Bahar Muradova iqtidar və müxalifət arasındakı “gizli razılaşma”dan danışdı
29 oktyabr 2012 11:04 (UTC +04:00)

Bahar Muradova iqtidar və müxalifət arasındakı “gizli razılaşma”dan danışdı

“İqtidarla “milli-demokratik və aparıcı” adlandırılan müxalifət arasında 2013 və 2015-ci il seçkiləri ilə bağlı gizli anlaşma, razılaşma əldə olunması ilə bağlı həmin düşərgəyə aid olan mediada məlum fikirlərin səslənməsinin özü müxalifət düşərgəsinin nə qədər acınacaqlı bir durumda olduğunu göstəricisidir”.

Lent.az-ın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Bahar Muradova deyib.

Bahar Muradova bildirib ki, bu, bütövlükdə onların gücsüzlüyünü ifadə edir: “Çünki bu “analitik”lər real vəziyyəti, gedən ictimai-siyasi prosesləri obyektiv olaraq dəyərləndirərək, bundan nəticə çıxarmaqdansa, buna uyğun hərəkət etməkdənsə, sadəcə, nə vaxtsa kiminsə iradəsinə uyğun olaraq hansısa bir hadisənin baş verəcəyini, kiminsə qərarı ilə vəziyyətin onların xeyrinə dəyişəcəyi barədə “proqnoz”lar verirlər və bu “proqnoz”ların reallaşacağına ümid edirlər. Bu, düzgün deyil və düşünürəm ki, onların bu günə qədər ki, uğursuzluğunun da əsas səbəbi budur. Çünki gücü olan, özünə arxayın olan söyləyir ki, bəli, mən yarışa qoşulacağam, öz səylərimi ortaya qoyacağam və bu gücün də müqabilində lazımı yeri tutacağam, lazımi qədər mandatı alacağam. Yəni, o gücə adekvat olan mandatı alacağam və bunu söyləyib, buna da gedir. Bir də axı, iqtidar onu kimə deyib, iqtidar kimlə o söhbəti eləyib ki, indi o açıqlamanı yayıblar? Yəni 2013-də nə olacaq, 2015-də nə olacaq... 2013-də prezident seçkiləri olacaq. Kim bu seçkilərə özünü hazır bilirsə, indidən hazırlaşsın, qoşulsun. 2015-də də parlament seçkiləri olacaq. Yenə də, kim hazırdırsa, seçkilərə qoşulsun və mübarizə aparsın”.
Seçki islahatlarına gəlincə, Bahar Muradova qeyd edib ki, qanunvericilik mütəhərrik bir prosesdir: “Mənim də sözümdən sabah istifadə edib deməsinlər ki, Bahar Muradova dedi ki, seçki qanunvericiliyi dəyişə bilər. Keçən hər gün həm qanunlara, həm həyatımıza öz dəyişikliklərini diqtə edir və biz bunu nəzərə almalıyıq. Seçki qanunvericiliyi də hər seçkiqabağı və ümumiyyətlə, proses ərzində dəyişikliklərə və əlavələrə məruz qalıb. İstər texniki cəhətdən, istər digər cəhətdən bu dəyişikliklər edilib. Bununla belə, seçki təcrübəmiz artdıqca, işi daha yaxşı təşkil etmək üçün təkliflərimiz də artır və mövqelərimiz də müəyyənləşir. İstisna etmirəm ki, 2013-cü il seçkiləri, 2015-ci il seçkiləri ərəfəsində də Seçki Məcəlləsinə hansısa xırda dəyişikliklər ola bilər. Ancaq bu, o demək deyil ki, proporsional seçki sistemi bərpa olunacaq və yaxud da Milli Məclis üzvlərinin sayının artırılması ilə bağlı qərar qəbul olunacaq. Bu gün heç kim bunu qəti şəkildə söyləyə bilməz və söyləməməlidir. Kimlərinsə öz otağında oturub belə bir düşüncəsinin məhsulunu, öz təxəyyülünün məhsulunu reallıq , iqtidarın siyasəti kimi qələmə verməsinə gəlincə, bütün bunlar yanlışdır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1248

Oxşar yazılar