Qorbaçov Bakı hadisələrinə görə məhkəməyə verilib
31 mart 2011 14:26 (UTC +04:00)

Qorbaçov Bakı hadisələrinə görə məhkəməyə verilib

Antisovet təbliğatına görə Sovet İttifaqından sürgün olmaqla məşhurlaşan yazıçı və alim Vladimir Bukovski Böyük Britaniyanın Vestminister Mülki Məhkəməsinə müraciət edərək Mixail Qorbaçovun həbsini tələb edib. APA-nın məlumatına görə, o, öz tələbini Mixail Qorbaçovun SSRİ-yə rəhbərlik etdiyi dövrlərdə törətdiyi cinayətlərlə əsaslandırıb. Bukovskinin Qorbaçova qarşı irəli sürdüyü ittihamlar sırasında 1989-1991-ci illərdə Tiflis, Bakı və Vilnüsdə antisovet nümayişlərini dağıtmaq barədə əmrlər də var.

Məhkəmə Bukovskinin müraciətini qəbul etməyib. Məhkəmənin iddiaçıya verdiyi cavabda bildirilir ki, Mixail Qorbaçov hazırda Böyük Britaniyaya rəsmi missiya ilə gəlib və baş nazir Devid Kemeronla görüşməyə hazırlaşır. Bu isə sabiq sovet liderinin toxunulmazlığa sahib olması deməkdir.

Vladimir Bukovski isə bildirib ki, onda olan məlumatlara görə, hazırda Londonda olan SSRİ-nin sabiq prezidentinin səfəri şəxsi xarakter daşıyır: “Çünki o heç bir dövlət vəzifəsi tutmur və Rusiyanı təmsil edə bilməz”. Dissident məhkəmənin qərarından şikayət verməyə hazırlaşır.

Xatırladaq ki, dünən Londonda, “Royal Albert Hall”da Mixail Qorbaçovun 80 illiyi münasibətilə tədbir keçirilib.

Vladimir Bukovski 1976-cı ildə çilili inqilabçı Luis Korvalanla dəyişdirilərək ölkədən sürgün edilib. Buna qədər o 12 il həbs düşərgələrində saxlanıb və ruhi-əsəb klinikalarında məcburi müalicə keçib. Bukovski 2008-ci ildə Rusiyada prezident seçkilərində iştirak etmək istəsə də, MSK onun namizədliyini qeydə almayıb. Vladimir Bukovski Andrey Saxarov və Aleksandr Soljenutsın kimi məşhur sovet dissidentlərindən sayılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 582

Oxşar yazılar