Diaspor: ürəklərə köçmüş Vətən... - ARAŞDIRMA
28 fevral 2011 18:35 (UTC +04:00)

Diaspor: ürəklərə köçmüş Vətən... - ARAŞDIRMA

Diaspor nədir?
“Diaspor” qədim yunan dilindən tərcümədə zərrələr halında dağılma (yaxud toxum səpələnməsi) mənasını verir. Qədim yunanlarda diaspor kəlməsi bir şəhərdən çıxıb, dünyanın müxtəlif yerlərində yaşayaraq əlaqə quran xalq mənasında işlədilirdi. Müasir nəzəriyyələrdə isə qısa tərifi belədir: hər hansı xalqın və ya etnik birliyin müəyyən hissəsinin mənsub olduğu ölkənin – doğma vətəninin hüdudlarından kənarda yaşayan hissəsi diaspor adlanır

Müasir dünyada diaspor böyük əhəmiyyət daşıyan bir fəaliyyət sahəsinə çevrilib. Bəli, məhz fəaliyyət sahəsi. Lakin fərqli bir fəaliyyət sahəsi. O mənada ki, “diaspor fəaliyyətilə məşğul olmaq” - hansısa işi görərək günlük, ya da aylıq maaş almağa bənzəmir. Bu, daha çox siyasi yönümlü ictimai fəaliyyətin formalarından biridir: öz ölkəndən kənarda, özü də ən faydalı ictimai-siyasi fəaliyyət. Ancaq bu, həm də ürək məsələsidi, yəni diaspor fəaliyyəti hesabat verirmiş, yaxud plan doldururmuş kimi edilməməli, ürəklə görülməlidir!

Tarixə diqqət etdikdə görürük ki, diaspor fəaliyyəti daha çox dövləti, Vətəni olmayan xalqlara lazım olub. Məhz bu səbəbdən - bəzi millətlərin vətəni olmadığından onların diaspor fəaliyyəti güclü olub. Biz azərbaycanlıların vətənimiz, dövlətimiz (Azərbaycan Respublikası) olduğu üçün diaspora o qədər də ehtiyacımız olmayıb. Ancaq artıq dünyada miqrasiya genişlənib, insanlar iş dalınca və başqa səbəblərdən ayrı-ayrı ölkələrə köçürlər. Bu, normal bir prosesdir, insanlar ölkədən-ölkəyə köçür, dünya kiçilir və beləliklə də sərhədlərin önəmi azalır. Bununla yanaşı diaspor təşkilatları da güclənir. Müasir dünyada diasporun önəmi də artıb.

Diasporumuzun tarixi barədə qısa arayış

1949-cu ilin fevralın 1-də Türkiyənin Ankara şəhərində Məhəmməd Əmin Rəsulzadə tərəfindən yaradılmış Azərbaycan Kültür Dərnəyi dünyada Azərbaycan diasporunun təşkilatlanması sahəsində ilk addım oldu. Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli təhlükəsizlik naziri işləmiş Nağı bəy Şeyxzamanlının oğlu Saleh bəy Şeyxzamanlı 1958-cı ildə ABŞ-da Amerikanın Azərbaycan Cəmiyyətini təsis edib. Hazırda bu cəmiyyətə Nağı bəy Keykurunun (Şeyxzamanlı) nəvəsi, xanım davamçısı Tomris Azəri rəhbərlik edir. Bu hadisələr əsasən Azərbaycan diasporunun tarixində təşkilatlanma mərhələsinin məhz ötən əsrin ortalarından başladığını söyləməyə əsas verir. II Dünya müharibəsindən sonrakı dövr Azərbaycan diasporunun tarixində yeni bir mərhələ ilə əlamətdar olub. Müharibə dövründə və sülhün bərqərar olunmasından sonra xaricdə yaşayan həmvətənlərimizin sayı əhəmiyyətli dərəcədə artıb. Onların arasında hərbi əməliyyatlar zamanı əsir düşmüş və müharibə başa çatdıqdan sonra müxtəlif səbəblər üzündən Avropa ölkələrində məskunlaşmış azərbaycanlılar əksəriyyət təşkil edib. Sovet rejiminin amansız və qəddar cəza tədbirləri, qanlı repressiyaları onların bir çoxunu geri qayıtmaqdan çəkindirib, beləliklə xaricdə yaşayan azərbaycanlıların sayca artmasına səbəb olub.

Onu da qeyd etmək lazımdır ki, təxminən 30 milyondan çox azərbaycanlının tarixən yaşadığı indiki İran ərazisindən də son onilliklər ərzində mühacirət edənlərin sayı Azərbaycan Respublikasını tərk edənlərin sayından qat-qat çox olub. Lakin əksər hallarda Güney Azərbaycandan gedənlərlə Azərbaycan Respublikasından gedənlər eyni təşkilatda təmsil olunurlar. (Məsələn, Dünya Azərbaycanlıları Konqresini buna misal göstərmək olar. Hazırda hər iki DAK-ın həmsədrlərindən biri Güney Azərbaycandan, biri isə Azərbaycan Respublikasındandır).

