MTN-də Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı anım tədbiri keçirilib - FOTO
11 dekabr 2012 17:11 (UTC +04:00)

MTN-də Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı anım tədbiri keçirilib - FOTO

Heydər Əliyevin vəfat etməsinin ildönümü ilə bağlı Milli Təhlükəsizlik Nazirliyində anım tədbirləri keçirilib. Lent.az-ın məlumatına görə, əvvəlcə general-leytenant Eldar Mahmudov başda olmaqla Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Fəxri xiyabana gələrək, Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Həmçinin, oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstəsi düzülüb. Anım mərasimi Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında davam edib.


Akademiyanın rəisi, general-leytenant Ziya Yusif-zadə bildirib ki, Heydər Əliyevin vəfatının ildönümü xalqımız tərəfindən dərin kədər hissi ilə qeyd edilir: “Ulu öndəri bizdən ayıran illər ötdükcə onun şəxsiyyətinin böyüklüyünü, dahiliyini daha dərindən dərk edirik. Bu gün Azərbaycan xüsusi xidmət orqanlarının inkişafında əvəzsiz rolu olan ulu öndər Heydər Əliyevin şanlı məktəbinin ənənələrini qürurla yaşadan Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti ümummilli liderin dövlətçiliyin və milli maraqların etibarlı qorunması irsini əzmlə davam etdirir.



Ulu öndər Heydər Əliyev SSRİ-nin rəhbərlərindən biri olduğu illərdə də Azərbaycanı daim diqqət mərkəzində saxlayır, qayğısını əsirgəmirdi. Onun qüdrətindən çəkinən erməni millətçiləri bir dəfə də olsun Dağlıq Qarabağla bağlı ərazi iddialarını açıq şəkildə səsləndirməyə cürət etmədilər. Təsadüfi deyil ki, məlum hadisələr məhz Heydər Əliyevin SSRİ rəhbərliyindən kənarlaşdırılmasından sonra başlandı”.


Akademiya rəisi bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan strateji, möhtəşəm layihələr məhz Heydər Əliyevin uzaqgörən siyasətinin məntiqi nəticəsi olub.



Mərasimdə çıxış edən Akademiyanın fakültə rəisi general-mayor F.Təhməzov, kafedra rəisi C.Qasımov, ali kursların dinləyicisi leytenant V.Abdullayev, kursantlar E.Cəfərli və C.Qarakişizadə ümummilli lider Heydər Əliyevin misilsiz fəaliyyəti nəticəsində Azərbaycanın öz müstəqilliyini qoruyub saxlamasından, müasir dövlət quruculuğundakı rolundan, gənclərə göstərdiyi diqqət və qayğıdan danışmış, ulu öndərin ideyalarının həyata keçirilməsində fəal iştirakçı olmaqdan şərəf və qürur duyduqlarını bildiriblər.

Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
# 1990

Oxşar yazılar