Şeyxülislam Şimali Qafqaza səfərə gedib
05 fevral 2011 12:41 (UTC +04:00)

Şeyxülislam Şimali Qafqaza səfərə gedib

Qafqaz Müsəlmanları İdarəsinin
mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ilk öncə Rusiya Federasiyasının Kabarda-Balkar Respublikasına yollanan A. Paşazadə Qafqaz Şeyxülislamı olaraq yerli müsəlmanlarla görüşəcək, daha sonra Kabarda-Balkar Müsəlmanları Ruhani İdarəsi rəhbərinin seçkilərində iştirak edəcək.

QMİ sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Kabarda-Balkarın bu yaxınlarda qətlə yetirilmiş müftisi Anas Pşixaçevin qəbrini ziyarət edəcək, onun ruhuna dualar oxuyacaq ailəsinə baş çəkərək, doğmalarına və yaxınlarına başsağlığı verəcək.

Səfər çərçivəsində Şeyxülislam Allahşükür Paşazadəni Kabarda-Balkar Respublikasının prezidenti Arsen Kanokovun qəbul edəcəyi, qardaş xalqlarımız üçün önəm kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılacağı nəzərdə tutulur.

Daha sonra Şeyxülislam Allahşükür Paşazadə Çeçenistan Respublikasına yola düşəcək. Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun dəvəti ilə baş tutan səfər zamanı QMİ sədrinin Çeçenistan müftisi Soltan Mirzəyev və yerli dindarlarla görüşləri nəzərdə tutulub.

Çeçenistan respublikasının başçısı ilə görüşdə xalqlarımız arasında əlaqələrin inkişafı, Qafqazın ümumi rifahı və xoşbəxt gələcəyi yönündə Qafqaz Müsəlmanları İdarəsi ilə əməkdaşlıq perspektivlərinin müzakirəsi nəzərdə tutulur.

Səfər ərzində QMİ sədri Allahşükür Paşazadəni Şimali Qafqaz Müftiləri Koordinasiya Şurasının sədri müfti İsmayıl Berdiyev müşayiət edəcək. Səfər çərçivəsində Şeyxülislam Allahşükür Paşazadənin Koordinasiya şurasında təmsil olunan müftilərlə görüşləri nəzərdə tutulur.
# 570

Oxşar yazılar