Prezident İlham Əliyev BMT baş katibinin müavinini qəbul edib
05 noyabr 2012 18:15 (UTC +04:00)

Prezident İlham Əliyev BMT baş katibinin müavinini qəbul edib

0
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 5-də BMT-nin baş katibinin müavini Vu Honqbonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, BMT-nin baş katibinin müavini Vu Honqbo baş katib Pan Gi Munun salamlarını dövlətimizin başçısına çatdırıb.

Vu Honqbo BMT ilə Azərbaycan arasında əməkdaşlığın yaxşı səviyyədə olduğunu söyləyib. O, 2012-2013-cü illər ərzində Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə prezident İlham Əliyevi təbrik edib. Azərbaycan Hökumətinin informasiya-Kommunikasiya texnologiyalarının inkişafına xüsusi diqqət göstərdiyini vurğulayan Vu Honqbo ölkəmizin bu sahədə regionun liderinə çevrilməsini yüksək qiymətləndirib. O, VII İnternet İdarəçilik Forumunun yüksək səviyyədə təşkil olunmasına görə prezident İlham Əliyevə minnətdarlığını bildirib və BMT-nin “Elektron Hökumət” layihələrində Azərbaycanın fəal iştirakının önəmli olduğunu qeyd edib.

Prezident İlham Əliyev BMT-nin baş katibinin müavini Vu Honqbonun Bakıda təşkil olunan VII İnternet İdarəçilik Forumunda iştirakının əhəmiyyətli olduğunu söyləyib. Dövlət başçısı Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektorunun prioritet sahələrdən biri olduğunu nəzərə çatdırıb. Prezident İlham Əliyev baş katiblə Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi zaman Nyu-Yorkdakı son görüşünü məmnunluqla xatırlayıb. Müstəqilliyimizin 20-ci ildönümündə güclü beynəlxalq dəstəklə ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsinin önəmini vurğulayan dövlət başçısı Azərbaycanın 2013-cü ildə də sülhün, təhlükəsizliyin və dostluğun təşviqi işində fəal rol oynayacağına ümidvar olduğunu dilə gətirib. Prezident İlham Əliyev Azərbaycan ilə BMT arasında əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Dövlət başçısı Pan Gi Munun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını BMT-nin baş katibinə çatdırmağı xahiş edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 656

Oxşar yazılar