Dövlət Komissiyasında qeydiyyatda 4048 nəfər itkin düşmüş şəxs var
27 yanvar 2011 14:21 (UTC +04:00)

Dövlət Komissiyasında qeydiyyatda 4048 nəfər itkin düşmüş şəxs var

Əsir və itkin düşmüş girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və İşçi Qrupunun 2010-cu il ərzindəki fəaliyyəti ilə bağlı hesabatı açıqlanıb.
Dövlət Komissiyasının İşçi Qrupundan Lent.a-a verilən məlumata görə,
bu ilin aprel ayında Kiyev Milli Aviasiya Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Hüquq kafedrasının müdiri beynəlxalq terrorizmlə mübarizə üzrə ekspert Antipenko Vladimir Fyodoroviç və bu təhsil müəssisəsinin professoru olan soydaşımız Arif Quliyev Komissiya sədri Eldar Mahmudov tərəfindən qəbul edilib.

Antipenko Vladimir Fyodoroviç Dövlət Komissiyasının İşçi Qrupunda qəbul olunub. Görüşdə ona Dövlət Komissiyasının yarandığı dövrdən indiyə kimi keçdiyi yol, xüsusən də son beş ildə aparılmış işlər, əldə edilmiş uğurlar, itkinlər problemi ilə bağlı Ermənistanın zaman-zaman tutduğu qeyri-konstruktiv mövqe barədə ətraflı məlumatlar verilib.


Eldar Mahmudov 17 iyun 2010-cu il tarixdə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin başçısı Ton Vandenhovu səlahiyyət müddətinin başa çatması, xanım Şerin Pollinini nümayəndəliyin başçısı kimi fəaliyyətə başlaması münasibəti ilə qəbul etmişdir. Görüşdə Dövlət Komissiyası ilə əməkdaşlıq məsələləri və saxlanma yerlərinin monitorinqi ilə bağlı saziş barədə müzakirələr aparılıb. Eldar Mahmudov 24 noyabr 2010-cu il tarixdə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin başçısı Şerin Pollinini qəbul edib. Görüşdə 4 noyabr və 6 noyabr 2010-cu il tarixlərdə qoşunların təmas xəttində keçirilmiş əməliyyatlar – meyitlərin qarşılıqlı verilməsi, girovun azad olunması, eyni zamanda Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən hər iki tərəfdə saxlanılan əsir və girovlara baş çəkmələr haqqında, Azərbaycan Respublikası ərazisində mövcud olan cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında saxlanılan şəxslərin vəziyyətinin yoxlanılması ilə bağlı saziş barədə, Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə çərçivə sazişi ilə bağlı işin gedişi müzakirə olunub.


Ümumiyyətlə, hesabat dövründə Beynəlxalq Qızıl Xaç Komitəsi ilə 30-a yaxın görüş keçirilib, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə çərçivə sazişindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlər, itkinlərin siyahıları arasındakı fərqin aradan qaldırılması, əməkdaşlığın daha da səmərəli qurulması üçün təkliflər müzakirə olunub, görülmüş işlər nəzərdən keçirilmiş, o cümlədən il ərzində əsir və girov götürülmüş azərbaycanlıların və ermənilərin azad olunması, meyitlərin qaytarılması istiqamətində danışıqlar aparılıb.


Azərbaycan Respublikasının təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən qəbul olunmuş “İtkin düşmüş şəxslər” adlı A/RES/63/183 saylı qətnamə ilə bağlı İnsan Hüquqları Şurasının müvafiq sessiyasında və Baş Assambleyanın 65-ci sessiyasında Baş katib tərəfindən ətraflı məruzənin təqdim olunması üçün adı çəkilən qətnamənin həyata keçirilməsi barədə ətraflı məlumat (rus dilində) hazırlanaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə təqdim edilib. Qətnamə bu il BMT tərəfindən yenidən qəbul olunub.


Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı səmərəli danışıqlar nəticəsində 2-3 mart 2010-cu il tarixdə gecə vaxtı yolu azaraq Ermənistan ərazisinə keçmiş və bu ölkə hərbçilərinin atəşi nəticəsində həlak olmuş Qazax rayon sakinləri - 1982-ci il təvəllüdlü Hüseynov Həsən Hüseyn oğlu və 1983-cü il təvəllüdlü Namazov Sakit Şərif oğlunun meyitləri 3 aprel 2010-cu il tarixdə qarşı tərəfdən alınıb. Qazax rayonu istiqamətində 8 oktyabr 2008-ci il tarixdə əsir götürülmüş, Azərbaycan Ordusunun əsgəri 1989-cu il təvəllüdlü Həsənov Rafiq Rəhman oğlu 7 aprel 2010-cu il tarixdə azad edilərək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə təhvil verilib. Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm və səmərəli danışıqların nəticəsində tərəflər qarşılıqlı olaraq 4 meyitin qaytarılmasını və bir nəfər mülki şəxsin azad olunmasını həyata keçirib. Proseslər 4 noyabr və 6 noyabr 2010-cu il tarixlərdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində, cəbhənin Qazax və Ağdam rayonu istiqamətlərində həyata keçirilib. Birinci prosesdə Azərbaycan tərəfi Ermənistana 11 sentyabr 2010-cu il tarixdə ölkəmizin ərazisində saxlanmış və 5 oktyabr 2010-cu il tarixdə saxlandığı kamerada özünü asaraq intihar etmiş Ermənistan vətəndaşı, 1990-cı il təvəllüdlü Sarıbekyan Manvel Mamikonoviçin meyitini, Ermənistan isə Azərbaycana 28 dekabr 2009-cu il tarixdə girov götürülmüş Azərbaycan vətəndaşı, Tovuz rayon sakini, 1963-cü il təvəllüdlü Tağıyev Eldar Heydər oğlunu qaytarıb.


İkinci prosesdə isə Ermənistan Azərbaycan Respublikasının Tərtər rayonu istiqamətində Ermənistan hərbçilərinin hücumunu dəf edərkən 18 iyun 2010-cu il və 4 sentyabr 2010-cu il tarixlərdə şəhid olmuş Azərbaycan hərbçiləri - İbrahimov Mübariz Ağakərim oğlu və Əhmədov Fərid Güloğlan oğlunun meyitlərini, Azərbaycan isə 15 may 2010-cu il tarixdə itkin düşdüyü bildirilən və 18 iyun 2010-cu il tarixdə meyiti Tərtər çayından tapılmış 1924-cü il təvəllüdlü Arustamyan Qavruşa Xaçaturoviçin meyitini qaytarıb.


Hazırda Azərbaycan Respublikasının ərazisində 6 Ermənistan hərbçisi, 5 nəfərdən ibarət bir erməni ailəsi və bir erməni mülki şəxs (cəmi 12 nəfər) saxlanılır. Həmin şəxslər Beynəlxalq Qızıl Xaç Komitəsinin qeydiyyatındadırlar və mandatına uyğun olaraq bu təşkilat onlara istənilən vaxt baş çəkə bilir. Eyni zamanda, qarşı tərəfdə saxlanılan iki Azərbaycan hərbçisi - 10 may 2009-cu il tarixdə Füzuli rayonu ərazisində əsir götürülmüş 1990-cı il təvəllüdlü Hacıyev Anar Xanbaba oğlu və 22 avqust 2010-cu il tarixdə Daşkəsən rayonu ərazisində əsir götürülmüş 1985-ci il təvəllüdlü Hüseynov Roman Novruz oğlunun azad olunması istiqamətində Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə müvafiq tədbirlər davam etdirilir. Hər iki şəxs Ermənistan Respublikasının Yerevan şəhərində saxlanılır. Beynəlxalq Qızıl Xaç komitəsinin məlumatına görə, onlardan biri Vətənə qayıtmaq arzusunu ifadə edib.


