Çingiz Qənizadə: “Elşad Abdullayevə zəng etdirdim... ” - MÜSAHİBƏ
11 oktyabr 2012 19:37 (UTC +04:00)

Çingiz Qənizadə: “Elşad Abdullayevə zəng etdirdim... ” - MÜSAHİBƏ

Millət vəkili Çingiz Qənizadə Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev və hüquq müdafiəçisi Eynulla Fətullayevlə üz-üzə gəlib. Elşad Abdullayevlə bağlı mətbuatda məqaləsi işıq üzü görən Çingiz Qənizadə oktyabrın 3-də Strasburqda Elşad Abdullayevlə görüşüb. Bu görüş özü də artıq bir mübahisə mövzusudur. Çingiz Qənizadə bununla bağlı Lent.az-ın suallarını cavablandırır.

- Axşam saat 11-ə işləyirdi. Otelə girərkən qeydiyyat yerində Elnur Məcidlinin dayandığını gördüm. Yəqin mənim otağımı soruşur, ya da gözləyirdi. Görüşdük, dedi ki, Elşad Abdullayev sizinlə görüşmək istəyir. Artıq gec olduğunu, sabah görüşə biləcəyimizi söylədim. Sabah Elşad Abullayevin Parisə gedəcəyini, imkan varsa, bu gün görüşmək istədiyini bildirdi. Təkid etdi. Fikirləşdim ki, görüşək, görək nə demək istəyir. Yarım saatdan sonra kafedə görüşməyə razılaşdım, ancaq tək görüşmək istəmədiyimi bildirdim. Razılaşdıq. Mən oteldə dərhal Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlını məlumatlandırdım. Dedim ki, tək görüşməyəcəm, sonra istənilən fikri formalaşdıra bilər. Sizin iştirakınız da lazımdır. Yarım saatdan sonra kafeyə gəldik, yarım saat da Elnur Məcidli bizimlə oturdu, ancaq Elşad Abdullayev gəlib çıxmadı. Xanımlara dedim ki, durun gedək. Oturduğumuz kafe ilə qaldığımız otelin arası maksimum 50 metr olardı. Biz otelə çatanda təkrar Elnur Məcidliyə zəng gəldi ki, yaxınlaşır, çatır. Mən də zarafatla dedim ki, yəqin ki, ağacların dibində bizi güdür, istəyir ki, onunla tək görüşüm. Fikirləşirdim ki, sentyabrın 20-də yazdığım yazı ilə bağlı təxribat xarakterli addımlar atar, haqqımda böhtan xarakterli fikirlər yayar. Düşündüm ki, tək görüşmək niyyətinin alınmadığını və bizim getdiyimizi görəndə zəng vurdu. Biz təkrar kafeyə qayıtdıq. Yazdıqlarımı görüşdə onun üzünə, bir az da kobud formada dedim. Bu barədə adlarını çəkdiyim xanımlardan ayrıca soruşa bilərsiniz. Elşad Abdullayevə görüşdə bildirdik ki, qardaşı Mahirin itməsi ilə bağlı mövqeyini dəstəkləyə bilərik. Ona görə ki, Mahir Azərbaycan vətəndaşıdır, onun taleyi ilə bağlı rəsmi bir açıqlama, obyektiv bir araşdırma olmalıdır. Elşad Abdullayevə bildirdik ki, bu barədə ərizəsi olarsa, ərizəni hüquq-mühafizə orqanlarına göndərə də bilərik. Çünki o, istintaqdan da, müstəntiqdən də şikayətlənirdi. Ayrıldıq. Səhər tezdən artıq qaldığımız otelə onun ərizəsi daxil olmuşdu, Elnur Məcidli gətirib qoymuşdu. Həmin gün axşam saat 8-də mən otelin yaxınlığındakı kafedə oturub Novella xanımgili gözləyirdim. Elşad Abdullayevlə Elnur Məcidli bir də gəldilər. Əslində o gün guya Elşad Abdullayev Strasburqdan Parisə getməli idi, Elnur belə demişdi. Yenə də mənimlə görüşdülər və dünənki mövzuda söhbət etməyə cəhd göstərdilər. Mən reaksiya vermədim, dedim ki, qardaşınla bağlı məsələdə fikrini bölüşə bilərik, amma digər məsələlərdə baxışlarımız ayrıdır. Başqa stolda yemək yeməyə keçdilər. Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı gəldilər, onlara da göstərdim ki, Elşadgil başqa stolda oturublar, yenə də görüşüb söhbətə cəhd göstərəcək, yaxşı olardı ki, dağılışaq, sonra qayıdarıq. Çıxdıq, 1 saatdan sonra qayıtdıq, artıq onlar getmişdilər. Biz də oturub çörəyimizi yedik. Bundan artıq bir şey olmayıb. Novella xanımgilin brifinqində belə bir fikir söylənib ki, Elnur Məcidli iki gün bizi axtarıb. Elə olmayıb, axtardığı gün də bizi tapıb.

