Haradasınız, əsir Xocalılılar? - ARAŞDIRMA
03 fevral 2010 18:30 (UTC +04:00)

Haradasınız, əsir Xocalılılar? - ARAŞDIRMA

“Qonşu kameradan bağırtı gəlir... Hansısa əsirin dırnaqlarını çıxarır, başının dərisini soyurdular...”
“İnilti, fəryad səsləri biri-birinə qarışmışdı. Elə bu dəm əllərində fənər içəri daxil oldular. Heç kəsi sorğu-sual etmədən təpikləməyə başladılar. Ağır əsgər çəkmələri ilə vurduqları zərbələrdən ancaq üz-gözümüzü qoruya bilirdik. Nalayiq söyüşlər, təhqiredici ifadələr və yumruq-təpikdən sonra kameranı tərk etdilər. Beləcə, düz 12 sutka ac qaldıq. Hər sutkada ən azı iki dəfə təpiklə döyülürdük. Amma sən demə, bu hələ jurnalı imiş...”
Xocalının Kərik meşəsindən girov götürülən Səttar Ağayev 35 günlük girovluq həyatının ilk günlərini belə xatırlayır.
“Dişlərimi çəkib, dırnaqlarımı çıxartdılar”
İşgəncələrlə dolu həyat hələ qabaqdaydı... Səttar dayının dediyinə görə, ermənilər 19 nəfər əsir və girovla birgə onu da Əsgəranın Dəhraz kəndinə aparırlar. Ondan oğlanlarından mili orduda xidmət edəninin olub-olmadığını soruşurlar. S.Ağayev orduda xidmət edən oğlunun olmadığını söyləyir. Sorğu-sualdan sonra digər əsir və girovlarla yanaşı Səttar dayını da Xankəndinə (Stepanakert) aparırlar. Ağayev Zahidin onun oğlu olub-olmadığını aydınlaşdırmaq məqsədilə Səttar kişini amansızlıqla qətlə yetirilən azərbaycanlı əsgərlərin meyitlərinin yanına gətirirlər. Övladının meyitini görən ata özünü oğlunun nəşi üzərinə atır. Amma ona son dəfə oğlunun meyitini də doyunca görməyə imkan vermirlər. Səhv məlumat verdiyinə görə S.Ağayevi işgəncə vermək üçün içəri aparırlar.
“Əvvəlcə təpiklə, odun parçası ilə məni döydülər. Daha sonra təpiklə yaramın üzərinə möhkəm basaraq, mənə işgəncə verdilər. Ürəkləri soyumadı. Heç bir ağrıkəsici vurmadan dişlərimi çəkməyə başladılar. Ağrıdan huşumu itirdim. Ayılandan gördüm ki, ağzımda bir dişim də qalmayıb”.
Girov saxlanıldığı müddətdə erməni qəsbkarları tərəfindən hər gün amansız işgəncələrə məruz qaldığını söyləyən S.Ağayev ən yüngül işgəncənin təpiklə döyülmək olduğunu deyir: “Ermənilər götürdükləri əsir və girovlara insanlığa yaraşmayan ən ağır işgəncələr verirdilər. Günlərlə ac qaldıqdan sonra 19 nəfərə içmək üçün 1 stəkan su verirdilər. Kiminin yarasına duz basırdılar, kiminin də dırnaqlarını çəkib çıxarırdılar. Bir də görürdün, gecənin bir aləmi qonşu kameradan bağırtı gəlir. Hansısa əsirin dırnaqlarını çıxarır, başının dərisini soyurdular”.
