Türkiyə MİT müstəşarı Azərbaycana gəlib
07 fevral 2011 15:10 (UTC +04:00)

Türkiyə MİT müstəşarı Azərbaycana gəlib

MTN ictimai əlaqələr mərkəzindən Lent.az-a bildirilib ki, türkiyəli qonaqlar və milli təhlükəsizlik naziri Eldar Mahmudov başda olmaqla nazirliyin bir qrup əməkdaşı Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını, 1918-ci ildə soyqırım məqsədilə Azərbaycanda və paytaxt Bakıda qırğınlar və vəhşiliklər törədən silahlı erməni daşnak dəstələri və nizami qoşun hissələri ilə döyüşlərdə həlak olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib.


Sonra nazir Eldar Mahmudov Hakan Fidanı qəbul edib. Nazir Hakan Fidanın Türkiyə Milli İstihbarat Təşkilatının rəhbəri kimi Azərbaycana ilk səfərinin ölkələrimizin xüsusi xidmət orqanları arasında əməkdaşlıq əlaqələrinin daha da yüksəlməsində önəmli rol oynayacağını bildirib. Eldar Mahmudov regionda gedən proseslər, reallıqlar və meydana çıxan müxtəlif növ təhdidlər, əməliyyat şəraiti və ona təsir göstərən amillər, ümumən təhlükəsizlik problemləri ilə əlaqədar Azərbaycanın həyata keçirdiyi tədbirlər, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin doğurduğu fəsadlar barədə ətraflı məlumat verib.


Görüşdə transmilli mütəşəkkil cinayətkarlıq, hazırda ən aktual vəzifə olan terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində görülən işlər, miqrasiya prosesləri, bundan irəli gələn problemlərlə bağlı tərəflər arasında geniş fikir mübadiləsi aparılıb, Türkiyənin və Azərbaycanın xüsusi xidmət orqanlarının işgüzar və səmərəli əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub.


Hakan Fidan öz növbəsində, hər iki ölkənin təhlükəsizlik maraqlarının təmin olunması sahəsində aktuallıq kəsb edən məsələlər ətrafında aparılan müzakirələrin nəticələrindən razı qaldığını, qardaş Azərbaycana səfərindən xoş təəssüratlar aldığını qeyd edib. MİT rəhbəri dost dövlətlər olan Türkiyə və Azərbaycan, eləcə də müvafiq strukturlar arasındakı münasibətlərin daim inkişaf etdiyini, keçirdiyi görüşlərin ölkələrimizin strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmlənməsi üçün səmərəli olacağına əminliyini vurğulayıb.
# 986

Oxşar yazılar