“Rəsulzadənin məzarı Azərbaycana gətirilsin!”
31 yanvar 2011 15:16 (UTC +04:00)

“Rəsulzadənin məzarı Azərbaycana gətirilsin!”

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) rəhbərliyinə daxil olan şəxslər, eləcə də partiyanın Bakı, Sumqayıt və Abşeron təşkilatlarının təmsilçiləri Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin doğumunun 127-ci ildönümü münasibətilə onun Novxanı qəsəbəsindəki abidəsini ziyarət ediblər.

Lent.az-ın verdiyi məlumata görə, bbidə önünə xatirə çələngi qoyulduqdan sonra çıxış edən BAXCP-nin sədri, millət vəkili Qüdrət Həsənquliyev Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan xalqının tarixində mühüm rol oynadığını bildirib.

Qüdrət Həsənquliyev deyib ki, Məhəmməd Əmin Rəsulzadə ideyaları və onun dövrünün ən aparıcı demokratik dövlətçilik ənənələrinə söykənərək müsəlman Şərqində yaratdığı ilk respublika təkcə Azərbaycan xalqının yox, bütün Şərq xalqlarının taleyində silinməz izlər buraxıb: “Tarixin bugünkü mərhələsindən və xalqımızın indiki mədəni, intellektual səviyyəsindən Məhəmməd Əmin Rəsulzadənin yaşadığı dövrə baxdıqda onun və silahdaşlarının nə qədər böyük çətinliklərlə qarşı-qarşıya qaldıqlarını görmək mümkündür. Rəsulzadə və Azərbaycan istiqlalının digər fədailəri bütün Şərqi bürüyən cəhalətin, nadanlığın, totalitar təfəkkürün, mütilik və şahsevənliyin içərisindən heçdən bir bayraq, heçdən bir dövlət yaradaraq, nə qədər böyük bir iradə və nə qədər işıqlı təfəkkür sahibi olduqlarını sübuta yetirdilər. Onların işıqlı xatirəsi əbədi olaraq xalqımızın yaddaşında qalacaq”.

Partiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu gün
BAXCP İdarə Heyətinin də genişləndirilmiş iclası keçirilib. Doğumunun 127-ci ildönümü qeyd olunan Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən söz açan BAXCP İdarə Heyətinin üzvləri onun məzarının Vətəninə gətirilməsi ilə bağlı bir daha hökumətə çağırış ediblər: “Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya haqqında Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi və mənəvi varisi olduğu qeyd olunur. Belə olduğu təqdirdə, Azərbaycan Xalq Cümhuriyyətinin qurucu liderinin məzarının hətta qardaş ölkənin ərazisində olsa da belə qalmasına yol vermək olmaz. Bu səbəbdən Məhəmməd Əmin Rəsulzadənin məzarı qardaş Türkiyə Cümhuriyyətindən banisi olduğu dövlətin - Azərbaycan Respublikasının ərazisinə gətirilməlidir”.

Azərbaycan hökumətini Məhəmməd Əmin Rəsulzadənin məzarının Bakıya köçürülməsi ilə bağlı konkret qərar qəbul etməyə çağıran BAXCP İdarə Heyəti belə bir addımın atılmasının tarixi önəm daşıdığını, xalqımıza və dövlətimizə yalnız başucalığı gətirəcəyini vurğulayıb. BAXCP İdarə Heyəti Azərbaycan hökumətini Məhəmməd Əmin Rəsulzadənin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı da müvafiq addımlar atmağa səsləyib: “Hesab edirik ki, vaxtilə Məhəmməd Əmin Rəsulzadənin abidəsinin ucaldılacağı barədə lövhələrin yerləşdirildiyi ərazilərdə - Rəsulzadənin yaratdığı Bakı Dövlət Universitetinin qarşısında və Neftçilər prospektindəki parkda (Kukla Teatrının qarşısında) Rəsulzadəyə heykəl qoyulmalıdır”.

Qüdrət Həsənquliyev iclasda İdarə Heyətinin üzvlərini BAXCP, Böyük Quruluş və Ədalət partiyalarının təmsil olunduğu “İslahat” deputat qrupunun Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı hazırladığın layihə barədə də məlumatlandırıb. Ölkə həyatının bütün sahələrində islahatların vacibliyini önə çəkən BAXCP sədri “İslahat” deputat qrupunun parlamentə təqdim edəcəyi layihənin əhəmiyyətindən danışıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 980

Oxşar yazılar