Mətbuat Şurasında ŞKTC nümayəndə heyəti ilə görüş keçirilib
25 yanvar 2011 16:59 (UTC +04:00)

Mətbuat Şurasında ŞKTC nümayəndə heyəti ilə görüş keçirilib

Bu gün Mətbuat Şurasında Şimali Kipr Türk Cümhuriyyətindən (ŞKTC) olan nümayəndə heyəti ilə görüş keçirilib. Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, qurumun sədri Əflatun Amaşov görüşdə bildirib ki, müxtəlif vaxtlarda Azərbaycan jurnalistlərinin ŞKTC-yə geniştərkibli səfərləri baş tutub və həmin səfərlərdən biri ötən ilin noyabrında gerçəkləşib.


Əflatun Amaşov deyib ki, Mətbuat Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata keçirdiyi layihə çərçivəsində reallaşan səfərdən başlıca məqsəd Şimali Kiprdə fəaliyyət göstərən media qurumlarının təcrübəsi ilə yaxından tanışlıq olub. O qeyd edib ki, Mətbuat Şurası üçün ŞKTC-nin jurnalist ictimaiyyəti ilə əməkdaşlıq türk dünyasının media qurumları ilə əməkdaşlığın mühüm tərkib hissəsidir və gələcəkdə həyata keçiriləcək tədbirlər münasibətlərin daha da möhkəmlənməsinə yönələcək.


ŞKTC-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Zəki Qazioğlu Şimali Kiprdən Azərbaycana edilən hər bir səfərin qarşılıqlı əməkdaşlığın daha da dərinləşməsində müstəsna rol oynadığını önə çəkib. O, Bakıdan müxtəlif səviyyələrdə reallaşan səfərlərin də əhəmiyyətinə də toxunub, bununla bağlı maraqlı faktlar açıqlayıb.


Şimali Kiprin nüfuzlu təhsil ocaqlarından olan Doğu Akdeniz Universitetinin rektoru, professor Abdullah Öztopraq rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyət istiqamətlərindən danışıb. Jurnalist kadrların hazırlığına böyük önəm verildiyini deyən rektor 12 min tələbəsi olan universitetin 20 faizini əcnəbi tələbələrin təşkil etdiyini, onlardan 160-ın azərbaycanlı olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun Azərbaycan jurnalistlərinin təcrübə mübadiləsi üçün gələcəkdə də ŞKTC-yə yeni səfərlər təşkil edəcəyini və bunu ənənəyə çevirəcəyini bildirib.

Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Mətbuat Şurası İdarə Heyətinin üzvü, millət vəkili Aqil Abbas, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay, “Assa iradə” İnformasiya Agentliyinin baş direktoru Fazil Abbas və başqaları Şimali Kipr mövzusunun Azərbaycan jurnalistikası üçün hər zaman böyük önəm kəsb etdiyini söyləyiblər. Onlar ölkəmizin media nümayəndələri ilə Şimali Kipr jurnalistlərinin müntəzəm görüşlərinin təşkilinə hər zaman böyük ehtiyac duyulduğunu önə çəkiblər. Onlar elmdə qarşılıqlı münasibətlərin dərinləşdirilməsini vacib sayıb, bunun konkret jurnalistika sahəsinə yönələn proqramlar şəklində olmasını gərəkli hesab ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 501

Oxşar yazılar