Xocalı soyqırımı zamanı əsir götürülən Hüseynov Kamil isə ermənilər tərəfindən 7 ay işgəncələrə məruz qalıb. Əsirlik həyatının iki ayını Xankəndində, yerdə qalanını Gorusda keçirən Kamil ermənilərin onun başına olmazın müsibətlər açdığını söyləyir: “Xocalıdan əsir götürülüb Azərbaycana qaytarılanlar arasında ən çox əsirlikdə qalanı mənəm. 7 ay ərzində mənə verilən işgəncələrdən danışsam, bir kitab yazmaq olar. Hər gün rezin dəyənəklə bizi döyürdülər. Günlərlə ac-susuz, soyuq kamerada saxlayırdılar. Özlərinin döydüyü azmış kimi, qonşu kəndlərdən içib-keflənən erməniləri də bizi döyməyə gətirirdilər. Onlarda əsirləri top kimi ortada təpikləyib, bir-birinə tərəf atırdılar”.
Kamil Hüseynovun dediyinə görə, bu, ermənilərin əsirlərə verdikləri ən yüngül işgəncə növləridir: “Özləri deyirdilər ki, acığımızı tutdursanız, sizin də başqa əsirlər kimi bədəninizə benzin yeridərik. Elə iynələr vurarıq, ömürlük şikəst qalarsınız”.
Kamil əsirlikdə olduğu vaxt erməni əsgərlərinin ona da çox ağır işgəncələr verdiyini deyir: “12 gündən sonra adambaşına 12 qram quru çörək verirdilər. 20 nəfər isə 1 stəkan su. Təpiklə döyəndən sonra, kəlbətinlə ağzımdakı bütün dişlərimi çəkib çıxartdılar. Əsir olduğum müddətdə məni bağırda-bağırda əl barmaqlarımdakı dırnaqlarımı da çıxartdılar”.

Ermənilər Cenevrə konvensiyasına məhəl qoymurlar

Erməni işğalçılarının əsir və girov götürdükləri azərbaycanlılara amansız işgəncələr verdiyini Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına daxil olan məlumatlar da təsdiqləyir. Komissiyanın məlumatlarında bildirilir ki, ermənilər əsir və girovların yaralarının qaysağı qopardaraq onlara əzab verib, üzərinə təlim keçmiş itlər buraxıb. Girov götürülən qadınlarımızın ləyaqəti mütəmadi alçaldılaraq özünəqəsd dərəcəsinə çatdırılıb. Əsir və girovlara şallaqla vurma, dəmir alətlə döymə, ütü və siqaretlə bədən yandırma, ayaq altından şallaqla vurma, dırnaq, diş çəkmə, şaxtalı havada susuz və ac saxlama, havasız kameralara salma, tək adamlıq kameralara təsiredici səs buraxma və sair kimi işgəncələr verilib. Erməni həkimlərin girov götürülən uşaqların bazu sümüyünü çıxarması, yenidoğulmuş körpələrimizə naməlum tərkibli iynələr vuraraq onları ömürlük şikəst etməsi barədə də dəlillər var. Komissiyada şahid ifadələrinə dayanaraq toplanan faktlar Ermənistanın əsirlikdə olan Azərbaycan vətəndaşlarına qarşı münasibətdə beynəlxalq hüquq normalarını tapdaladığını, həmçinin “Hərbi əsirlər ilə rəftara dair”, eləcə də “Müharibə qurbanlarının müdafiəsinə dair” 1949-cu ildə qəbul olunmuş Cenevrə Konvensiyalarının şikəst etmək, qəddarcasına rəftar etmək və ya işgəncə vermək, insan ləyaqətinə toxunmaq kimi tələblərini pozduğunu sübut edir.