- Eynulla Fətullayev isə deyir ki, Elşad Abdullayev Çingiz Qənizadənin onunla görüşmək istədiyini bildirib. Bu, nə dərəcədə doğrudur?

- Eynulla Fətullayev səhəri gün bizim xanım hüquq müdafiəçilərini görüb. Soruşub ki, Elşad Abdullayev Strasburqdadırmı, onunla görüşübsünüzmü? Görünür ki, Eynulla Fətullayev sonradan Elşad Abdullayevlə görüşüb. Eynulla Fətullayevin açıqlamaları həqiqətdən uzaqdır. Eynulla ilə mənim münasibətlərim göz qabağındadır. Eynulla Fətullayev həbsxanada olanda, ondan əvvəl fəaliyyəti, o cümlədən indiki fəaliyyəti dövründə mən onun fəaliyyəti, kimliyi, özü bildiyi özəllikləri barədə fikrimi bildirmişəm. Şükürlər ki, Eynulla Fətullayev həbsxanadan çıxandan sonra artıq mənim dediklərim ictimaiyyət tərəfindən tam qəbul olundu və onun kimliyi artıq hər kəsə bəlli oldu. Amma indi Eynulla Fətullayevin bu cür təxribatçı açıqlamalar verməsinə gəlincə, təbii ki, bu, gözləniləndir. Çünki mən Eynullanı da, Elşadı da eyni tipli adamlar qəbiləsinə aid edirəm, ondan nə desən, gözləmək olar.

- Yeri gəlmişkən, Elşad Abdullayev Eynulla Fətullayevə bildirib ki, Çingiz Qənizadə ilə görüşdən sonra onu izləməyə başlayıblar. Bu nə məsələdir?

- Elşad Abdullayev oktyabrın 4-də təkrar kafedə mən oturduğum stola yaxınlaşıb, orada yemək yeyib. Əgər belə bir şey olsa idi, Elşad Abdullayev təbii ki, ora gəlməz və uzaqda olardı. Guya Eynulla Fətullayevə yazılı müraciət var, fürsətdən istifadə edib xahiş edirəm ki, müraciəti əldə edin. Elşad Abdullayev həqiqətən belə yalançı ərizə yazıb, yazmayıb, aydınlaşdırın. Sonra sizdən xahiş edirəm ki, Elnur Məcidlini “Facebook”-da tapa bilərsiniz, görüşlə bağlı suallarınızı ünvanlayın. Elnur Məcidli düzgün olmayan fikirlər söyləsə, onu da işıqlandırın. İnanmıram ki, Elnur mənim haqqımda həqiqətə uyğun olmayan nə isə desin. Mən Elnuru 7-8 ildir ki, tanıyıram, ailə üzvlərindən də tanıdıqlarım var.

Eynulla Fətullayev deyir ki, Elşad Abdullayev xüsusi xidmət orqanlarına müraciət edib. O halda Elşad Abdullayevin Fransa xüsusi xidmət orqanları ilə nə əlaqəsi var? Elşad Abdullayev deyir ki, izlənməyim barədə Fransa xüsusi xidmət orqanlarına müraciət etdim və onlar da mənə Strasburqdan getməyi təklif etdilər. Əvvəla, Fransa kimi bir dövlətdə hansısa bir şəxsi pusmaq, izləmək, saxlamaq qeyri-mümkündür. Əgər Elşad Abdullayevin Fransa xüsusi xidmət orqanlarına belə asan çıxmaq imkanları varsa, o halda mənim Elşad Abdullayevə münasibətimdə yenə də bəzi dəyişikliklər olacaq. Amma yenə də mən inanmıram ki, Elşad Abdullayev bu cür müraciət etsin və bu cür fikir söyləsin.

- Elşad Abdullayevin miqrant kimi Fransa xüsusi xidmət orqanlarına müraciət etmək hüququ yoxdur ki?..

- Müraciət etmək ayrıdır. Xüsusi xidmət orqanları bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Amma Elşad Abdullayevin miqrant olması, hansı statusla Fransada qalması və dərhal Fransa xüsusi xidmət orqanlarına müraciət etməsi, onlarla əlaqəsinin olması şübhəlidir.

