«Gürcüstandakı azərbaycanlılar dövlət dilini öyrənməlidir»
26 oktyabr 2012 03:07 (UTC +04:00)

«Gürcüstandakı azərbaycanlılar dövlət dilini öyrənməlidir»

0
«Gürcüstanda yaşayan azərbaycanlıların dövlət dilini bilməsi bizim hakimiyyət üçün çox vacibdir. Bu məqsələ dövlətin təşkil etdiyi proqram fəaliyyət göstərir və hökumət belə layihələri maliyyələşdirir».

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu APA-ya açıqlamasında Gürcüstanın yeni təyin olunmuş maliyyə naziri Nodar Xaduri bildirib: «Bu işlə Reinteqrasiya Nazirliyi məşğul olacaq. Azərbaycanlılar gürcü dilini öyrənirlər. Biz həmişə bu proqramları maliyyələşdirəcəyik. Dövlət dilini bilmədən Gürcüstan cəmiyyətinə inteqrasiya olmaq mümkün deyil. İstəyirik ki, azərbaycanlılar özlərini Gürcüstanın tamhüquqlu vətəndaşları hesab etsinlər. Bu, Gürcüstan hökuməti üçün çox vacibdir. Gürcü dilini bilmədən dövlət idarələrində çalışmaq çox çətindir».

Gürcüstanın maliyyə naziri vergilərin gələcəkdə necə olacağı barədə də fikirlərini açıqlayıb: «Bizim üçün ən əsası vergi qanunvericiliyinin humanistləşdirilməsi və rəsmiləşdirilməsidir. Biz vergi orqanlarının müəssisələrə daxil olub yoxlama aparmasına imkan verməyəcəyik, çünki bundan sonra həmin müəssisələrin fəaliyyəti tamamilə dayandırılır. Vergi orqanları müəssisələrin işləməsinə mane olmamalıdır, əksinə vergi orqanı biznesə kömək, həm də rəhbərlik etməlidir. Biz əvvəlki hakimiyyətdən fərqli olaraq əvvəlcə hesablayıb, sonra danışır və söz veririk. Əgər biz ölkənin iqtisadiyyatını və vətəndaşların istəyini, sosial və hüquq-mühafizə orqanlarını bütünlüklə öyrənməsək, verginin azaldılması haqqında söhbət aça bilmərik. Bu gün isə söz verirəm ki, hələlik verginin artırılması baş verməyəcək».

N.Xaduri torpaq və digər vergilərin azaldılması imkanları üzərində işlədiklərini də deyib: «Tariflərin azaldılmasına imkan varsa, biz bunu həyata keçirəcəyik».

Maliyyə naziri son bir il ərzində biznes və satış sahəsində çalışan Gürcüstan azərbaycanlılarının külli miqdarda cərimələnməsinə də münasibət bildirib: «Biz məhkəmələrə inanırıq. Məhkəmələr azad olmalıdır. Bu məsələ ilə əlaqədar komissiya işləyəcək və parlamentin deputatı Tina Xidaşeli bu komissiyaya rəhbərlik edəcək. Bizim üçün məhkəmənin siyasətdən ayrılması vacibdir. Ona siyasi təsir olmamalıdır».
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 903

Oxşar yazılar