“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin rəhbəri Esmira Orucova da ermənilərin azərbaycanlı əsir və girovlara insanlığa sığışmayan işgəncələr verdiyini deyir. Birlik sədri bizimlə söhbətində bildirdi ki, düşmən tərəf əsirlərlə davranışda qəbul olunan beynəlxalq hüquq normalarını və Cenevrə Konvensiyasının tələblərini pozub: “Əsir və girovluqdan azad edilənlərin üzərindəki fiziki təzyiqlər onlara işgəncələr verildiyini bir daha təsdiqləyir. Ermənilər münaqişə tərəflərinin riayət etməli olduğu Cenevrə konvensiyasının heç bir tələbini yerinə yetirməyib. Bu Konvensiyanın tələbinə görə, münaqişə zamanı mülki əhalinin girov götürülməsi yolverilməzdir. Amma ermənilər Xocalı soyqrımı zamanı dinc əhalini süngüdən keçirməklə yanaşı, yerdə xəstə yatan ahıl insanlardan tutmuş, ruhi xəstələrimizə qədər girov götürüblər. Onlara mənşəyi məlum olmayan iynələr vurmaqla yanaşı, orqanlarını çıxararaq müxtəlif vasitələr üçün istifadə ediblər. Əsirlikdən qayıdanların dediklərinə görə, ermənilər qondarma erməni soyqırımı günü bizim əsirləri erməni qəbirləri üzərində qurban kəsirlərmiş. Digər əsirləri isə həmin mənzərəni seyr etməyə məcbur edirlərmiş”.
“Xocalı Soyqrımını Tanıtma” İB-nin həmtəsisçisi Şamil Ələkbərli də bu faktı təsdiqləyən şahidlərin olduğunu söyləyir. Onun sözlərinə görə, ermənilər əsirlərin valideynlərinin gözü qarşısında övladlarını diri-diri yandırmaqdan belə çəkinməyiblər. Ş. Ələkbərli ermənilərin əsir və girovlara bu gün də dəhşətli işgəncələr verdiyini bildirdi. Birliyin həmtəsisçisi deyir ki, ermənilərin girov götürdükləri qadınlarımızı cinsi istismara məruz qoyduqlarını təsdiqləyən şahid ifadələri də var.
Əsir və girovlarımız nəzarətdən kənardadır
AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru Aygün Mustafayeva da erməni işğalçılarının əsir və girovlarla münasibətdə beynəlxalq hüquq normalarının tələblərini pozduğunu bildirdi. Onun sözlərinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) münaqişənin aktiv fazasında heç bir döyüş gedən zonada fəaliyyət göstərməyib: “Ona görə də həmin dövrdə əsir və girov götürülənlərin qeydiyyatı aparılmayıb. Nəticədə Komitə həmin əsir və girovların saxlanma şəraitinə nəzarəti həyata keçirə bilməyib. Bu səbəbdən ermənilər əsir və girovlara amansız işgəncələr veriblər. Onların orqanları çıxarılaraq xarici ölkələrə satılıb, əsir və girovlar üzərində müxtəlif tibbi eksperimentlər aparılıb”.
İnstitut rəhbərinin sözlərinə görə, azərbaycanlı əsir və girovlar bu gün də zəbt olunmuş torpaqlarda qul kimi işlədilir, onlara amansız işgəncələr verilir.
Qeyd edək ki, hazırda düşmən tərəfdə hələ də azərbaycanlı əsir və girovlar qalsa da, heç bir beynəlxalq təşkilat onların saxlanma şəraitinə nəzarət edə bilmir. Bu məsələdə ən ümid bəslənilən Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyi də münaqişə dövründə əsir və girov götürülən azərbaycanlıların taleyinə işıq sala bilmir.
Əsirlər itkin kimi axtarılır
“Xocalı Şəhidlərini Tanıtma” İctimai Birliyinin rəhbəri Səriyyə Cəfərova deyir ki, əsir və girovluqdan qayıdanlar Ermənistan ərazisində azərbaycanlıların saxlanıldığının canlı şahidləri olsa da, heç bir beynəlxalq təşkilat həmin insanların əsirlikdən azad edilməsinə səy göstərmir: “BQXK-nin işi əsir və girovların saxlanma şəraitinə nəzarət etmək, onların qaytarılması üçün iki ölkə arasında rəsmi əlaqələr qurmaqdır. Amma bu Komitədə əsir və girovların qaytarılması üçün üzərinə düşən işi görməyə maraq göstərmir”.