Diasporla İş üzrə Dövlət Komitəsi

Bu qurum Azərbaycan prezidenti Heydər Əliyevin “Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” 2002-ci il 5 iyul tarixli fərmanı ilə xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədi ilə yaradılıb və qurum Nazim İbrahimovun sədrliyi ilə fəaliyyətə başlayıb. 2008-ci il noyabrın 19-da isə prezident İlham Əliyevin imzaladığı sərəncamla Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycanda bu sahəyə aid müstəqil və geniş səlahiyyətli bir qurumun yaradılması sonralar Türkiyə, Gürcüstan, Ermənistan və digər bu kimi ölkələr üçün də nümunə olub: onlar da Azərbaycandan sonra analoji qurumlar yaradıblar.

Xaricdə yaşayan azərbaycanlılarla iş sahəsində dövlət siyasətinin əsasları 2002-ci il dekabrın 27-də qəbul edilmiş “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən olunur. Bu qanun Azərbaycan diasporunun inkişafına dövlət qayğısının daha da artırılması, bu sahədə ciddi nailiyyətlər əldə olunması məqsədi ilə vahid strategiyanın hazırlanması kimi mühüm məsələlərin həllinə imkan yaradan hüquqi prinsipləri müəyyənləşdirir. Bütün bunları isə Azərbaycan dövlətinin dünyanın dörd bir yanında yaşayan soydaşlarımıza və həm də bəzi maraqlı tərəflərə jesti saymaq olar. Dövlət Komitəsinin Təbliğat və informasiya şöbəsinin şöbə müdiri Elşad Miraləm bizimlə söhbətində dedi ki, bu qurumun fəaliyyət göstərdiyi 9 il ərzində xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, soydaşlarımız arasında milli-mənəvi dəyərlərin qorunub saxlanılması, ayrı-ayrı diaspor təşkilatlarımızla əlaqələrin inkişaf etdirilməsi, həmvətənlərimizin hüquq və azadlıqlarının qorunması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib: “Bu gün Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti qaneedici hesab oluna bilər”.

Elşad Miraləm deyir ki, bu gün Azərbaycan Respublikasının diaspor quruculuğu sahəsində dövlət siyasətinin əsas məqsədlərindən biri dünyanın müxtəlif ölkələrindəki icma və birliklərin təşkilatlandırılmasına, Azərbaycan diasporunun əhatə dairəsinin genişləndirilməsinə nail olmaqdır: “Azərbaycan Respublikası dünya azərbaycanlılarının Vətəni kimi yalnız bir ali məqsədə - Dünya Azərbaycanlılarının təşkilatlanmasına, onların mənəvi-ideoloji birliyinin təmin olunmasına, tarixi Vətənlə sarsılmaz tellərlə bağlanmasına xidmət edir. Azərbaycan Respublikasının xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin tələblərinə uyğun olaraq, həmvətənlərimizlə əlaqə sahəsində vəziyyət ətraflı öyrənilir, soydaşlarımızın sosial-məişət və mədəni problemləri araşdırılır, Azərbaycan icmaları arasında əlaqələrin möhkəmləndirilməsi və bu sahədə mövcud olan siyasi, psixoloji maneələrin aradan qaldırılması üçün lazımi işlər görülür. Həmvətənlərimizin hüquqlarının qorunması, eyni zamanda onların mədəni-təhsil və informasiya ehtiyaclarının ödənilməsinin zəruriliyini nəzərə alaraq, Azərbaycan Respublikası bu məqsədlə müxtəlif ölkələrdə müvafiq hüquq müdafiə mərkəzlərinin yaradılması yolunda mühüm addımlar atıb”.

Diaspor təşkilatlarımızın sayı

Dövlət Komitəsindən aldığımız rəsmi məlumata görə, hazırda dünyanın əksər ölkəsində 400-dən çox Azərbaycan icması fəaliyyət göstərir və diasporumuzun təşkilatlanma prosesi bu gün də davam edir: “Xaricdə yaşayan soydaşlarımız ölkəmizin inkişafına, qarşıya çıxan problemlərin həlinə yaxından kömək göstərməyə çalışır, digər ölkələrin diaspor təşkilatları ilə sıx əlaqə saxlayır, dünyanın qabaqcıl ölkələrinin diaspor təcrübələrini öyrənirlər. Xaricdəki həmvətənlərimiz arasında Azərbaycançılıq ideyaları, milli mənəvi dəyərlərimiz getdikcə daha dərindən kök salır. Onlar məskunlaşdıqları ölkələrin ictimai-siyasi, mədəni və işgüzar həyatında mühüm mövqelərə sahib olmaqla yanaşı, həm də Azərbaycanın dünyaya təqdim olunmasına, maddi və mənəvi irsimizin təbliğinə, ölkəmiz əleyhinə yönəlmiş ideoloji təxribatların qarşısının alınmasına öz töhfələrini verirlər. Bu məqsədlə müxtəlif tədbirlər təşkil olunur, görülən işlər kütləvi informasiya vasitələrində işıqlandırılır. Diaspor təşkilatlarımız öz fəaliyyətlərində bu istiqaməti daha da gücləndirməli, yaşadıqları ölkələrdə ölkəmizi layiqincə təmsil etmək üçün öz fəaliyyət dairələrini daha da genişləndirməlidir”.