Araşdırma zamanı 6 nəfərin döyüşlərin gedişində itkin düşməsi faktı aşkar edilərək adı müvafiq siyahıya salınıb, 91 itkinin isə taleyi müəyyənləşdirildiyi üçün adları siyahıdan çıxarılıb. 91 nəfərdən 30 nəfərinin həlak olduğu, 21 nəfərinin itkin düşmədiyi, 34 nəfərin adının siyahıda təkrar keçdiyi, 6 nəfərin isə münaqişə bölgəsindən kənarda itkin düşməsi faktı müəyyənləşdirilib. 1 dekabr 2010-cu il tarixə olan məlumata görə, Dövlət Komissiyasında qeydiyyatdan 4048 nəfər itkin düşmüş, 1399 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi keçir. Araşdırmalar nəticəsində Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 10 nəfərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə sağ-salamat qalması və əsir-girov götürülməsinin ehtimal olunduğu müəyyənləşdirilib. Bu faktlar, o cümlədən itkin düşmüş şəxslərlə bağlı aparılmış axtarış-araşdırma tədbirlərinin nəticəsi olaraq 80 şəxs barədə ümumiləşdirilmiş arayışlar tərtib edilib.
Dövlət Komissiyasında olan məlumatların dəqiqləşdirilməsi və itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar müxtəlif dövlət orqanlarına və beynəlxalq təşkilatlara 923 nəfər barədə 1412 sorğu göndərilib. Bu kateqoriyadan olan 200 nəfərin “şəxsi iş”i yaradılmış, 1500-dən artıq itkin barədə toplanmış əlavə məlumat və materiallar onların “şəxsi iş”lərinə əlavə olunub. Dövlət Komissiyasında və Beynəlxalq Qızıl Xaç Komitəsində itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 588 şəxslə bağlı verilmiş sorğulara əsasən daxil olmuş cavablar, əldə olunmuş digər məlumatlar (o cümlədən anket məlumatlar), təhlil edilmiş və sistemləşdirilərək müvafiq bazalara əlavə edilib.

Maliyyə Nazirliyindən daxil olmuş sorğuya əsasən, itkin düşmüş hərbçilərin ailələrinin gələcəkdə sosial müdafiəsinin gücləndirilməsi məqsədilə tədbirlərin görülməsi üçün Dövlət Komissiyasında qeydiyyatda olan bu kateqoriyadan olan şəxslər barədə məlumatlar sistemləşdirilərək bu quruma göndərilib.


İtkin düşmüş 57 vətəndaşın valideynləri tərəfindən Respublika Prezidentinə, “Heydər Əliyev Fonduna, Dövlət Komissiyasının sədrinə və digər dövlət orqanlarına ünvanlanmış ərizələrə baxılıb, qaldırılmış məsələlər araşdırılmış, görülmüş işlərlə əlaqədar Respublika Prezidenti İcra Aparatına, Heydər Əliyev Fonduna, digər aidiyyəti orqanlara və vətəndaşlara məlumatlar verilib.


Ermənistanın Azərbaycana təcavüzü, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün şəraitinə düşməsi, ermənilər tərəfindən törədilmiş terrorçuluq əməlləri və soyqırım cinayəti barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və insanlığa qarşı cinayət olan Xocalı qətliamının 18-ci ildönümü ilə əlaqədar “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Dövlət Komissiyası Azərbaycan Respublikasının Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərindəki səfirlikləri ilə birgə silsilə tədbirlər keçirib. Tədbirlər ardıcıl olaraq 2010-cu il fevral ayının 21-də Azərbaycan Respublikasının Qətər Dövlətində, fevral ayının 22-də Küveyt Dövlətində və fevral ayının 25-də Birləşmiş Ərəb Əmirliklərindəki səfirliklərində təşkil edilib. Almaniyada və Belçikada fəaliyyət göstərən Azərbaycan və Türk diaspor təşkilatlari tərəfindən “31 mart azərbaycanlıların soyqırım günü” ilə əlaqədar həmin ölkələrin müxtəlif şəhərlərində (Berlin, Köln, Frankfurt və Brüssel) təşkil olunmuş kütləvi tədbirlərdə Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri və İşçi Qrupunun əməkdaşı iştirak ediblər. Tədbirlərdə Dövlət Komissiyası İşçi qrupunun rəhbəri Firudin Sadıqov Ermənistanın Azərbaycana təcavüzü zamanı törədilmiş cinayət faktları ilə bağlı geniş məruzə edib, komissiyanın hazırladığı əyani vəsaitlər (plakatlar, kitablar, CD və DVD-lər) nümayiş olunub və yayılıb.