- Elə təəssürat yaranır ki, siz Elşad Abdullayevlə görüşdə nələr danışıldığını tam açıqlamırsınız. Məsələn, Fazil Mustafa ilə görüşdə Elşad Abdullayev əlində bir çox sensasiyalı faktların olduğunu söyləyib. Sizə nə dedi? Elşad Abdullayevin əlində təkcə Gülər Əhmədova ilə bağlı videogörüntülər, faktlar var, yoxsa başqaları barədə videogörüntülər, faktlar olduğunu söylədi?

- Elşad Abdullayevin yoxlanılmamış fikirlərini təzədən cəmiyyətə açıqlaya, şou düzəldə bilmərəm. O, çox şey deyə bilər. Amma Elşad Abdullayevin hər hansı açıqlaması olacaqsa, onun ətrafında fikir yürütmək olar. Fazil Mustafaya dediklərini yəqin ki, bizə də deyib. Ancaq bizim görüşdə daha çox mənim yazımla bağlı söhbətimiz oldu. Bir-birimizə qarşı hansısa konkret iddiaları ortaya qoymaq cəhdləri oldu və mən öz fikirlərimdə qaldım. Mənim fikirlərimi normal təkzib edəcək arqumentləri olmadan dərhal söhbəti Mahirin itməsi məsələsinə yönləndirdi. Elşad Abbullayev deyirsə ki, əlimdə filan şeylər var, hər bir deyilən şeyi dərhal mətbuata verib sensasiya düzəltmək də düzgün deyil. Onun lehinə, əleyhinə olacaq şeylərin mənim dilimdən səslənməsi düzgün deyil. Elşad Abdullayevin fikirləri var, mətbuata açıqlama verər. Amma mənim Elşad Abdullayevlə bağıl yazım, iradlarım, onun bu yazımla bağlı konkret arqumentlərinin olması, yaxud olmaması, qardaşı Mahirlə bağlı məsələ görüşdə müzakirə mövzusu olub, görüşdə iştirak edən hüquq müdafiəçi həmkarlarımda da soruşa bilərsiniz.

- Elşad Abdulayev həmin görüşdə sizin özünüzü hansısa faktla, videogörüntü ilə şantaj etdimi?

- Mənimlə bağlı?

- Bəli.

- Yox, mən kiməm ki, mənimlə bağlı hansısa şantaj olsun. Mən Elşadla hansısa bir kontaktda olmamışam, onu on illərdir ki, görməmişəm. Bir dəfə Elşadı axtarmışam. Bu da Azərbaycan Beynəlxalq Universitetdə oxuyan qardaşım oğlu ilə bağlı olub, o zaman da Elşad telefona yaxın gəlməyib. Mən Elşadla duran, oturan olmamışam. Hətta Bakıda Dövlət Universitetində hüquq fakültəsində müdafiə edərkən, universitetə gedərkən də Elşadla üz-üzə gəlsəm də, onunla bir stəkan çay içməmişəm. Onsuz da mən cəmiyyətə də, mətbuata da açıq adamam. Məni şantaj etmək üçün bir əsas olmayıb.

- Qardaşınız oğlu ilə bağlı Elşad Abdullayevlə konkret nə barədə danışmaq istəyirdiniz?

- Qardaşım oğlu Tələbə Qəbulu Dövlət Komissiyasının (TQDK) xətti ilə Azərbaycan Beynəlxalq Universitetində hüquq təhsili alırdı. O diplom alarkən TQDK xətti ilə bu ali məktəbə düşdüyü üçün 1000 manat, kənardan ora gələn tələbələrdən 1500 manat tələb olunurdu. Qardaşım oğluna demişdilər ki, sənə hörmət edirik, TQDK xətti ilə gəlmisən, 1000 manat ver. Mən də o vaxt hüquq fakültəsinin dekanı ilə bir-iki dəfə danışdım, dedi ki, Elşad müəllim bunu bilməli, bizə deməlidir. Elşad da mənim telefonlarıma cavab vermədi. Sonra da mən başqa yerdən Elşada zəng etdirdim ki, belə şeylərdən çəkinsin. Təbii ki, uşaq da müdafiə etdi, diplomunu aldı.

Mətbuata dezinformasiyalar ötürülür. Eynulla Fətullayev deyir ki, Elşad Abdullayev ona bildirib ki, bu faktları Azərbaycan ictimaiyyətinə çatdır. Çox arzu edirəm ki, mənim haqqımda məlumatları Azərbaycan ictimaiyyətinə Eynulla kimi adamlar çatdırsınlar. Azərbaycan cəmiyyəti kimin kim olduğunu yaxşı bilir.

Ramiz MİKAYILOĞLU
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3496

Oxşar yazılar