Böyük Britaniyada  Azərbaycan müzakirələri
08 noyabr 2012 21:17 (UTC +04:00)

Böyük Britaniyada Azərbaycan müzakirələri

Böyük Britaniyanın Lordlar Palatasında lord Lairdin təşəbbüsü ilə “Azərbaycan və Cənubi Qafqaz” mövzusunda debatlar təşkil edilib. Avropa Azərbaycan Cəmiyyətindən APA-ya daxil olan məlumata görə, debatlarda çıxış edən lord Laird Böyük Britaniya-Azərbaycan münasibətlərindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemindən, problemin vurduğu zərbələrdən, o cümlədən Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun Ermənistan tərəfindən işğalından, bir milyondan çox insanın ev-eşiyindən didərgin düşməsindən bəhs edib. O, həmçinin bütün bu çətinliklərə baxmayaraq Azərbaycanın sürətlə inkişaf etdiyini bildirib.

Lord münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk Qrupunun fəaliyyətinin yetərsiz olduğunu da qeyd edib. O, bu qrupa həmsədrlik edən ABŞ, Fransa və Rusiyanın dünyada erməni diasporunun fəaliyyətdə olduğu ölkələr olduğunu vurğulayaraq, Britaniya hökumətinin bu reallıqdan xəbərdar olub-olmadığını soruşub. Çıxışda bu münaqişənin həllində Böyük Britaniyanın konstruktiv rol oynaya biləcəyi də qeyd edilib. Lord Laird bu rolun gerçəkləşdirilməsi üçün Böyük Britaniyadan Azərbaycana ən yüksək səviyyədə səfərin təşkil edilməsi ilə bağlı təklif səsləndirib. O, bu səfərin Azərbaycan və problemin öyrənilməsi üçün əhəmiyyətli olacağını da deyib.

Debatda söz alan lord Şeyx Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə malik olduğunu vurğulayıb: “Azərbaycanın inkişaf etdirmək istədiyi sahələrə maliyyə, telekommunikasiya və infrastruktur daxildir. Bu yaxınlarda bir sıra Avropa ölkələrinin texnologiya və inşaat sektorundakı bəzi önəmli müqavilələrinə təminat verilib. Başqa ölkələr bizi qabaqlayana kimi, Azərbaycanla ticarət əlaqələrimizi artırmaq üçün tələsməliyik”.

O, Azərbaycanla ticari əməkdaşlığı inkişaf etdirmək üçün yüksək səviyyəli səfərlərin təşkilinin vacibliyini vurğulayıb. Britaniya baş nazirinin bu yaxınlarda BƏƏ-yə səfərini alqışlayan lord belə səfərlərin Azərbaycana da təşkilinin məqsədəuyğun olduğunu bildirib.

Lord Kilkluni də Azərbaycanla Böyük Britaniya arasındakı işgüzar əlaqələrdən danışaraq, Böyük Britaniyadan Azərbaycana baş nazir və xarici işlər naziri səviyyəsində səfər edilməsinin vacibliyini vurğulayıb.

Azərbaycanda dəfələrlə səfərdə olan lord Kilkluni burda yaşayan yəhudilərin müsəlman əhali ilə birlikdə bərabərhüquqlu vətəndaşlar kimi rahat yaşadıqlarının şahidi olduğunu bildirib.

Lord Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Azərbaycan ərazisinin 20%-nin hələ də erməni işğalı altında olduğunu və Minsk Qrupunun ikilistandartlarla işlədiyini qeyd edib.

Debatda çıxış edən Lord German, Lord Vollis, Lord Trisman, Lord Sandvic də deyilənlərlə razılaşaraq, Böyük Britaniya ilə Azərbaycan arasında
əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Debatda çıxış edən Baronessa Koks isə yenə də ermənipərəst mövqe nümayiş etdirib və Azərbaycan əleyhinə bəyanatlar səsləndirib.

Debatı yekunlaşdıran Lord Vollis regiona sadiq olduqlarını, baş nazir Devid Kameronun Azərbaycan prezidenti İlham Əliyevlə bu il ərzində iki dəfə görüşdüyünü vurğulayıb: “Bu region geniş Avropa qonşuluğunun bir hissəsi olduğu üçün onunla əməkdaşlıqda qərarlıyıq. Biz avropalı tərəfdaşlarımız olan Almaniya, Fransa və digər ölkələrlə bu regionda biznes və sərmayə sahəsindəki yarışda fəal ixracatçı kimi əməkdaşlıq etməkdə qərarlıyıq. Azərbaycanın, bütövlükdə isə Qafqazın artmaqda olan əhəmiyyətini tanımaq bizim qarşılıqlı maraqlarımıza daxildir. Bu yol ilə biz gələcək enerji təhlükəsizliyimizə, Qafqazın daha sabit, çiçəklənən region olmasına və bütövlükdə, bizimlə həmsərhəd olan ölkələrin sülh naminə daha demokratik olmasına kömək edə bilərik”.

Qeyd edək ki, debatı təşkil edən lord Laird Avropa Azərbaycan Cəmiyyətinin Məşvərət Şurasının üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2062

Oxşar yazılar