Bu ilin iyun ayının 1-dən 8-dək İspaniyanın Qranada Universitetində fəaliyyət göstərən Genetik İdentifikasiya Laboratoriyasının direktoru, DNK nümunələrinin götürülməsi və analizlərinin aparılması sahəsində tanınmış alim Xose Antonio Lorentonun dəvəti ilə onlar tərəfindən təşkil edilmiş seminar-təlimlərdə Dövlət Komissiyası İşçi qrupunun rəhbəri səviyyəsində təmsil olunub. Seminar çərçivəsində tanınmış alimlə görüş keçirilib və Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı yaranmış vəziyyət barədə ona ətraflı məlumat verilib. Xose Antonio Lorento gələcəkdə uşaqlara aid meyit qalıqlarının ekspertiza və identifikasiyası prosesində bizə yardımçı olmaq istəyini ifadə edib. Oktyabr ayının 25-dən noyabr ayının 11-dək İsveçrənin Sürix şəhərində İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (İSMP) təşkil etdiyi beynəlxalq seminarda Dövlət Komissiyası İşçi qrupunun rəhbəri səviyyəsində təmsil olunub. Seminar iştirakçılarına Ermənistanın Azərbaycana təcavüzü nəticəsində itkin düşmüş, əsir girov götürülmüş şəxslərlə işin gedişi barədə ətraflı məlumat verilib.


Dövlət Komissiyasının materialları əsasında TRT tərəfindən hazırlanmış “Erməni terrorizmi” adlı sənədli film ərəb dilinə tərcümə olunmuş və “Space TV”də montaj edilərək çoxaldılıb. Film Ərəb ölkələrinə səfərlər zamanı nümayiş etdirilib və yayılıb.


Dövlət Komissiyasının apardığı araşdırmaların nəticəsində hazırda itkin düşmüş şəxs kimi qeydiyyata alınmış vətəndaşlarımızın böyük bir hissəsinin hərbi əməliyyatların gedişində əsir və girov götürülməsi faktları müəyyənləşdirilib. Bu faktlar bir qayda olaraq beynəlxalq təşkilatlarla aparılan danışıqlarda, xarici ölkələrə səfərlər zamanı həmişə diqqət mərkəzində olur. Onların sonrakı taleyi barədə məlumatların verilməsi Ermənistandan tələb edilir. Lakin Ermənistan tərəfi hələ də bu şəxslər barədə məlumatları israrla gizlətməkdə davam edir.


Son dörd ildə aparılmış araşdırmalar nəticəsində intensiv hərbi əməliyyatların gedişində əsir və girov götürülməsi faktı məlum olmuş 200 nəfərdən artıq şəxsin 125-i barədə materiallar sistemləşdirilərək yeni – “QSM-7 təsdiq edir” adlı kitab və kitabın DVD versiyası azərbaycan və ingilis dillərində nəşr edilib. Kitabda əsir və girov götürülməsi, eyni zamanda əsir və girovların Ermənistanın hərbi hakimiyyət dairələri tərəfindən öldürülməsinə əmr verilməsini təsdiq edən faktlar öz əksini tapıb. Bu faktlar 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən Kəlbəcərin işğalı zamanı Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi aidiyyəti xidməti tərəfindən əldə edilib.


Hesabat dövründə Dövlət Komissiyası tərəfindən hazırlanmış materiallar xüsusən xarici ölkələrdə yayılmasına ayrıca diqqət yetirilmişdir. Belə ki, 1500 nüsxədə Dövlət Komissiyasının materiallar toplusu, 15 adda 6015 ədəd kitab, 11 adda 17100 ədəd kompakt disk tərəfimizdən yayılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 837

Oxşar yazılar