BQXK-nın Beynəlxalq humanitar hüququn yayımı və məlumat şöbəsinin müdiri İlahə Hüseynova isə deyir ki, onlar münaqişə qurbanlarının vəziyyətini yaxşılaşdırmaq yönündə mandatlarına uyğun nə iş lazımdırsa onu da görürlər. Amma əsir və girovların saxlanılma şəraitinə nəzarət etmək üçün mütləq Komitədə istənilən hərbçi və mülki şəxsin əsir və girov götürüldüyü barədə təsdiqləyici məlumat olmalı, qeydiyyatı aparılmalıdır. İ.Hüseynovanın sözlərinə görə, Xocalı soyqırımı zamanı itkin düşən insanlar barədə BQXK-da məlumat var. Buna baxmayaraq, İ.Hüseynova həmin insanların əsir və girov kimi qeydiyyata götürülmədiyini söyləyir. Şöbə müdiri deyir ki, itkin düşənlərin yaxınları həmin insanların ermənilər tərəfindən əsir və ya girov götürüldüyü barədə məlumat versə də, Komitə onları əsir və girov kimi qeydiyyata götürə bilməz. Bunun üçün mütləq Komitənin nümayəndələri həmin insanların əsir və girov saxlanıldığının şahidi olmalıdırlar.
155 Xocalı sakini haradadır?
Xocalı soyqırımının 18 ilinin tamam olmasına az qalmasına baxmayaraq, hələ də Ermənistan ərazisində əsir və girov saxlanılan vətəndaşlarımızın aqibətindən bir xəbər yoxdur. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyasının məlumatına görə, Xocalı soyqırımı zamanı 1275 nəfər əsir və girov götürülərək, müxtəlif işgəncələrə məruz qalıb. 155 nəfərin taleyi isə indiyədək naməlumdur. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov da, Ermənistan ərazisində saxlanılan əsir və girovların vəziyyəti barədə hər hansı bilgi verməyin mümkünsüz olduğunu dilə gətirdi. İşçi qrupunun rəhbərinin sözlərinə görə, Ermənistan tərəfi öz ərazisində əsir və girovların saxlanmasını inkar etdiyindən, beynəlxalq təşkilatlar onların vəziyyətinə nəzarəti həyata keçirə bilmir.
Birgə monitorinqlər keçirilməlidir
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov isə beynəlxalq təşkilatların əsir və girovlarla bağlı vəziyyəti obyektiv araşdırmamasında din faktorunun rol oynadığını söyləyir. Komitə rəhbəri deyir ki, “Hərbi Əsirlərlə rəftara dair” Cenevrə Konvensiyasının 23-cü maddəsində əsirlikdə saxlayan Dövlətin hərbi əsir düşərgələri, coğrafi mövqeyi barədə məlumatı himayəçi dövlət vasitəsilə müvafiq dövlətə verməli olduğu göstərilib. Amma Ermənistan bu tələbə əməl etmir: “Çox təəssüf ki, Ermənistana bu saymazlığına görə, heç bir beynəlxalq təşkilat sanksiya tətbiq edilməsi barədə məsələ qaldırmır. Səbəb isə din faktorudur. Düşmən tərəfin əsirlərimizə verdikləri işgəncələri təsdiqləyən sübutlar da var. Konvensiyanın 12-ci maddəsində isə göstərilir ki, hərbi əsirlərə görə onları əsirlikdə saxlayan dövlət məsuliyyət daşıyır. Amma bu sənədi əsas tutaraq heç bir təşkilat Ermənistana əsirlərə verdikləri amansız işgəncələrə qarşı sanksiya tətbiq etmir”.

