İranın Stokholmdakı səfirliyi qarşısında etiraz aksiyası
07 fevral 2011 13:51 (UTC +04:00)

İranın Stokholmdakı səfirliyi qarşısında etiraz aksiyası

İsveç Azərbaycan Federasiyası fevralın 6-da İran İslam Respublikasının Stokholmdakı səfirliyinin binası önündə Tehranın anti-Azərbaycan siyasətinə qarşı etiraz aksiyası təşkil edib. İsveç Azərbaycan Federasiyasından Lent.az-a verilən məlumata görə, aksiyada İranın Azərbaycanın daxili işlərinə qarışmasına etiraz ifadə edən şüarlar səsləndirilib.

Aksiyada Azərbaycan icmaları ilə bərabər, türk diasporunun nümayəndələri, azərbaycanlı və türk tələbələr iştirak ediblər. Aksiya bir saat nəzərdə tutulsa da, iştirakçıların xahişi ilə tədbirin vaxtı daha 30 dəqiqə uzadılıb. Aksiya iştirakçıları İranın Azərbaycanın daxili işlərinə qarışmasına və İran tərəfindən işğalçı Ermənistana qarşı yardımlar göstərilməsinə etirazlarını bildiriblər. Aksiyanın sonunda səfirliyin nümayəndəsinə təqdim olunmuş bəyanatda İran rejiminin Azərbaycan dövlətinə qarşı terror, dini fanatizm ixracına son qoyması, Azərbaycan torpaqlarını işğal etmiş Ermənistanı dəstəkləməkdən, o cümlədən İrəvan və Xankəndində yerləşən erməni cinayət mərkəzlərinə yanacaq, silah və nəqliyyat yardımlarını dayandırması tələb olunub. Bəyanatda 35 milyon azərbaycanlının ana dili – Azərbaycan dilinin dövlət dili elan edilməsi tələb edilir.

Eyni zamanda aksiya iştirakçıları İranda ölüm cəzasının ləğv olunmasını, zindanlarda işgəncələrin dayandırılmasını, kişi və qadınların hüquq bərabərliyinin təmin edilməsini və qadınların daş-qalaq edilməsinə son qoyulmasını istəyiblər.
# 583

Oxşar yazılar