Macarıstanın hərbi prokuroru Azərbaycandadır
08 fevral 2011 17:30 (UTC +04:00)

Macarıstanın hərbi prokuroru Azərbaycandadır

Fevralın 8-də Baş prokuror Zakir Qaralov ölkəmizdə səfərdə olan Macarıstan Respublikasının hərbi prokuroru Arpad Kovaçın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.


Lent.az-ın məlumatına görə, görüşdə Azərbaycan və Macarıstan respublikaları arasında siyasi, iqtisadi, enerji təhlükəsizliyi və digər sahələrdə əməkdaşlığın daha da dərinləşməsi və inkişaf etdirilməsində ölkələrimizin maraqlı olmaları və tədricən yeni əməkdaşlıq mərhələsinə qədəm qoymaqla strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən söhbət açılıb. Baş prokuror, qonaqlara ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində prezident İlham Əliyev tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktlarının, prokurorluğun, o cümlədən hərbi prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında müasirləşmə prosesinin həyata keçirilməsi və köklü islahatların aparılması, eyni zamanda kadr siyasətində ciddi dönüşün yaradılması və şəffaflığın təmin edilməsi, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin fəaliyyəti, həmçinin respublika Hərbi Prokurorluğu orqanlarının strukturu, fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.


Respublikamızda aparılan məhkəmə-hüquq islahatları barədə məlumatlı olduğunu bildirən Arpad Kovaç hər iki ölkənin hərbi prokurorluqları arasında əməkdaşlığın perspektivlərinin müzakirəsi, iş təcrübəsi və məlumat mübadiləsinin, həmçinin istintaq işinin effektivliyinin artırılması məqsədilə qarşılıqlı səfərlərin həyata keçirilməsinin zəruriliyini vurğulayıb.


O, eyni zamanda təmsil etdiyi təşkilatın Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini xüsusi qeyd edib.


Görüşdə hərbi prokurorluq orqanları arasında ikitərəfli qarşılıqlı əlaqələrin genişləndirilməsinin və daha da inkişaf etdirilməsinin zəruriliyi qeyd edilməklə yanaşı, tərəfləri maraqlandıran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.


Qəbulda baş prokurorun müavini - Respublika Hərbi prokuroru Xanlar Vəliyev və digər rəsmi şəxslər iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 725

Oxşar yazılar