“Bəzi mətbuat orqanları məhkəmənin qərarından sonra təkzib verməyi özlərinə rəva bilmir”
10 noyabr 2012 15:46 (UTC +04:00)

“Bəzi mətbuat orqanları məhkəmənin qərarından sonra təkzib verməyi özlərinə rəva bilmir”

Azərbaycan Prezident Administrasiyasının (PA) şöbə müdiri Əli Həsənov “Azadlıq” və “Yeni Müsavat” qəzetləri ilə bağlı məhkəmə sanksiyalarına münasibət bildirib. APA-nın məlumatına görə, bununla bağlı jurnalistlərin suallarını cavablandıran PA rəsmisi qeyd edib ki, heç bir halda hər hansı vətəndaşın öz şərəf və ləyaqətini qorumaq məqsədi ilə məhkəmələrə müraciət etmək hüququnu məhdudlaşdırmaq olmaz: “Biz vətəndaşları bu hüququndan məhrum edə, eyni zamanda məhkəmələrin müraciətlərə baxıb hansısa qərar çıxarmasını məhdudlaşdıra bilmərik. Biz neçə müddətdir ki, mətbuat orqanlarına çağırışlar edirik ki, mətbuatın əxlaq kodeksi, Mətbuat Şurasının qəbul elədiyi ümumi davranış normaları var və bunlara əməl etmək lazımdır. Biz dövlət olaraq kütləvi informasiya vasitələrinə nə qədər dəstək göstərsək də, onların maddi-iqtisadi problemlərini nə qədər həll etməyə çalışsaq da, onlar əgər gələcəkdə vətəndaşların hüquqlarına hörmətlə, öz peşələrinə məsuliyyətlə yanaşmayacaqlarsa, insanlara qarşı bilərəkdən bu tipli məlumatlar yayacaqlarsa və onu təkzib etmək cəsarətini özlərində tapmayacaqlarsa, belə halların baş verməsi qaçılmazdır. Necə olur ki, Türkiyənin “Hürriyyət” kimi böyük bir qəzeti bir Azərbaycan məmurunun haqlı tələblərini nəzərə alaraq məhkəmədən sonra təkzib verir, lakin bizim bəzi mətbuat orqanları məhkəmənin qərarından sonra belə təkzib verməyi özlərinə rəva bilmirlər. Belə olan halda əlbəttə ki, mətbuat birtərəfli qaydada hüquq üstünlüyünə malik ola bilməz. Azərbaycanda hüquqi dövlətin normaları onu təklif edir ki, bir insanın hüququnun bitdiyi yerdə digər bir insanın hüququ başlayır. Vətəndaşların hüququ təminatsız ola bilməz. Mətbuat öz məsuliyyətini dərk etməlidir və insanların şərəf və ləyaqətinə hörmətlə yanaşmalıdır. Bir daha bildirirəm ki, məhkəmələrin çıxardığı qərarlar icraya yönəldilsə, hakimiyyət ona heç bir şey edə bilməz. Hakimiyyət yalnız mətbuata əlavə dəstək göstərə bilər, lakin bu da onları məhkəmələrdən, insanların haqlı narazılıqlarından xilas edə bilməz”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 851

Oxşar yazılar