşına mitinq keçirməyi düşünmür”

“Mitinqin təyin olunması ilə bağlı məsələ Müsavat Partiyasının strukturlarında müzakirə olunarkən Bakının və məcburi köçkün rayonların Bakıda yerləşən təşkilatları sədrlərinin iştirakı ilə keçirilən Sədrlər Şurasına daxil olan şəxslər mitinqin mayın 15-də keçirilməsinin zəruri olduğunu vurğulamışdılar. Biz də bu məsələni müavinliyin iclasında müzakirə edib partiya başqanı İsa Qəmbərin diqqətinə çatdırmışdıq. Gözəl Bayramlının həbsinə həsr olunmuş qadınların tədbiri zamanı da xanımlar mayın 15-də mitinq keçirilməsi haqqında qərar verilməsini istəyirdilər. Bunu həm Müsavatdan, həm də digər partiyalardan olan xanımlar deyirdi”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini, İctimai Palatanın katibi Gülağa Aslanlı deyib. G. Aslanlı bildirib ki, Müsavat Partiyası İctimai Palatada (İP) tək olmadığından, İP-in səs çoxluğu ilə verilən qərarına əməl edilməlidir: “Ancaq hər şey ola bilər. Məsələn, bir həftəyə İctimai Palatanın sessiyası çağırıla və mayın 15-nə mitinq təyin edilə bilər. Ona görə də biz bu məsələni şişirtmək, kiminsə üzərinə getmək fikrində deyilik. Biz öz fikrimizi bildirdik, təklifimizi verdik, İctimai Palata da qərar qəbul etdi. Biz yəqin ki, həmin qərarın həyata keçməsi üçün imkanlarımızdan istifadə edəcəyik”.

G. Aslanlı Müsavat Partiyasının İP-dən ayrıca mitinq keçirməsinin tərəfdarı olmadığını da deyib: “Düzdür, bu, Müsavatın hüququdur. Ola bilər ki, gələn bazar ertəsi Divan iclasında bu məsələ qaldırılsın və müzakirə olunsun. Mənim isə fikrim budur ki, bu gün Müsavat Partiyası İctimai Palatadan kənarda mitinq keçirməyi düşünmür”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1533

Oxşar yazılar