Türkiyə prezidenti: “Ermənistan bilir ki...”
25 yanvar 2011 17:30 (UTC +04:00)

Türkiyə prezidenti: “Ermənistan bilir ki...”

APA-nın Avropa bürosunun məlumatına görə, fransız deputatın “Türkiyə niyə indiyə kimi 1915-ci il hadisələrini soyqırımını kimi tanımaq istəmir” sualının cavabında A. Gül Türkiyənin bütün qonşu ölkələrlə yaxşı münasibətlərinin qurulmasının tərəfdarı olduğunu bildirib: “Türkiyənin son vaxtlar tətbiq etdiyi xarici siyasətdən xəbəriniz var. Türkiyə qonşuları ilə sıfır probleminə söykənən xarici siyasət kursu həyata keçirir. Ermənistan da bizim qonşumuzdur və biz 1-ci Dünya müharibəsində acı hadisələrin yaşandığı bir neçə ili çıxmaq şərti ilə min illər birgə yaşamışıq. Bunun xaricində, bizim ortaq mədəniyyətimiz, ortaq anlayışlarımız var. Ermənistanla da münasibətlərimizi yaxşılaşdırmağı çox arzu edirik. Ermənistana ilk səfər edən Türkiyə prezidenti mən oldum, Ermənistan prezidentinə yazdığım məktubda da münasibətlərin normallaşdırılması yönündə cəsarətli addımların atılmasının vacibliyini qeyd etmişdim”.


A.Gül bildirib ki, əsas məqsəd münasibətləri normallaşdırmaqdır, siyasi iradəmiz də bu istiqamətə yönəlib: “Bildiyiniz kimi, iki ölkə arasında protokollar imzalandı. Bunların ratifikasiya olunmasının arzu edirik. Lakin Azərbaycan torpaqlarının 20%-nin Ermənistan tərəfindən işğalı faktı BMT Təhlükəsizlik Şurasının qətnamələrində təsbit olunub və tanınır. Bu işğala son verilməsi tələb olunur. Bunu gərəksiz bir hadisə kimi bir kənara qoymaq olmaz. Siz sualınızda “Azərbaycanın torpaqları işğal olunduğu üçün bu protokolları ratifikasiya etmirsiniz” deyirsinizsə, o zaman Siz də sanki bu işğal faktını əhəmiyyətsiz bir şey kimi dəyərləndirirsiniz. Bu isə Avropa Şurasının da, BMT-nin də prinsiplərinə çox ziddir. Azərbaycanın ərazi bütövlüyü hamı tərəfindən tanınır, hətta Ermənistan da işğal etdiyi torpaqların Azərbaycana aid olduğunu bilir. Qafqazın təhlükəsiz əməkdaşlığa dayanan regiona çevrilməsi vacibdir. Türkiyə, Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya da daxil olmaqla bu coğrafiyanı təhlükəsiz əməkdaşlığa dayanan region halına gətirmək lazımdır. Bu problemlərin olduğu halda, Qafqaz regionu Avropa ilə Asiya arasında divar olaraq qalacaq. Amma burada təhlükəsizlik təmin olunsa, problemlər həll edilsə, o zaman Qafqaz Avropa ilə Asiya arasında çox böyük bir qapıya çevrilər, bütün Qafqazın rifahı, iqtisadiyyatı sürətlə inkişaf edər. Buna görə, hamımızın birgə bu problemləri həll etmək üçün səy göstərməyimiz lazımdır. Bizim bu istiqamətdə çox böyük siyasi iradəmiz var. Umid edirik ki, regiondakı problemlər həllini tapacaq və Qafqaz yüksək səviyyəli əməkdaşlıq regionuna çevriləcək və inkişaf edəcək. Biz indiyə qədər atdığımız addımların arxasındayıq və bunu davam etdirməkdə qərarlıyıq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 549

Oxşar yazılar