İsraildən vətəndaşlarına xəbərdarlıq: Azərbaycana getməyin
11 fevral 2011 13:04 (UTC +04:00)

İsraildən vətəndaşlarına xəbərdarlıq: Azərbaycana getməyin

İsrailin terrorla mübarizə qərargahı ölkə vətəndaşlarına yaxın günlərdə 9 ölkəyə səfər etməkdən çəkinməyi məsləhət görüb. APA-nın məlumatına görə, İsrail vətəndaşlarının səfər etməsi məqbul sayılmayan ölkələr sırasında Azərbaycanın da adı var. Bundan başqa, siyahıda Gürcüstan, Ermənistan, Türkiyə, Venesuela, Misir, Fİl Dişi Sahili, Mali və Mavritaniya da var. Xəbərdarlıq “Hizbullah”ın liderlərindən İmad Muqniyenin ölümünün üçüncü ildönümü ilə əlaqədardır.


Xatırladaq ki, terrorla mübarizə qərargahı İsrail Milli Təhlükəsizlik Şurasına tabe qurumdur. Qərargah əsasən, terror təşkilatlarının beynəlxalq aktivliyini, müxtəlif ölkələrdə siyasi situasiyanı analiz etməklə məşğuldur. Bu analizlər nəticəsində İsrail vətəndaşlarına bu və ya digər ölkəyə səfər etmək və ya etməmək tövsiyə olunur.


Xatırladaq ki, yanvarın 31-də ABŞ və Böyük Britaniya da öz vətəndaşlarına Azərbaycanda gözlənilən mümkün terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Lakin təhlükənin xarakteri və məlumatın mənbəyi barədə heç bir şərh verilməyib.


Qeyd edək ki, İmad Muqniye 2008-ci il fevralın 12-də Dəməşq yaxınlığındakı Kfar-Susa şəhərciyində qətlə yetirilib. Onun içərisində olduğu “Cip” markalı maşın partladılıb, “Hizbullah” liderləri İmad Muqniyenin qətlinə görə İsraili günahlandırıblar. “Kaftar” ləqəbli Muqniye “Hizbullah”ın xarici əməliyyatlar şöbəsinə və kəşfiyyat bölməsinə rəhbərlik edib, dünyanın bir çox ölkələrində terror aktı törədib, o cümlədən 1992-ci ildə Buenos-Ayresdə İsrail səfirliyini partladıb. O, həmçinin 1985-ci ildə sovet diplomatlarının oğurlanmasını təşkil edib. İmad Muqniyeyə tabe olan şəxslər DTK-nın Beyrut rezidensiyasının əməkdaşları Oleq Spirin və Valeri Mırikovu, həmçinin konsulluq şöbəsinin həkimi Nikolay Svirskini, konsulluq şöbəsinin işçisi Arkadi Katkovu oğurlayıblar. Bir ay sonra Mqaniye girovlardan birini öldürüb, tələblər yerinə yetirildikdən sonra isə digər üç nəfəri azad edib. Rusiya mənbələri İmad Muqaniyenin 2000-ci ilin yanvarında Rusiyanın Beyrutdakı səfirliyinə basqın etdiyini bildirir. Diplomatik missiyanın mühafizə xidməti ilə atışmada öldürülən fələstinli Əbu-Xurabın üzərində “Mən Qroznıya görə qisas alıram” sözləri yazılmış kağız tapılıb.
# 670

Oxşar yazılar