E. Behbudovun sözlərinə görə, artıq Ermənistanın hüquq müdafiəçiləri də bu dövlətin ərazisində azərbaycanlı əsir və girovların saxlanıldığını təsdiqləyib: “Onların dediklərinə görə, azərbaycanlı əsirlər bu gün Şuşa həbsxanasının zirzəmisində saxlanılır. Vaxtı ilə Şuşada ədliyyə orqanında çalışan azərbaycanlılar da həmin həbsxananın zirzəmisinin olduğunu təsdiqləyir. Girov götürülmüş qadınlar isə Xankəndində uşaq bağçalarında saxlanılır. Məlumatlara görə, digər azərbaycanlılar işğal olunmuş ərazilərdəki əsir düşərgələrindədir. Biz bu faktlara dayanaraq, beynəlxalq təşkilatların, BQXK-nın nümayəndələrinin və hüquq müdafiəçilərinin iştirakı ilə həmin ərazilərdə monitorinqin aparılmasına çalışmalıyıq. Əsir və girovları geri qaytarmaq mümkün olmasa da, onların saxlanılma şəraitinə nəzarətin aparılmasına nail olmalıyıq. Çünki ermənilər əsir və girovlarla davranışda heç bir beynəlxalq norma və konvensiyaların tələblərinə məhəl qoymurlar. Əsirlikdən qayıdanların vəziyyəti göstərir ki, onlar əsir və girovlara işgəncələrin ən ağır, dözülməz, özünəqəsd səviyyəsinə çatdıran növlərini şamil edirlər. Elə növlərini ki, əsir və girovlar azad edilib evlərinə qaytarılsalar belə, ömürlərinin sonunadək həmin işgəncələrin əziyyətini çəkirlər.
Ömürlük işgəncə
Elə əsir və girovluq həyatı bizim həmsöhbətlərimizin, Səttar dayı ilə Kamilin də səhhətində dərin iz buraxıb. S. Ağayev girovluqdan azad ediləndən gününün xəstəxanalarda keçdiyini söyləyir. Deyir ki, ona verilən işgəncələrdən sonra ürəyində narahatçılıq yaranır. Yaralı ayağına görə mütəmadi müalicə alır. K. Hüseynov əsirlikdən döndükdən sonra isə iki dəfə mədə-bağırsağından cərrahiyə əməliyyatı keçirib. Əsir və girovluqdan qayıdanların səhhətinin gün-gündən ağırlaşdığını Əsir və Girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyasının məlumatları da təsdiqləyir. Dövlət Komissiyasının məlumatlarına görə, əsirlikdən qayıdan vətəndaşlar arasında şikəstlik, mənəvi iztirabların təsirindən ruhi xəstəlik, saxlanma şəraitinin normal olmaması üzündən vərəm və sair xəstəliklər qeydə alınıb. Bəziləri isə əsirlikdən azad edildikdən sonra az keçməmiş dünyasını dəyişib. Buna misal kimi, əsir düşmüş Əli Abbasovu göstərmək olar. Əsirlikdən azad edilən bu şəxs ailəsinə qovuşsa da, aldığı mənəvi və fiziki işgəncələrdən özünə gələ bilmədiyindən vəfat edib. Qeyri-rəsmi məlumatlara görə, ümumiyyətlə, əsir və girovluqdan qayıdanlardan 400 nəfərdən çoxu artıq dünyasını dəyişib. Amma bundan acınacaqlı və dözülməz faktlar da var. Ən ağrılısı odur ki, əsir və girovluqdan qayıdanların mütləq əksəriyyəti ruhi sarsıntı keçirdiyindən onlardan bu gün lal-kar, əqli cəhətdən geri qalmış, ruhi xəstə uşaqlar dünyaya gəlir. Bunu geri qaytarılmış əsir və girovlarla mütəmadi görüşən E.Orucova deyir.
Zülfiyyə Quliyeva
Yazı Azərbaycan Mətbuat Şurası və “Xocalı Soyqırımını Tanıtma” İB-nin “Qarabağ mövzusu və Xocalı soyqırımı” adlı birgə müsabiqəsinə təqdim olunur.
# 701

Oxşar yazılar