Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
10 oktyabr 2012 18:37 (UTC +04:00)

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Oktyabrın 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Lent.az-ın AzTV-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, 2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarını təhlil edən prezident İlham Əliyev bildirib ki, ötən dövrdə Azərbaycan iqtisadiyyatı 1,1 faiz, qeyri-neft iqtisadiyyatı isə 10,3 faiz artıb. Ölkədə abadlıq-quruculuq işləri genişlənib, yeni sənaye müəssisələri fəaliyyətə başlayıb. 9 ayda ölkə iqtisadiyyatına 16 milyard dollar sərmayə qoyulub. Həmin sərmayələrin 70 faizi daxili investisiyalardır. Özəl sektorun ÜDM-də çəkisi 83 faiz, kənd təsərrüfatında artım 6,3 faiz olub, bu ilin əvvəlindən strateji valyuta ehtiyatları 5 milyard dollar artıb və hazırda 45 milyard dollar səviyyəsindədir. Valyuta ehtiyatlarının idarə olunması ilə bağlı yeni istiqamətlərin araşdırıldığını deyən dövlət başçısı 9 ayda əhalinin pul gəlirlərinin 12 faiz artdığını, inflyasiyanın 1,5 faiz, orta aylıq əmək haqqının 500 dollar, orta pensiyanın 190 dollar səviyyəsində olduğunu deyib və ölkədəki inkişafın insanların yaşayış səviyyəsinə təsirsiz ötüşmədiyini diqqətə çatdırıb. Ölkədə ümumi sənaye istehsalının son illərdə azaldığını deyən prezident İlham Əliyev bu prosesin ilin 9 ayında da müşahidə olunduğunu bildirdi və bunun səbəbləri barədə danışıb. “Buna baxmayaraq, Azərbaycanda inkişaf prosesləri sürətlə gedir, beynəlxalq maliyyə institutları, əsas reytinq agentlikləri ölkəmizin uğurlarını yüksək qiymətləndirir” deyən prezident ölkəmizin kredit reytinqlərinin artdığını bildirib. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramının icrası nəticəsində indiyə qədər ölkədə 1 milyon 100 min yeni iş yerinin açıldığını, il ərzində 188 məktəbin tikildiyini, 103 məktəbin əsaslı təmir edildiyini deyən prezident İlham Əliyev keçən rübdə Azərbaycanın idman uğurlarını daha da artırdığını, London Yay Olimpiya Oyunlarında idmançılarımızın parlaq qələbələrə imza atdığını qeyd edib. Dövlət başçısı bildirib ki, Azərbaycan beynəlxalq arenada da böyük uğurlar əldə edib: “BMT Təhlükəsizlik Şurasında Azərbaycanın mövqeyi böyük rəğbətlə qarşılanır, Qoşulmama hərəkatına üzv olan 120 ölkə də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bununla da dünya birliyinin 4/3 hissəsi Dağlıq Qarabağ münaqişəsinin həllini ərazi bütövlüyü prinsipi çərçivəsində görür. Biz indi dünyada yeni tərəfdaşlar qazanırıq”.

Prezident İlham Əliyev Latın Amerikası ölkələri ilə əməkdaşlıq əlaqələrinin qurulmasının səmərəli olduğunu deyib.

Sonra Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, nəqliyyat naziri Ziya Məmmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov ilin 9 ayında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə ediblər. Prezident İlham Əliyev yekun çıxışında inflyasiya risklərinin qarşısının alınması, bir müddət öncə qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlərin davam etdirilməsi, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin daha da yaxşılaşdırılması, ölkədə məktəblərin, uşaq bağçalarının, yeni yolların tikintisi və yenidən qurulması, əhalinin qaz, elektrik və içməli suya tələbatının ödənilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı tapşırıqlarını verib.
Sahibkarlara verilən güzəştli kreditlərin həcminin gələn il 300 milyon manat olacağını bildirən prezident İlham Əliyev 2013-cü ildə büdcə xərclərinin 20 milyard manat, icmal büdcənin 30 milyard dollardan çox olacağını deyib. Dövlət investisiya proqramının bu ilin sonuna qədər qəbul olunmasının vacibliyini qeyd edən dövlət başçısı ölkədə qaz hasilatının artdığını, “Ümid” yatağından qazın hasilatına başlandığını deyib və bir daha TransAnadolu qaz kəməri layihəsinin əhəmiyyətinə toxunub. Dövlət başçısı ölkədə nəqliyyat infrastrukturunun daha da genişləndirilməsi, sənayeləşmə prosesinin, Bakı və ətraf qəsəbələrin inkişafının sürətləndirilməsinin əhəmiyyətindən danışıb. Dövlət başçısı bu yaxınlarda ölkəmizdə keçirilən 2-ci Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən danışıb, onun yekunlarının səmərəli olduğunu deyib və Azərbaycanın uğurlarını bundan sonra da davam etdirəcəyinə əminliyini bildirib.
# 2729

Oxşar yazılar