Bütün azərbaycanlıların Vətəni və dövləti

İndi hər bir azərbaycanlı Rusiya neft sənayesinin qurucularından biri, əfsanəvi neft kəşfiyyatçısı, geoloq Fərman Salmanovun, dünya şöhrətli rəssam Tahir Salahovun, elm aləmində “Zadə” soyadı ilə tanınmış alim Lütfi Əliəsgərzadənin, Fransada yaşayan rəssam Toğrul Nərimanbəyovun, kinodramaturq, “Oskar” mükafatı laureatı Rüstəm İbrahimbəyovun, müğənni, bəstəkar Müslüm Maqomayevin adları ilə fəxr edir, qürur duyur. Onların və başqa adını çəkmədiyimiz məşhurlarımızın və qeyri məşhurlarımızın yeganə Vətəni Azərbaycandır. Bəli, Azərbaycan Respublikası dünya azərbaycanlılarının Vətəni və həm də yeganə dövlətidir. Təbii ki, bunu qısqanclıqla qarşılayanlar da var. Bu qısqanclıq ən çox İran tərəfdən özünü açıq şəkildə göstərib. Məsələn, Dünya Azərbaycanlılarının Bakıda keçirilmiş əvvəlki iki qurultayı İranda çox böyük narazılıqla qarşılanıb. 16 mart 2006-cı il tarixdə Azərbaycan prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının II Qurultayında “biz 50 milyonluq xalqıq” kəlmələri isə bu yöndə səslənmiş ən ali və təsirli bəyanat olub. Azərbaycanda müvafiq dövlət qurumunun – Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti də İran tərəfindən acıqla qarşılanır.

Onlardan maksimum fəaliyyət gözləyirik

Dünya azərbaycanlılarının Vətəninin hansı ölkə olduğu məlumdur: Azərbaycan Respublikası. Bəs ölkəmizin ən böyük problemi nədir? Qarabağ problemi. Yuxarıda qeyd etdiyimiz kimi, müasir dövrdə diaspor fəaliyyətinin önəmi artıb. Bu gün bizə diaspor fəaliyyəti ən çox qısaca “Qarabağ problemi” adlandırdığımız işğal altında olan torpaqlarımızla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün lazımdır. Azərbaycanın diaspor təşkilatları təbii ki, bu yöndə fəaliyyət göstərir, problemin yaranma tarixi barədə həqiqətləri yaşadıqları ölkələrdə çatdırırlar. Məsələn, bu günlərdə 19-cu ildönümünü qeyd etdiyimiz Xocalı soyqırımı ilə bağlı dünyanın ən müxtəlif tədbirlər keçirildi. Bundan başqa, diaspor təşkilatlarımız digər tədbirlər və görüşlər də keçirir. Lakin hazırda Qarabağ kimi problemi olan bizə hər şeyin maksimumu lazım olduğu kimi, diaspor fəaliyyətinin ən geniş forması lazımdır – ən azından torpaqlarımız işğaldan təmizlənənə qədər.

Dozasız tənqid

Bütün bunlarla yanaşı deməliyik ki, diaspor fəaliyyətində də müəyyən çatışmazlıqlar, özünəməxsus neqativ hallar var. Məsələn, əvvəldə yazmışdıq ki, diaspor fəaliyyətilə ürəklə məşğul olmaq lazımdır. Ancaq hansısa tədbirləri ürəksiz, plan doldururmuş kimi edənlərimiz də var. Şəxsi mənafeyi ucbatından hansısa təşkilatların parçalanması kimi xoşagəlməz hallara da rast gəlmişik. Bir neçə il əvvəl Dünya Azərbaycanlıları Konqresi iki yerə məhz bu üzdən ayrıldı. Hazırda hər iki DAK-da Azərbaycanı sevən, Vətənimiz üçün faydalı işlər görən şəxslər var, ancaq qeyd olunan səbəblərdən təşkilat ikiyə ayrılıb.

Bir şeyi də unutmayaq ki, bəzi sahələri, o cümlədən diaspor fəaliyyətini tənqid edəndə də bunu həssaslıqla – tənqidin dozasına diqqət yetirməklə etmək lazımdır. Çünki bayaq haqqında qeyd etdiyimiz qısqanc tərəflər və düşmənlərimiz var.

Pərvin ABBASOV

(Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün)
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1272

Oxşar yazılar