Azay Quliyev Avropa Parlamentinin üzvləri ilə görüşüb
08 noyabr 2012 19:27 (UTC +04:00)

Azay Quliyev Avropa Parlamentinin üzvləri ilə görüşüb

AP-nin Sosialist və Demokratların Mütərəqqi Alyansı (SDMA) katibliyinin əməkdaşı, qrup adından qətnamə layihələrinin tərtibatında birbaşa iştirak edən cənab Jan Fransua Valən, Avropa Parlamentinin Macarıstandan olan deputatı xanım Edita Hersoq, Avronest PA katibliyinin başçısı xanım Sabina Mazi, Avropa Xalq Partiyasının vitse-prezidenti, İsveçdən olan AP üzvü cənab Gunar Hokmark, Avropa Parlamentinin İspaniyadan olan vitse-prezidenti cənab Migel Angel Martinez, AP-nin Almaniyadan olan üzvü cənab Knut Flekenştayn, AP-nin Litvadan olan AXP-li üzvü və Avronestin komitə sədri xanım Layma Andrikene, AP-nin Bolqarıstandan olan SDMA-lı üzvü xanım İliana İotova, Avropa Mühafizəkar və İslahatçılar Qrupunun (AMİQ) sədr müavini və AP-nın Çexiyadan olan deputatı cənab Yan Zahradil, AP-nın Çexiyadan olan deputatı cənab Lobor Roçek və digərləri ilə keçirilən görüşdə bir sıra vacib məsələlərə toxunulub.

Görüşlərdə deputat A.Quliyev ölkəmizlə Avropa Parlamenti arasında əlaqələrin daha da inkişaf etdirilməsi, AP-də təmsil olunan siyasi qruplarla sıx əlaqələrin qurulması və bu məqsədlə mümkün əməkdaşlıq yollarının araşdırılması (o cümlədən, siyasi qruplarda azərbaycanlı nümayəndələrin staj keçməsi imkanları), Avronest PA çərçivəsində əməkdaşlıq perspektivləri, bu xüsusda layihə və təşəbbüslərin irəli sürülməsi və digər bu kimi məsələlər qaldırıb, qarşı tərəflə məhsuldar müzakirələr aparıb.

Müzakirələr zamanı Azay Quliyev son illər ölkədə aparılan islahatlar, o cümlədən 2012-ci ilin 22 iyun tarixində Prezidentin əfv fərmanı ilə 66 nəfərin, o cümlədən aprel ayında keçirilmiş icazəsiz mitinqdə saxlanılan bir sıra şəxslərin azad edildiyini qarşı tərəfin diqqətinə çatdırıb. Bu yaxınlarda hökumətin ilk dəfə olaraq siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi ilə əlaqədar atdığı addımlar, ölkə Prezidenti tərəfindən korrupsiya ilə mübarizə üzrə yeni Fəaliyyət Planının və “Açıq Hökumət” təşəbbüsünü dəstəkləmək məqsədilə yeni proqramın qəbulu haqqında Avropalı rəsmilərə məlumat verib.

Deputat Azay Quliyev Avropa Parlamentinin Ramil Səfərovla bağlı qəbul etdiyi qətnamənin yanlış olduğunu bildirib və bu barədə Azərbaycan Milli Məclisinin mövqeyini onların nəzərinə çatdırıb.

Demək olar ki, bütün görüşlərdə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmasının görüşlərinin təşkilinin vacibliyi haqda məsələ qaldırılıb və bu təşəbbüsə Avropalı deputatların qoşulması haqqında ilkin razılıq əldə edilib.

Daha sonra Avronest Parlament Assambleyasının Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinin sədri xanım Andrekinenin “Mədəniyyətlərarası Dialoq” mövzusunda konfransın Bakıda keçirilməsi haqqında təklifi razılıqla qarşılanıb və son qərarın yaxınlarda veriləcəyi bildirilib. Gələn il Bakıda keçirilməsi gözlənilən “Vətəndaş Cəmiyyəti Forumu”nun işində Avropa Parlamentinin deputatlarının və siyasi qrupların ekspertlərinin yaxından iştirakı haqqında təşəbbüslər də Avropalı rəsmilər tərəfindən dəstəklənib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 832

Oxşar yazılar