Türk-erməni dostluğunun “simvol”u martda söküləcək
03 fevral 2011 12:25 (UTC +04:00)

Türk-erməni dostluğunun “simvol”u martda söküləcək

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin Qars Bələdiyyəsinin başqanı Nevzat Bozkuş məlumat verib. Bələdiyyə başqanı bu işlərə mart ayında başlamağı planlaşdırdıqlarını bildirib: “Heykəl Qarsdan başqa bir yerdə olsaydı, heç maraqlanmazdıq”.


N. Bozkuş qeyd edib ki, abidənin sökülməsi üçün qanunda nəzərdə tutulmuş qaydada tender elan olunacaq. Qalib gələn şirkət isə söküntü işlərini görəcək: “Oradakı digər mədəni abidələrə, ətrafdakı məzarlığa zərər verməməsi üçün kran heykəli tutacaq. Alət də onu kəsəcək. Bu qaydada abidəni parçalara bölərək oradan götürəcəyik. Bizim bu məsələdə həqiqətən də sayğısızlığımız yoxdur. Əgər heykəltəraş bu heykəli götürüb başqa bir yerdə quraşdırmaq istəsə, kəsdiyimiz parçaları ona verə bilərik”.


O, abidə ilə bağlı işləri qanun çərçivəsində gördüklərini də vurğulayıb.


Xatırladaq ki, “İnsanlıq abidəsi” adlanan və türk-erməni dostluğunun simvolu kimi təqdim olunan abidənin tikintisinə 2008-ci ildə başlanılıb. Abidə ucaldılsa da, tikintisi yekunlaşmayıb. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə bir müddət əvvəl Qarsa səfəri zamanı bələdiyyə başqanı və digər rəsmilərlə görüşündə deyib ki, tarixi-memarlıq üslubuna zidd olan əcaib tikililər sökülməlidir. O, sözügedən abidənin də eybəcər olduğunu bəyan edib. Fevralın 1-də isə Qars Bələdiyyə Məclisi abidənin sökülməsi ilə bağlı qərar qəbul edib.
# 544

Oxşar yazılar